“Mənim günahım” sevməksə...

 

Əbədi eşq barədə cəfəngiyatlar zamanın axarında yerini sərt həqiqətlərə - məsələn, evliliyin sevgini soldurması, qadının xoşbəxtlik hissini itirməsi, kişilərin ruhən yadlaşması kimi boş-bekar təxəyyül məhsullarına meydan verir. Müasir zamanda buna geri qalmış hiss deyənlər də tapılır. Amma bütün hallarda aktrisa, balet ulduzu, ümumən sevgisini əbədiyyət üçün mumiyalayan qadınlar mümkünsüz səadətdən dibi görünməyən bədbəxtlik quyusuna yuvarlanmağa məhkumiyyət yaşayırlar...

 

Bütün zamanlar üçün qadınların problemə çevirdiyi bu münasibət ətrafında köhnə-yeni baxışlar Akademik Milli Dram Teatrının səhnəsində toqquşdu. Martın 18-də təxminən yarıməsrlik fasilədən sonra Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri yenidən tamaşaçılarla görüşdü. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Anşlaqla keçən premyerada romantik orta nəsillə hər şeyə “mız” qoyan realist gənc nəslin maraqlı bir dialoqu da yarandı. Bu mimikareaksiya dialoqunda yeganə ortaq nöqtə müəllifin xüsusi diqqət çəkdiyi insan münasibətləri və onun zamanın burulğanında aldığı yaralara təəssüf idi.

Pyesin “Mənim günahım” adlandırılması eyni dərəcədə həm dövrünün adlı-sanlı balerina obrazı olan Nurcahan xanıma (Xalq artisti Məleykə Əsədova), həm də onun həyat yoldaşı Sahibə (Əməkdar artist Elşən Rüstəmov) aiddir. Əslində bədbəxt olmaq, özünün dünyanın ən miskin adamı hiss etmək üçün heç bir səbəb yoxdur. Bir-birini sevən, 15 illik ailə həyatları səmimi məhəbbət üzərində qurulan Nurcahanla Sahibin sonda ayrılması yalnız bir sınaq təsiri bağışlasa da, insan ikili münasibətlərdəki çatların məhz adi səbəblərdən baş qaldırdığının şahidi olur. Belə situasiyanın baş verməsi sırf Nurcahanın bir qadın, bir sənət adamı və işində-peşəsində yüksək pilləyə çatmış insan kimi böhran dövrünü - yaşının 40-a çatması ilə səhnədən getmək qərarını - ağrılı keçirməsinin fəsadından başqa bir şey deyil. Nə Sahib kimsəsiz, kasıb tələbə olanda onun şəxsi keyfiyyətlərini görüb sevən Nurcahan günahkar deyil, nə də indi şəhər idarəçiliyində ən yüksək vəzifələrdən birinə çatan Sahib. Sadəcə olaraq, bu bir sınaqdır. Və inanmamaq çox çətindir ki, belə səmimi, duyğusal, bir-birinin dəyərini bilən iki şəxs bu sınaqdan çıxmayacaqlar...

Pyesin adındakı ifadə gənc ikən dara düşdüyü vaxtlarda ona kömək əlini uzatmış, indi isə bunun əvəzini gözləyən “dost”larının təzyiqinə məruz qalan Sahibə deyil, Nurcahana aid edilir. Ümumiyyətlə, tamaşanın Məleykə Əsədovanın benefisi ruhunda qurulduğunu demək olar. Tamaşa boyu təəssürat bir idi: Nurcahan oynayır, digərləri səhnədə onun oyununda itməmək üçün çarpışır. Hərçənd, ikinci dərəcəli rolların mahir ifaçılarının da uğurlu oyunu yox deyildi.

Əslində baş rol ifaçısının personajının yaş, peşə, yaşadığı dövr uyğunluğu, mövzunun aktuallığı aktrisaya rolunun öhdəsindən kifayət qədər uğurla gəlməyə imkan vermişdi. Onun hətta dialoqları da monotamaşa təsiri bağışladı. Bu, əlbəttə, qəribə göründü. Amma ümumi planda bir sönüklük, NurcahanSahib rollarının ifaçıları arasında ruhi təmasın, əlaqənin sezilməməsi bu qəribəliyi daha da qabartdı. Uzun illik evliliyi, qadının özünü oda-közə vuraraq etdiyi etirafları, axıtdığı göz yaşları, hədsiz çırpınışları bütün oyun texnikalarına rəğmən aktrisanın bir klipdə ölmüş sevgili arxasınca heyhatından başqa bir şey deyildi.

Yəqin elə bu səbəbdən də tamaşanın sonunadək Sahib “dirilə” bilmədi. Özünün oyun texnikası, səhnə maneraları, ən əsası aktyor cazibəsi olan ifaçı sadəcə replikalarını səsləndirib yox olmaq sindromu yaşayırmış kimi miskin idi.

Baş rol ifaçısına gəlincə o, sadəcə öz tamaşasını, öz rolunu ifa etdi. Özübu ifadə təsirsiz və ya süni deyildi. Əsas fonu barokko üslubunda olan, vaxtaşırı balet sənəti elementləri də əlavə edilən səhnəyə aktrisa hər dəfə müxtəlif zərif libaslarda çıxdı. Hətta balerina kostyumunda da. Balerinanın bu libasda səhnədə nümayişi elə də estetik alınmamışdı. Sanki özünün gözəl bədən quruluşunu, hətta balet ifa edə bilmək məharətini də göstərməyə çalışan aktrisa bu epizodda o qədər də uğurlu görünmədi.

Digər aktyorlar (Xalq artisti Hacı İsmayılov - Tahir, əməkdar artistlər Əjdər Həmidov - Almurad, Hicran Nəsirova - Gözəl, aktyorlar Nigar Məmmədova - Ayqız, Elnar Qarayev - Xansu, Rüstəm Rüstəmov - Səxavət, Ləman İmanova - Natəvan, Cümşüd Zeynalov - Ceyranzadə) rejissorun biçdiyi ifa maneralarını qüsursuz çatdırdılar.

Ümumi planda tamaşa uğurlu sayılmalıdır. Çünki dramaturji material ideya oyun mexanizmləri bütün səhnə elementlərindən yuxarıda dayandığından baxılmağa alqışlanmaya layiqdir.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 6.