Bahar oğlunun
xatirəsi anılıb
Martın 18-də Cəfər Cabbarlının ev-muzeyində dramaturqun anadan olmasının 116-cı ildönümü münasibətilə mərasim keçirildi.
Qonaqları salamlayan muzeyin direktoru Qəmər Seyfəddinqızı babasının irsi və həyatı haqqında danışdı. Filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli Cəfər Cabbarlının ədəbi-ictimai fəaliyyəti, Azərbaycan teatr və kinosuna verdiyi töhfələrdən bəhs etdi. Qeyd olundu ki, ömrünün 20 ilini yaradıcılığa həsr edən Cəfər Cabbarlı dram əsərləri, şeirləri, poema və hekayələri, tərcümələri ilə ədəbiyyatımıza böyük töhfələr verib.
Milli Konservatoriyanın dosenti Firudin Qurbansoy, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Sənan Talıbov, C.Məmmədquluzadənin Bakıdakı ev-muzeyinin direktoru Pəri Mahmudova ədibin zəngin yaradıcılığından, əsərlərinin ideya-bədii məziyyətlərindən danışdılar. Bildirildi ki, Cəfər Cabbarlı zəngin yaradıcılığı ilə gələcək nəsillərə qiymətli irs yadigar qoyub. Onun bir çox əsərləri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 20 mart.-
S. 5.