Səməd Vurğunun ev-muzeyinin direktoru Aygün Vəkilova vəfat edib

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Səməd Vurğunun nəvəsi, şairin ev-muzeyinin direktoru Aygün Vəkilova 2015-ci il 18 mart tarixində vəfat etmişdir.

Vəkilova Aygün Gavə qızı 1958-ci il avqustun 2-də Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.

Aygün Vəkilova Səməd Vurğunun ev-muzeyində müxtəlif vəzifələrdə çalışmışdır. O, muzey işindən əlavə şairin yaradıcılığının tədqiqatı ilə də məşğul olmuş, ilk dəfə latın qrafikası ilə müəllifin "Aygün" poemasını, Səməd Vurğunun ömür-gün yoldaşı Xavər xanıma həsr olunmuş "Xavərə" kitabını, şairin tərcümə etdiyi A.S.Puşkinin "Yevgeni Onegin" poemasını, "Yüz ilVurğuna Xavər yar olsun..." adlı kitab-albomunu nəşr etdirmişdir.

Azərbaycan poeziyasının klassiki Səməd Vurğun yaradıcılığının təbliği və tədqiqi işində göstərdiyi xidmətlərinə görə 2007-ci ildə “Səməd Vurğun Mükafatı"na, 2008-ci ildə isə “Tuti Bikə Mükafatı"na layiq görülmüşdür. Söz sənətinin inkişafında xidmətlərinə, mətbuatda dərc olunan yazılarına görə "Vışka" qəzetinin nəzdində fəaliyyət göstərən "Neftçi" ədəbi məclisinin fəxri fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təbliğində fəal iştirakına görə teatrın Fəxri diplomu ilə təltif olunmuşdur. 2011-ci ildə UNESCO nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin üzvü seçilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Aygün Vəkilovanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun ailəsinə, yaxınlarına Allahdan səbir diləyir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 5.