Novruz - baharın səsi
Martın
18-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin “İçərişəhər” Tarixi Muzeyi və DA-ART” təsviri
incəsənət mərkəzinin birgə təşkilatçılığı
ilə “Baharın səsi” adlı tədbir keçirildi.
Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru Alla Bayramova açaraq bildirdi ki, Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökləri ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.
Xalq rəssamı Arif Hüseynov qeyd etdi ki, Novruz həm də xalqımızın təbiətə bağlılığından irəli gələn və ona duyulan sevgidən təşəkkül tapan ulu bir bayramdır. Millətimizin öz həyat fəlsəfəsindən, təbiət düşüncəsindən doğmuş yaz bayramının hər gəlişi böyük coşqu ilə qarşılanıb.
“DA-ART” təsviri incəsənət mərkəzinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Dilarə Atakişiyeva, “İçərişəhər” Tarixi Muzeyinin baş mütəxəssisi Fidan Seyidova çıxış edərək Novruz bayramından və milli adət-ənənələrimizdən söhbət açdılar.
Çıxışlardan sonra Bakı Uşaq Teatrı “Günay” uşaq studiyasının üzvləri Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar və milli rəqslərimizi ifa etdilər. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı və solistlərinin ifasında Ü.Hacıbəylinin T.Quliyevin və R.Hacıyevin mahnıları səsləndirildi. Tədbir çərçivəsində muzeyin foyesində gənc rəssamların 16 batika, 20 kukla və 105 rəsm əsəri nümayiş olunurdu.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 20 mart.-
S. 4.