“Euronews”
kanalında Azərbaycandakı alman izləri haqqında
veriliş
"Euronews" telekanalı ilə əməkdaşlıq çərçivəsində fransız jurnalisti Monika Pinnanın təqdimatında "Life" proqramında ölkəmizin müxtəlif şəhərlərinə həsr olunmuş "Azərbaycan həyatı" adlı silsilə videosüjetlər təqdim olunur. Növbəti veriliş Göygöl şəhərinə həsr olunub.
Verilişdə XIX əsrin birinci yarısı və XX əsrin əvvəllərinədək etnik almanların Azərbaycana köçməsindən bəhs olunur. İlk alman kolonistlərinin əsasını qoyduqları Helenendorf qəsəbəsindən (indiki Göygöl şəhəri) bəhs olunan verilişdə buradakı alman mədəniyyəti izlərindən söz açılır. Almanların Qafqazdan, o cümlədən Azərbaycandan 1941-ci ildə sürgün edildikləri diqqətə çatdırılır.
Göygöl şəhərində yaşamış alman icmasının son nümayəndəsi olan Viktor Klyaynın evinə də baş çəkən Monika Pinna bu evin gələcəkdə Azərbaycan almanlarının tarixi ilə bağlı muzey olacağını qeyd edir.
Almanların əsasən şərabçılıqla məşğul olduqları vurğulanan verilişdə burada 1860-cı ildə ilk şərab zavodunun əsasının qoyulduğu bildirilir.
Qeyd edək ki, “Euronews" kanalının "Life" proqramında ölkəmizlə bağlı növbəti buraxılış Lahıca həsr olunacaq.
Dünyanın 150 ölkəsində 300
milyondan çox auditoriyaya malik olan "Euronews"
aparıcı beynəlxalq xəbər kanallarından biri hesab
edilir. Mədəniyyət və Turizm Nazirliyinin telekanalla əməkdaşlığı
çərçivəsində ölkənin turizm və mədəniyyətindən
bəhs edən reklam çarxları yayımlanır.
Mədəniyyət.- 2015.- 1 may.-
S. 15.