Berlində azərbaycanlı rəssamın sərgisi

Almaniyanın paytaxtı Berlindəki “Gallery Schulz” qalereyasında tanınmış Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin “Ruhun rəqsi” adlı fərdi sərgisi açılıb.

Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə gerçəkləşən sərginin açılışında qalereyanın sahibi Mixael Şultz çıxış edərək Azərbaycana səfərindən, ölkəmizin zəngin incəsənəti ilə tanış olmasından söhbət açıb. O, A.Əzizin yaradıcılığını Azərbaycan sovet incəsənəti ilə müasir Azərbaycan incəsənəti arasında bağlayıcı kimi dəyərləndirib. Tədbirdə çıxış edən Arif Əziz bildirib ki, sovet dövründə incəsənətdə abstraksionizm üslubuna müraciət etmək yasaq idi. Azərbaycan müstəqil dövlət olandan sonra rəssamların yaradıcılığına yeni nəfəs verilib, bütün qadağalar aradan qaldırılıb. O, fırçasından çıxan əsərlərdə yaratdığı rəmzi qadın, milli kolorit, Azərbaycanın əsrarəngiz təbiəti, caz musiqisini tərənnüm edən obrazlar haqqında danışıb.

Tədbirdə qeyd olunub ki, Arif Əzizin əsərləri bədii zənginliyi və müxtəlifliyi ilə Azərbaycan təsviri sənətində özünəməxsus yer tutur. Onun yaradıcılığı özündə milli islam incəsənət ənənələri ilə müasir Qərb incəsənət elementlərini unikal şəkildə birləşdirir. O, hər zaman insan obrazını Azərbaycandakı müxtəlif memarlıq üslubları ilə sintez etməyə çalışıb və buna nail olub. Bu sintezi incəsənət aləmində yeni istiqamət kimi inkişaf etdirib və bir çox gənc Azərbaycan rəssamlarına öz müsbət təsirini göstərib.

Qeyd edək ki, Almaniyanın “Berlin TV” kanalı Arif Əzizin fərdi sərgisi haqqında geniş reportaj hazırlayıb.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 13.