Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşovun 70 illiyi qeyd edilib

Salyan Rayon İcra Hakimiyyətində Sarvan kənd mədəniyyət evinin müdiri, Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşovun 70 illiyinə həsr olunmuş tədbir keçirilib. İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tədbiri açaraq Cahangir Qaraşovun ömür yolundan danışıb. Qeyd olunub ki, 1945-ci ildə rayonun Sarvan kəndində anadan olan Cahangir Qaraşov Bakı Kitabxanaçılıq Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Rayonun Şorsulu kənd klubunda müdir, Azərbaycan Televiziya və Radio Komitəsində rejissor köməkçisi, A.Şaiq adına Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib.

1972-ci ildə rayon Mədəniyyət evində kukla dərnəyi yaradıb. Dərnək 1975-ci ildə kukla xalq teatrı, 1994-cü ildə isə dövlət kukla teatrı statusu alıb. C.Qaraşov İspaniyada dünya folklor festivalında laureat adına layiq görülüb, Ukraynada, Estoniyada Azərbaycan mədəniyyəti ongünlüklərində iştirak edib.

1986-cı ildə «Rəşadətli əməyə görə» medalına, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri mədəniyyət işçisi» döş nişanına, 2014-cü ildə ölkə başçısının sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

Çıxış edənlər yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Kukla teatrının kollektivi səhnəciklər göstərib, məktəblilər şeirlər səsləndiriblər.

Sonda İcra Hakimiyyətinin başçısı yubilyara fəxri fərman və hədiyyə təqdim edib.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 11.