Mədəniyyət
və turizm naziri Naftalan şəhərində vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri hər ay
bölgələrdə vətəndaşların qəbulunu
keçirirlər. Mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin sakinlərlə növbəti
görüşü aprelin 29-da Naftalan şəhərindəki
Heydər Əliyev Mərkəzində gerçəkləşib.
Nazir Naftalan və Gəncə şəhərlərindən,
eləcə də Daşkəsən, Göygöl, Kəlbəcər
və Samux rayonlarından vətəndaşları qəbul
edib.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətləri dinlənilib. Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix-mədəniyyət abidələrinin bərpası və s. məsələlərlə bağlı olub.
Yerlərdə muzey bələdçilərinin qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə təlim və dil kurslarına cəlb edilməsi, rayonlara tanınmış incəsənət ustalarının ezam edilməsi, yaradıcılıq görüşlərinin təşkili, kitabxanaların metodiki vəsaitlərlə, uşaq ədəbiyyatı və jurnallarla, uşaq musiqi məktəblərinin musiqi əsərlərinin klavirləri ilə təminatı, mədəniyyət evlərinin səhnə ləvazimatı ilə təchiz edilməsi barədə xahişlər edilib. Bölgələrdə qocaman ədəbiyyat, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsi, yerli müəlliflərin əsərlərinin tamaşaya qoyulması ilə bağlı təkliflər səsləndirilib. Həmçinin Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sistemində Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin qərb bölgəsi üzrə səyyar kurslarının təşkili ilə bağlı təklif də verilib.
Gəncə Dövlət Filarmoniyasının yeni binasının tikintisi ilə bağlı dövlət başçısına və Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq ifadə olunub və şəhərdə ictimai əsaslarla Uşaq Filarmoniyasının yaradılmasına dəstək verilməsi xahiş edilib.
Göygöl şəhərində nazirliyin dəstəyi ilə yaradılacaq alman icmasının tarixi muzeyinin fəaliyyətinin təşkili, rayonda qış turizminin inkişaf etdirilməsi barədə müraciətlər edilib.
Nazir Əbülfəs Qarayev jurnalistlərə
müsahibəsində dövlət başçısının
tapşırığı ilə keçirilən bu
görüşlərin əhəmiyyətini
vurğulayıb. O, vətəndaşların təşəbbüskarlığını,
mədəniyyət və turizm sahələrində problemlərə
diqqət yetirməsinin təqdirəlayiq olduğunu qeyd edərək
qaldırılan bütün məsələlərin diqqətlə
nəzərdən keçiriləcəyini, zəruri tədbirlər
görüləcəyini deyib. Nazir ayrı-ayrı müraciətlərlə
bağlı müvafiq tapşırıq və göstərişlər
verib. Bildirilib ki, vətəndaşlarla görüşlərdə
qeyd edilən məsələlər konseptual şəkildə
daim nazirliyin diqqətindədir və müvafiq proqramlar, layihələr
çərçivəsində tədricən həllini
tapır.
Mədəniyyət.- 2015.- 1 may.-
S. 5.