Məşhur xəttatın
xatirəsi anılıb
Aprelin 29-da Bakının Yeni Suraxanı qəsəbəsində “8 Mart” adına Mədəniyyət evinin və Suraxanı Mərkəzləşmiş Kitabxana Sisteminin 2 nömrəli filialının təşkilatçılığı ilə Azərbaycanda və bir sıra Şərq ölkələrində istedadlı xəttat kimi tanınan Məşədi Mirzə Əsədullah Abdin oğlunun xatirəsinə həsr edilmiş xatirə gecəsi keçirilib.
"Sənətkar xəttatın imzası" adlı tədbirdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları, ziyalılar Mirzə Əsədullahın keçdiyi ömür yolundan söhbət açıblar. Bildirilib ki, 1882-ci ildə Suraxanı kəndində doğulan Məşədi Mirzə Əsədullah Şərq dillərinə yaxından bələd olub. Vaxtilə məşhur “İsmailiyyə” binasının memarı polyak Ploşko həmin binanın fasad və divarlarında ornament yazılarını ona sifariş edib.
Bakı Dövlət Universitetinin ilk rektoru V.İ.Razumovski Mirzə Əsədullahın istedadına heyran qalaraq onu tələbələrə dərs deməyə dəvət edir. Sovet dövründə xəttat dini baxışlarına görə təqiblərə məruz qalsa da, Firdovsinin “Şahnamə” əsərini, “Quran” surələrini dəqiqliklə və gözəl yazı üslubunda həkk edib, xəttatlıq sənətimizə böyük töhfələr verib.
Xatirə gecəsinin sonunda xəttatın
yaxın qohumu Afət Ağayeva çıxış edərək
tədbirin təşkilatçılarına təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2015.- 1 may.-
S. 10.