«Şahdağ»
Turizm Mərkəzinə 97 min turist gəlib
Builki qış mövsümündə Qusar rayonundakı «Şahdağ» Turizm Mərkəzinə 97 min nəfər turist gəlib. Bu barədə qəzetimizə açıqlama verən mərkəzin müştərilərlə iş şöbəsinin müdiri Aygün Həsənovanın sözlərinə görə, turistlər arasında əcnəbi vətəndaşların sayı ötən ilə nisbətən daha çoxdur. Mərkəzdə istirahət edənlərin 20 faizi Azərbaycanda yaşayan və işləyən əcnəbi vətəndaşlar olub. Bundan başqa, xarici ölkələrdən «Şahdağ»da dincəlmək istəyənlərin sayı artıb. Türkiyə, İran, Rusiya, Almaniya, İspaniya, İsveçrə və Avstriyadan gələnlər daha çoxdur.
Aygün Həsənovanın dediyinə görə, turizm mərkəzində dincələn turistlərin 40 faizi xizək enişlərindən, 60 faizi isə kanat yollarından istifadə edib.
Qeyd edək ki, «Şahdağ» Turizm Mərkəzində qış turizm mövsümünə dekabrın 20-dən start verilib və aprelin 2-də yekunlaşıb. Yay turizm mövsümü isə rəsmi olaraq iyunun 20-dən başlayacaq. Mərkəz əməkdaşı yay mövsümündə turistləri bir sıra yeniliklərin gözlədiyini də diqqətə çatdıraraq bildirdi ki, açıq havada hovuz qonaqların ixtiyarına veriləcək. Burada həftəsonları müxtəlif su əyləncələri təşkil olunacaq.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2015.- 1 may.-
S. 9.