65 yaşın qəhqəhəsi
Və ya birhissəli üçpərdəli yubiley
Adamlar yaşa
dolduqca bir ayrı ovqata köklənirlər. Çöhrələrində
nisgilə qarışan inciklik, yorğunluq, bir az da hər
şeyə inad işartıları qalır. Hər sözdən
umu-küsülü və kövrək olurlar. Bu xüsus sənət
adamlarına daha çox yaxındır. Amma onların
arasında işıqlı səhnələrdən gediş
simfoniyasındakı son akkordların qəmli nota köklənmə
aqibətindən heç qorxmayanları, əksinə,
yaşın yaşını verməyənləri də var.
Ştamplanmış aktyor oyunu anlayışlarını səhnəyə hər çıxışında darmadağın edən, ən kiçik obrazında belə manevr etməyi bacaran, istənilən rolunu öz ələyindən keçirən və hər halında orijinallığı ilə seçilən sənətkarlar arasında onun adı xüsusi qeyd olunmalıdır. Çünki çöhrəsindən aktyor xarakteristikasına hər halı, hər janrı bir sinidə tamaşaçıya vermək sanki onun boyuna biçilib. Yəqin elə ona görə də 65 yaşında da oynaq aktyor üslubunu, səhnə diktəsi və sədaqətini itirməyib.
Bunu aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Cəfər Namiq Kamalın 65 illik yubileyinə toplaşan, onun şəninə söylənən fikirlərə alqış yağdıran, yumor dolu dost təbriklərinə qoşulub qəhqəhələrə qərq olan hər kəs aydın dərk etdi.
Bu gecə orijinallığı ilə digər yubiley tədbirlərindən fərqləndi. Əslində, bir sənətkarın sənət ömürlüyünün təntənəsinin səhnə təcəssümünün məhz bu xüsusda - səmimi, sadə, ekspromtlarla zəngin bir səhnə ola biləcəyini göstərdi. Bu barədə bir qədər sonra...
Birinci pərdə: danışaq
Yubiley təbriklərini teatrın foyesindəki çoxsaylı sənətsevərlərdən alan sənətkarla, qısa da olsa, söhbətləşmək imkanı qazandım. Onunla yaşlanma sindromundan yeni obrazlar arzusunadək bir zaman tunelindən keçdik.
- Nə əcəb belə yubiley istədiniz - sadə, təmtəraqsız, kürsü-tribunasız?
- Mənim oturan vaxtım “döyül” axı (gülür). Hələ ki gəzirik, hərəkətdəyik. Qısa ömrümüzü bu sənətə həsr elədik. Onu oturmaqla keçirsək, adama nə deyərlər?! Nə qədər canda su var, beyin işləyir, ürək vurur, gərək nə isə təzə işlər olsun.
- Rejissorun aktyora sərbəstlik verməsi hər zaman uğurlu olur?
- Ümumiyyətlə, sərbəstlik verilməli, sonra artıq şeylər yığışdırılmalıdır. Çünki sərbəstlik olmayanda adam məngənəyə düşür, öz imkanlarını göstərə bilmir. Onu da deyim ki, aktyorun tapdığı improvizələr çox şirin və yerində olur. Maraqlıdır ki, bu da daim tamaşaçının xoşuna gəlir.
- Azərbaycan teatrında aktyorların bir ampluaya sığışdırılması da var...
- Bu, aktyorun istedadını, potensialını tam məhdudlaşdırır. Aktyor bir ampluada olmamalıdır. Onun hər mövzu və janrda oyunu qəbul olunmalıdır. Dramatik və ya komik kimi aktyor qütbləşməsini bu mənada qəbul edə bilmirəm. Biz əgər insan mühəndisiyiksə, hər bir xarakteri ifadə edə, yarada bilməliyik.
- Aktyorların yaşı artdıqca arzuladıqları rolların nisgili də çoxalır. Bu hal sizdə də yaşanır?
- Aktyor taleyinə xas olan haldır. Məndə də var. Daim “Müfəttiş”də Xlestakovu oynamaq istəmişəm. Sadəcə, bəxtimdən o əsər hazırlanmayıb. İndi də o yaşda deyiləm. Hə, mən bir də “Sevil”in Balaşını oynayardım. Özü də oynanılanlar kimi yox. Çünki o, tam başqa tipdir və onu - dəyişən, məhvə sürünən, şəhvətində məhv olan tipi yaradardım. Yəni onu elə oynayardım ki, Balaş səhnəyə çıxanda tamaşaçı onun başına nə isə vurmaq həddinə çatsın (gülür).
- Deməli, hər zaman rollarınızın həyatdakı prototiplərini axtarırsınız?
- Bəli, o olmasa rol alınmaz. Daha doğrusu, sönük və rejissor diktəsinin icrasından başqa bir şeyə bənzəməz.
- Siz daha çox dramatik aktyor ola bilərdiniz. Amma əksər kişi qəhrəmanlarınız arvadından qorxan ərlər, qadın düşkünləridir.
- Rolum elə tələb edəndə elə oluram. Əslində, həmin obrazları ifa edəndə özümü o arvaddan qorxan kişinin yerinə qoyub xeyli gülürəm. Özüm güləndən sonra tamaşaçını da güldürə bilirəm.
- Yəqin bu mənada aktyorun xarakterik rolların ifaçısı kimi təqdimatına fərqli baxışınız var.
- Aktyor rolu ilə böyüyür və formalaşır. Amma o, hər obrazı yaratmağı bacarmalıdır. Yəni təlxəyi oynaya bilməyən aktyor heç yaxşı hökmdarı da canlandıra bilməz. Sırf xarakterik rollara hesablanan, özünü ona proqramlaşdıran aktyorun potensialına və istedadına şübhə edirəm.
- Aktyorlarda bəzən 50 yaşdan sonra əvəzolunmazlıq prosesi başlayır. 65-dən baxanda bunu özünüzdə tapa bilirsinizmi?
- Mən elə adamları anlamıram. Biz son dəqiqəyə kimi yaratmalıyıq, yenilik etməliyik, özümüzdən sonra nəsə bir irs qoymalıyıq.
- Gənclərlə orta və yaşlı nəslin səhnə dialoqu necədir?
- Mən gəncləri çox istəyirəm. Təbii ki, istedadlılarını. Lazım gələndə fikrimi də bildirirəm, yol göstərirəm. Amma istedadsızlar həyasız olurlar və mənim onlarla heç aram yoxdur.
- Sonda yeni rollarınızdan danışaq...
- Mayın ortalarında Rəhman Əlizadənin “Laləli düzən” komik tamaşasında Şah obrazı ilə qarşınıza çıxacam.
İkinci pərdə: dinləyək
Akademik teatrın səhnəsində təbriklər sırası başlandı. İlk olaraq “ev sahibi”, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov aktyoru yubileyi münasibətilə təbrik etdi. Onu uşaqlıqdan tanıdığını, qardaşı, Xalq artisti İlham Namiq Kamalla eyni məktəbdə oxuduqlarını dedi, uşaqlıq və gənclik illərini yada saldı.
Səhnədəki sənətkar düzülüşü - Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azərpaşa Nemətov, Dövlət Musiqili Teatrının əvəzsiz aktyoru, böyük qardaş İlham Namiq Kamal, akademik teatrın sevilən sənətkarları - xalq artistləri Ramiz Novruz, Firəngiz Mütəllimova, Əməkdar artist Mehriban Xanlarova sanki bir tamaşa qurmuşdular. Dost şarjları, sənətkar qiymətləndirmələri, səhnəarxası məqamların xırdalanması bir-birini əvəzlədikcə zal qəhqəhəyə qərq olurdu.
İsrafil İsrafilov: “Bu gün teatr sənəti üçün əlamətdar bir gündür. Çünki bu sənətin inkişafı, yetkin sənətkarlarla zəngləşməsində səbəbkar aktyorun öz yeri var”.
Azərpaşa Nemətov: “Mənimçün bu tədbirdə olmaq böyük şərəfdir. Cəfərin yaradıcılıq yolu gözlərim qarşısındadır. Dram dərnəyindən başlanan bu yol pillə-pillə ucaldı”.
Firəngiz Mütəllimova: “Cəfər sənətdə öz sözünü deyən, tamaşaçını ilk replikalarından səhnəyə bağlayan sənətkardır”.
Mehriban Xanlarova: “Cəfər səhnəyə, sənətə və dostlarına sadiq sənətkardır. İnanıram ki, 44 illik səhnə ömürlüyü olan sənətkarın bundan sonra da yeni obrazlarını alqışlayacağıq”.
Ramiz Novruz: “Onu uzun illərdir tanıyıram və istər dost, istərsə də sənət yoldaşı kimi sevə-sevə izləyirəm. Aktyor ambisiyalarından uzaq, stabil xarakteri ilə seçilən, sadəcə sənətinə bağlı olan sənətkardır”. Sonra bir neçə pərdəarxası məqamları tamaşaçılarla bölüşən R.Novruz teatrın kollektivi adından sənət dostuna təbriklərini çatdırdı, aktyorun təltif olunduğu fəxri fərman və mükafatını yubilyara təqdim etdi.
Təbrikə Cəfər Namiq Kamalın əvvəllər çalışdığı Gənc Tamaşaçılar Teatrının aktyorları - xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar artist Almaz Mustafayeva da qoşuldu. Hazırladıqları maraqlı səhnəciklə aktyora sənət sovqatlarını vermiş oldular. Sonra Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-in təsis etdiyi “Teatrın dostu” nominasiyasındakı mükafat yubilyara təqdim edildi.
Təbrik estafeti böyük qardaşa çatdı. İlham Namiq Kamal: “Bu gün ailəmiz üçün xoş gündür. Bizim Cəfərin 65, bəlkə də 5-6 yaşı tamam olur. Həm böyüyüb, həm də məsum uşaq təmizliyində qalıb. Çünki o da teatrı məbədgah bilib, onun müqəddəsliyini anlayıb, ona xidmət edib”.
Cəfər Namiq Kamal: “Bu gözəl sözlərə görə təşəkkürümü bildirirəm. Mən heç gözəl sözləri danışmağı da bacarmıram. Yəqin bir neçə dəqiqədən sonra səhnədə çıxışımı izləməklə səhnə sözümü dinləmiş olacaqsınız”.
Üçüncü pərdə: alqışlayaq
Sonra pərdələr açıldı. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin ölməz komediyası əsasında hazırlanan “Lənkəran xanının vəziri” tamaşası nümayiş olundu.
Müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilmiş komediyanın bu quruluşunda milli kolorit, şən yumorla yanaşı, XIX əsrin əvvəllərində hökm sürən idarəçilik üsulları sarkazmın hədəfinə çevrilir. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi zamanı təhlükəsizlik tədbirləri ilə başlayır. Hadisələrdən məlum olur ki, vəzir Mirzə Həbib öz vəzifəsini qorumaq üçün baldızı Nisə xanımı Xana ərə vermək fikrindədir. Nisə xanım isə Xanın qardaşı oğlu Teymur ağanı sevir. İki arvadının, qaynanası Pəri xanımın və baldızı Nisə xanımın kələkləri Mirzə Həbibi gülünc vəziyyətə salır. Tamaşa xoşbəxt sonluqla, dənizdə batan Xanın yerinə Teymur ağanın xan seçilməsi və sevgilisinə qovuşması ilə bitir.
Zəngin milli geyimlərimizlə, aktyorların koloritli oyunları ilə bizi XVIII əsrin sonlarına, XIX əsrin əvvəllərinə aparan səhnə əsəri ideya-bədii xüsusiyyətləri ilə təsirlidir.
Cəfər Namiq Kamalın Mirzə Həbib rolunda çıxış etdiyi tamaşa sürəkli alqışlarla qarşılandı.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 1 may.-
S. 6.