“Bu festival iki əsrin
musiqi ideyasını daşıyır”
20-24 aprel tarixində
Bakıda keçirilən Qara Qarayev VI Müasir Musiqi
Festivalı rəngarəng proqramı ilə mədəni
hadisəyə çevrildi. Festival çərçivəsində
təşkil olunan konfrans, təqdimat və konsertlər
müasir musiqi dünyasında baş verən yeniliklərin
paylaşılmasına, fikir mübadiləsinə şərait
yaratdı. Beynəlxalq tədbirdə iştirak edən bir
neçə musiqi xadiminin festivalla bağlı təəssüratlarını
öyrəndik.
Kristof Jaggin, məşhur gitara ifaçısı (İsveçrə)
- İlk dəfədir bu festivalda iştirak edirəm. Amma azərbaycanlı musiqiçi dostlarımın sayəsində Qara Qarayevin musiqi dünyası haqqında xeyli məlumatlıyam. Festivalın zəngin proqramı var. Bu da tədbirdə iştirak edən qonaqlar və yerli auditoriya üçün sənət nümayişi, yeni bəstəkarlar və yeni əsərlərlə tanış olmaq, fikir mübadiləsi etmək baxımdan geniş imkan deməkdir. Festival yüksək səviyyədə təşkil edilib.
Marianna Vısotskaya, Moskva Dövlət Konservatoriyasının professoru, orqan ifaçısı
- Ötən festival çərçivəsində Bakıda solo konsertim gerçəkləşdi. Çalışıram ki, bu mötəbər musiqi bayramında mütəmadi iştirak edim. Artıq üçüncü dəfədir arzum reallaşır. Şəhərinizi də çox sevirəm. Təəssüratlarım son dərəcədə zəngindir. Festivalın proqramı elə rəngarəngdir ki, bu əsərlərin əksəriyyətini illərlə Rusiyada eşitmək qeyri-mümkündür. Ona görə ki, bizim orkestrlər asan ifaya və dinləyici üçün asan qavrana bilinən əsərlərə üstünlük verirlər. Festivalda məruzələrlə çıxış etdim. Artıq neçə illərdir ki, tanınmış bəstəkar Fərəc Qarayevin yaradıcılığını araşdırıram, doktorluq dissertasiyamı da onun musiqisinə həsr etmişdim. Bu mövzuda monoqrafiyam da çap olunub.
Yuliya Dmitrikova, musiqişünas (Rusiya)
- İkinci dəfədir bu festivalda iştirak edirəm. Qara Qarayev Azərbaycan musiqisində çox mühüm xidmətləri olan bəstəkarlardan biridir. Onun musiqiyə gətirdiyi yeniliklər sizin müasir musiqinizi dünya səviyyəsinə qaldıraraq bəşəriyyətin ən öndə gedən inciləri sırasına çıxara bilib. Təkcə Azərbaycan deyil, uzun illər sovet məkanının da müasir musiqisi məhz Qara Qarayevin adı ilə bağlı olub, desəm, yanılmaram. O, Azərbaycanda müasir musiqinin simvoludur.
Festival çərçivəsində dünyanın müxtəlif yerlərindən belə bir musiqiçi palitrasını bir araya yığmaq təşkilatçılardan böyük zəhmət tələb edir. Proqramda Azərbaycan və Rusiyanın birgə layihəsi olan “Sevgi hekayətləri” XX əsrin vokal musiqisi mövzusuna özünəməxsus variasiya rolunu oynayır.
Festivallar yaradıcı əlaqələr üçün mühüm hadisələrdir. Əvvəllər bir ittifaqda olmuş hazırkı müstəqil dövlətlər bir-birinin musiqi dünyasında baş verən hadisələrdən xəbərdar olmalıdırlar. Bu işdə Azərbaycanın rolunu qiymətləndirmək gərəkdir. Ölkəniz bu sahədə, mədəni əlaqələrin qarşılıqlı mübadiləsində mühüm addımlar atır. Bu festival Şərq elementlərinin zənginliyini, Qərb texnikasını bir araya gətirən körpü rolunu oynayır.
Rauf Fərhadov, professor (Azərbaycan)
- Qara Qarayev musiqi festivalı digər musiqi tədbirlərindən fərqlənir. Bu festival hər dəfə musiqi sənətində müxtəlif təsəvvürləri, formaları özündə ehtiva edən yeni bir musiqi məkanına çevrilir. Bilirsiniz ki, budəfəki layihə XX-XXI əsrin vokal musiqisinə həsr edilib. Festival çərçivəsində dinləyicilərə çox maraqlı proqram təqdim edilib. V.Lutoslavski, J.Vittenbax, V.Tarnopolski, K.Saariaho, B.Furrer, J.Tavener, A.Vustin, İ.Hacıbəyovun əsərləri dinləyicilərin yeni vokal məkanlarına xəyali səyahəti olacaq. Festival iki əsrin musiqi ideyasını daşıyır. Bu, bir mənada çoxəsrlik böyük ənənənin davamıdırsa, başqa tərəfdən də çağdaş musiqinin çoxşaxəli anlayışlarını özündə ehtiva edir.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 1 may.-
S. 5.