Kulinarlarımızın növbəti uğuru

Aprelin 28-də Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun rəhbərliyi ilə qurumun Bosniya-Herseqovinanın Sarayevo şəhərində və Çernoqoriyanın Budva şəhərində keçirilən beynəlxalq kulinariya çempionatında iştirakının nəticələrinə dair mətbuat konfransı keçirilib.

T.Əmiraslanov komandamızın bu yarışlarda 2 qızıl, 1 gümüş 3 bürünc medal, 6 fəxri diplom qazandığını bildirib. Vurğulanıb ki, komandamızın bu qələbəsində “Azərsun Holdinq”in istehsalı olan “Super sun” və “Zeytun” yağlarının müsbət rolu olub.

Komandamız 8 ölkənin iştirak etdiyi Budva şəhərində keçirilən beynəlxalq kulinariya çempionatında da uğurlu çıxış edib. Azərbaycan bu yarışmada münsiflər heyətində təmsil olunub.

Tahir Əmiraslanov onu da bildirib ki, gələn ilin mart-aprel aylarında Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Avropa qitə konfransının Bakıda keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, aprelin 15-dən 18-dək ÜKTB-nin Avropa qitə konfransında Azərbaycan mətbəxinin təqdimatı olub. 40 ölkənin nümayəndələrinin iştirak etdiyi təqdimatda böyük səs üstünlüyü ilə 2016-cı il qitə konfransının Bakıda keçirilməsi qərara alınıb.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 4.