Naftalan şəhərində Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirilib

Əbülfəs Qarayev: “Hər bir xidmət obyektinin, mədəniyyət və turizm sahəsinin

xidmət səviyyəsi ölkəmizə münasibəti, ölkəmizin imicini formalaşdırır”

 

Aprelin 29-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi” mövzusunda Mədəniyyət və Turizm Nazirliyinin səyyar kollegiya iclası keçirildi. İclasda nazirliyin kollegiya üzvləri və məsul əməkdaşları, həmçinin Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və digər qonaqlar iştirak edirdilər.

 

Gündəliyə əsas mövzu ilə yanaşı, Mingəçevir Turizm Kollecinin elmi-pedaqoji kadr ehtiyatı və tədris prosesində innovativ yanaşmaların tətbiqi, nazirliyin “2012-2017-ci illərdə Azərbaycan Respublikasında nəşriyyat, poliqrafiya sahəsinin və kitab sənətinin inkişaf etdirilməsinə dair fəaliyyət planı” və digər məsələlər daxil edilmişdi.

 

Turizm qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir

 

Tədbiri giriş sözü ilə açan Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov şəhərin turizm imkanlarından danışdı. Bildirdi ki, şəhərin iqtisadiyyatının əsasını kurort-turizm xidmətləri təşkil edir: “Naftalan hələ sovetlər vaxtından sağlamlıq turizmi sahəsində çoxsaylı xarici qonaqları qəbul etmiş və bu gün də MDB məkanında öz müalicəvi nefti ilə məşhurdur. Son illər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Naftalan nefti ilə müalicə turizminin yüksək standartlarda turistlərə təqdim edilməsi üçün böyük işlər görülüb. Yeni turizm müəssisələri istifadəyə verilib. “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Naftalanda yeni kurort müəssisələrinin açılması, turizmin inkişafı üçün mühüm işlər davam etdirilir”.

Natiq Aslanov bildirdi ki, Naftalan şəhərinə gələn turistlərin sayında da ildən-ilə artım müşahidə olunur: “Hazırda Naftalanda 9 hotel fəaliyyət göstərir və burada da sutka ərzində 2 min nəfərdən çox insan istirahət edə bilər. Yaxın gələcəkdə bu rəqəmin 10-15 minə çatdırılması nəzərdə tutulur. Eyni zamanda Naftalana gələn turistlərin boş vaxtlarını səmərəli keçirməsi üçün yeni infrastrukturun yaradılması, Naftalan hava limanının beynəlxalq standartlara uyğun olaraq təmir edilib istifadəyə verilməsi nəzərdə tutulub”.

Kollegiyada çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərir və turizm infrastrukturu genişlənir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni turizm mərkəzləri, muzey, kitabxana, musiqi məktəbləri, digər mədəniyyət ocaqları istifadəyə verilir, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülür: “Turizm sektoru da qeyri-neft sektorunun inkişafında prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılması qədim, zəngin mədəni və tarixi sərvətlərə malik Azərbaycanın dünyaya daha geniş tanıdılmasına, həmçinin turizm sənayesinin inkişafını sürətləndirməyə yönəlmiş addım idi”.

Nazir son illər ölkəmizdə turizmin inkişafından danışdı: “Ümumdünya Turizm Təşkilatının apardığı hesablamalarda ölkə sərhədlərini keçən hər bir şəxs həmin ölkədə 3-4 gün qalarsa, orta hesabla 600-700 dollar məbləğində pul xərcləyir. 2014-cü il ərzində Azərbaycan sərhədlərini 2,5 milyondan çox insan keçib. Bu da o deməkdir ki, həmin şəxslər tərəfindən Azərbaycanda maliyyə dövriyyəsinə 1,5 milyard manata qədər pul daxil edilib. Ölkəyə turist axının daha da gücləndirilməsi üçün işlər davam etdirilir. Demək olar ki, hər il Azərbaycanda 40-dan artıq hotel, qonaq evi, yerləşdirmə obyekti açılır. Hazırda 50-yə yaxın belə müəssisənin tikintisi gedir. 2005-ci ildə Azərbaycanda cəmi 9 min yerləşdirmə yeri var idi. Bu gün isə bu rəqəm 35 minə çatıb”.

 

Beynəlxalq tədbirlər ölkəyə marağı daha da artırır

 

Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycan beynəlxalq arenada müxtəlif mədəniyyətlərin dialoq mərkəzinə çevrilib. Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr ölkəmizə marağın artırılmasına, turist axınına əlavə təkan verir: “Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq festivallar, forumlar, “Eurovision” mahnı yarışması kimi əhəmiyyətli tədbirlər nəinki paytaxt Bakıya, həmçinin bölgələrimizə də turist axınını sürətləndirir. Bu il I Avropa Oyunları kimi mötəbər idman tədbirinin keçirilməsi ölkəmizə marağı daha da gücləndirəcək. Həmçinin Avropanın mədəni turizm marşrutlarına inteqrasiyamız güclənir. Ona görə də ölkəyə gələn turistlərə mədəniyyətimizi, tariximizi layiqincə tanıtmaq və başqa mədəni xidmətləri həyata keçirmək hər birimizin borcudur. Bu məsələdə kiçik kitabxana işçisindən böyük bir hotelin rəhbərinə qədər hər bir şəxs məsuliyyətlidir. Çünki hər bir xidmət obyektinin, mədəniyyət və turizm sahəsinin xidmət səviyyəsi ölkəmizə münasibəti, ölkəmizin imicini formalaşdırır”.

 

Turizmin inkişafında təhsilin rolu

 

Turizm sənayesi həmçinin bu sahədə təhsilin inkişaf etdirilməsindən asılıdır. Nazir vurğuladı ki, turizm və bu sahədə təhsil paralel inkişaf etməlidir: “Bunlar qarşılıqlı prosesdir. Prezident İlham Əliyevin sərəncamı ilə Turizm İnstitutu Azərbaycan Turizm və Menecment Universitetinə çevrildi. Bu o deməkdir ki, biz turizm təhsilində yeni bir mərhələyə qədəm qoyduq. Artıq turizm təhsilində mərhələli təhsilə imkan yaradılıb. Azərbaycan Turizm və Menecment Universiteti və Mingəçevir Turizm Kollecində təhsil sistemi bu sahədə dünyanın qabaqcıl təhsil proqramları üzərində qurulub”.

Qeyd olundu ki, turizm müəssisələrində çalışan kadrların daim təkmilləşməsinə, öz bilik və bacarıqlarını dərinləşdirməsinə ehtiyac var: “Əgər turizm müəssisələrinin günün tələbinə uyğun kadrları olmazsa, onların işinin keyfiyyəti aşağı səviyyədə olacaq. Belə olan halda biz öz imkanlarımızı gələn qonaqlara istədiyimiz kimi təqdim edə bilmərik. Hesablamalara görə, bir turistə xidmət etmək üçün bəzi ölkələrdə 9, bəzilərin də isə 32 peşənin sahibi dolayısı ilə bu xidmətə cəlb olunur. Bu sahənin Azərbaycanda da kompleks inkişafı üçün işlər aparılır. Turizm müəssisələri də bu sahədə öz işlərini təkmilləşdirməlidir”.

* * *

Sonra məruzələr dinlənildi. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov “Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış etdi.

Digər məruzələrdə də regionda mədəniyyət və turizmin inkişaf səviyyəsi, tarixi abidələr və onların qorunması, təbliği, turizm infrastrukturunun yaradılması, nəqliyyat, ixtisaslı kadrların və müəssisələrdə çalışan işçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı fikirlər səsləndirildi, çatışmazlıq və problemlərdən danışıldı.

Nazir Əbülfəs Qarayev bölgədə lisenziyasız fəaliyyət göstərən mehmanxanaların çoxluğunu diqqətə çatdıraraq bu problemin tezliklə həllinə dair müvafiq tapşırıqlar verdi.

Sonda “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyi ilə müalicə turizmi sahəsində fəaliyyət göstərən mehmanxanalar arasında birgə əməkdaşlıq fəaliyyətinə dair niyyət protokolu imzalandı.

Gündəlikdə qeyd olunan məsələlərlə bağlı kollegiyanın qərarları qəbul olundu.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2015.- 1 may.- S. 3.