Qəmər Almaszadə haqqında kitabın təqdimatı keçirilib

Aprelin 30-da Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) ilk qadın balerinamız, milli balet məktəbinin yaradıcılarından biri, SSRİ Xalq artisti Qəmər Almaszadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ömrün səhifələri” kitabının təqdimatı olub.

 

Tədbirdə balerinanın həyat və yaradıcılığını əks etdirən fotosərgi və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşları tərəfindən Qəmər Almaszadənin fotolarından ibarət slayd nümayiş etdirilib.

Tədbirdə çıxış edən ATXİ-nin sədri, Xalq artisti Azərpaşa Nemətov Azərbaycan mədəniyyətinin dünyaya böyük töhfələr verdiyini, Şərqdə ilk baletin Azərbaycanda yarandığını, ilk balerinanın da Qəmər Almaszadə olduğunu vurğulayıb.

Xalq artistləri Fərhad Bədəlbəyli, Ağakişi Kazımov, Rəfiqə Axundova, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar jurnalist Qalina Mikeladze və digər çıxış edənlər Azərbaycanda balet sənətinin əsasını qoymuş Qəmər Almaszadə sənətindən, onun xidmətlərindən söhbət açıblar.

Bildirilib ki, görkəmli sənətkar səhnədə rəngarəng obrazlar yaradıb. Bir çox əsərlərə uğurlu quruluş verən Qəmər Almaszadə ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini layiqincə təmsil edib, ölkəmizdə və xaricdə professional rəqs ansamblları təşkil edib, şöhrəti dünyanı dolaşan məşhur tələbələr yetişdirib. Görkəmli balet ustası klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqs yaradıcılığı nailiyyətlərinin ahəngdar vəhdətini yaradıb. Səhnə fəaliyyətini başa vurduqdan sonra Opera və Balet Teatrında baş baletmeyster, balet truppasının bədii rəhbəri, quruluşçu baletmeyster vəzifələrində işləyib.

Müəllifi Aidə Qafarova olan “Ömrün səhifələri” kitabında sənətkarın yaradıcılıq yolunun ən vacib məqamlarına qısa nəzər salınıb, həyat və yaradıcılığının fotolarda əbədiləşən anları, müxtəlif illərdə onun sənət uğurlarına həsr olunmuş yazılar yer alıb. Kitabda yazılar Azərbaycan, rus və ingilis dillərində verilib.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 2.