Özbəkistan
paytaxtında Azərbaycan mədəniyyətinin təqdimatı
Daşkənddə “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusunda xeyriyyə festivalı keçirilib
Mayın 2-də
Daşkəndə keçirilən "Xalqların adət-ənənələri
və milli yeməkləri" mövzusunda xeyriyyə festivalına
50-dən çox səfirlik və diplomatik nümayəndəlik
qatılıb. Səfirliklər öz xalqlarının adət-ənənələrini
nümayiş etdirib, qonaqlara öz milli yeməklərini və
şirniyyatlarını təklif ediblər.
Tədbirdə ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iştirak edib. Qonaqlara milli xörəklərimiz - dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və s. təklif olunub. Azərbaycan yeməklərinə festival iştirakçıları böyük maraq göstəriblər.
Tədbir çərçivəsində festivalın təşkilat komitəsinə, Özbəkistandakı xarici ölkələrin səfirlərinə Azərbaycan yeməkləri və şirniyyatlarından ziyafət verilib.
Azərbaycan üçün ayrılmış guşədə xalqımızın milli musiqi alətləri, suvenirlər və həmçinin milli məişət əşyaları nümayiş etdirilib. Guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mətbəxi ilə əlaqədar nəşrlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar yer alıb.
Festival dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam edib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonda festivalın münsiflər heyəti iştirakçıları mükafatlandırıb. Azərbaycanın Özbəkistandakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzi xüsusi diploma layiq görülüb.
Qeyd edək ki, ötən həftə Orta
Asiyanın nüfuzlu ali məktəblərindən olan Daşkənd
İslam Universitetində yaradılan beynəlmiləl tələbə
hərəkatı da ilk tədbirini Azərbaycana həsr edib.
Tədbirə ölkəmizin Özbəkistandakı səfirliyinin
nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzi və Özbəkistandakı diasporumuz təşkilati
dəstək verib. Tədbirin bədii hissəsində Azərbaycan
Mədəniyyət Mərkəzinin və Daşkənd
İslam Universitetinin birgə hazırladığı musiqi
nömrələri, rəqslər və səhnəciklər
təqdim edilib.
Mədəniyyət.- 2015.- 6 may.-
S. 16.