ADMİU ilə Milli Konservatoriya arasında əməkdaşlıq

Aprelin 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb. Milli Konservatoriyada keçirilən mərasimdə hər iki ali təhsil ocağının professor-müəllim heyəti iştirak edib.

Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi və ADMİU-nun rektoru, professor Fərəh Əliyeva çıxış edərək əməkdaşlıq müqaviləsinin iki tədris müəssisəsi arasında əlaqələri daha da möhkəmləndirəcəyinə, qarşılıqlı tələbə və müəllim mübadiləsinin təhsilin inkişafına, kadr hazırlığına, ümumilikdə mədəniyyət sahəsinə müsbət təsir göstərəcəyini vurğulayıblar.

Mərasimin bədii hissəsində əməkdaşlığın bir nümunəsi olaraq hər iki təhsil ocağının müəllim və tələbələrinin iştirakı ilə konsert keçirilib. AMK-nın müəllim və tələbələrinin ifasında səslənən musiqi nümunələrini ADMİU tələbələrinin hazırladığı səhnəcik və rəqslər əvəzləyib.

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 15.