Barıt qoxulu notlar

 

Qələbə - 70 

Bəstəkarlarımız Böyük Vətən müharibəsi dövründə qəhrəmanlıq motivli yüzlərlə əsər yaradıblar

 

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi bu il bütün tərəqqipərvər bəşəriyyət tərəfindən qeyd olunur. 1941-1945-ci illərdə Sovet İttifaqının tərkibində bu müharibədə iştirak edən Azərbaycan bu zəfərə tarixi töhfələr vermişdir. Həm döyüş meydanlarında, həm də arxa cəbhədə şücaət və əzmkarlıq göstərən xalqımızın yaradıcı insanları da vətənpərvərlik ruhlu, Qələbə soraqlı əsərləri ilə sənət meydanında müsəlləh əsgər olmuşlar.

 

Tədqiqatçıların yazdığına görə, müharibə illərində bəstəkarlarımız bu qəbildən 400 əsər (marş, simfoniya, mahnı, opera və s.) yaratmışlar. Üzeyir Hacıbəylinin "Şəfqət bacısı", "Qələbə himni", Səid Rüstəmovun "Cəbhəyə", Süleyman Ələsgərovun "Gözlə məni" mahnıları həmin dövrdə dillər əzbərinə çevrilmişdi. Aşıq Məhərrəm Bayramovun "Kamal haqqında dastan"ında azərbaycanlı gəncin faşistlərlə döyüşdə qəhrəmanlığı tərənnüm edilirdi.

1941-ci ildə Radio Komitəsi nəzdində Ü.Hacıbəylinin təşəbbüsü ilə xalq çalğı alətləri ansamblı təşkil olunmuşdu. Ansamblın cəbhədə konsert verən 22 briqadası döyüşən ordu hissələrində, 70 briqada isə sərhəd və ehtiyat hissələrində çıxışlar edirdi. Ümumilikdə 1941-1943-cü illərdə incəsənət işçiləri hərbi hissələrdə 20 minə yaxın konsert proqramı ilə çıxış etmişdilər.

Döyüşlərdə yaralananlar da diqqət mərkəzində idi. Belə ki, Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk, Jeleznovodsk, Yessentuki şəhərlərində yerləşən hospitallarda müalicə olunan yaralılara xidmət məqsədilə Bakıdan xüsusi briqadalar göndərilirdi. Görkəmli xanəndə Bülbül, bəstəkarlar Cahangir Cahangirov, Səid Rüstəmov, Niyazi və başqaları ardıcıl olaraq cəbhəyə gedirdilər. Onlar Belarus, Bryansk cəbhələrində Azərbaycan diviziyalarının döyüşçüləri önündə çıxışlar edirdilər. Teatr artistləri Kerçdə, Voroşilovqradda onlarla konsert-tamaşalar təşkil etmişdilər. Müharibə illərində Bakı teatrları və konsert təşkilatları təşviqat məntəqələrində, hospitallarda və kənd rayonlarında 15 mindən artıq çıxış etmişdilər.

1941-1945-ci illərdə Azərbaycan musiqisi simfonizmin geniş yoluna qədəm qoyur. Bu dövrdə yaranmış musiqi nümunələri arasında 25-dən çox simfonik əsər vardı. Onların xeyli hissəsi bilavasitə Böyük Vətən müharibəsi ilə əlaqədar yazılmışdı. Dövrün yeni nəsil bəstəkarları Qara Qarayevin, Cövdət Hacıyevin, Soltan Hacıbəyovun ilk simfoniyaları bu qəbildən idi. Fikrət Əmirovun simfonik poeması müharibədə həlak olmuş bəstəkar İsrafil İsrafilzadənin xatirəsinə həsr edilmiş, Niyazinin “Xatirə” və “Döyüşdə” simfonik əsərləri ictimaiyyətin diqqətini özünə cəlb etmişdi.

Böyük Vətən müharibəsi dövründə Azərbaycan opera teatrının repertuarı da yeni əsərlərlə zənginləşmişdir. Onların sırasında “Vətən”, “Xosrov və Şirin” operalarını, “Qız qalası” ilk milli baleti və başqa əsərləri göstərmək olar. Beləliklə, vətənə sədaqətlə xidmət, ön cəbhədə döyüşçülərin, arxa cəbhədə isə fəhlə və kolxozçuların misilsiz qəhrəmanlığı Azərbaycan bəstəkarlarının yaratdığı vokal və instrumental əsərlərin əsas mövzusunu təşkil edirdi.

Qara Qarayev və Cövdət Hacıyevin Dövlət mükafatına layiq görülən dördpərdəli “Vətən” operası Sovet İttifaqında Böyük Vətən müharibəsi mövzusuna toxunan ilk operadır. Əsərdə müharibənin qəhrəmanlıq pafosu parlaq əks etdirilmiş, Azərbaycan döyüşçülərinin rəşadət və igidliyi yüksək sənət zövqü ilə göstərilmişdir. Müharibə illərində yaranmış əksər əsərlərdə qəhrəmanların obrazları vətənpərvər duyğuların, mənəvi keyfiyyətlərin qabarıq şəkildə əks olunması ilə səciyyələnirdi.

Azərbaycan bəstəkarları müharibə illərində müxtəlif janrda kiçik və irihəcmli əsərlər ərsəyə gətirmişlər. Bu sırada müasir mövzuda yazılmış musiqili komediyaları, simfoniyaları, prelüdləri, kvartetləri və s. qeyd etmək olar. Həmin dövrdə Musiqili Komediya Teatrının repertuarına daxil olan Soltan Hacıbəyovun “Qızılgül”, Fikrət Əmirovun “Ürək çalanlar” və “Gözün aydın”, Səid Rüstəmovun “Durna” kimi əsərləri ilə müharibə illərində yazılan nümunələr arasında xüsusi yer tuturdu. “Gözün aydın”, kolxoz həyatına həsr olunmuş “Durna” komediyaları öz dinamikliyi, orijinal musiqisi və maraqlı süjeti ilə az müddət içərisində geniş tamaşaçı rəğbəti qazanmışdı.

Müharibənin acı nəticələri, qırılan ümidlər mədəniyyət və incəsənət xadimlərinin sənət eşqini söndürmürdü, yaradıcılıq məsələləri müzakirə olunur, yeni istiqamətlər müəyyənləşdirilirdi. 1944-cü ilin dekabrında Tbilisi şəhərində təşkil olunan Zaqafqaziya respublikalarının sovet musiqisi dekadasında Azərbaycan bəstəkarlarının yaradıcılığı geniş nümayiş etdirilmişdi.

Bu dövrdə böyük mütəfəkkir şair Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqla əlaqədar olaraq meydana gələn musiqili qəzəllər forması xüsusilə geniş yayılmışdı. Üzeyir Hacıbəyli dahi söz ustadının sözlərinə “Sənsiz” və “Sevgili canan” romanslarını bəstələmişdi.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Zemfira Qafarova Böyük Vətən müharibəsi illərində Azərbaycan musiqisinin inkişaf meylləri barədə fikirlərini bizimlə bölüşdü. Həmsöhbətim bildirdi ki, amansız müharibə vaxtı incəsənət, xüsusən də musiqi sahəsi dayanmadan inkişaf edirdi: “Musiqiçilərimizdən də müharibəyə gedənlər olmuşdu. Bir çoxu arxa cəbhədə öz işini davam etdirirdi. Bəstəkarlar Məmməd İsrafilzadə, Hacağa Nemətov və başqaları müharibədən qayıtmadılar. Müharibə illərində Azərbaycan Bəstəkarlar İttifaqına Üzeyir bəy rəhbərlik edirdi və onun başçılığı ilə bəstəkarlarımız kütləvi şəkildə vətənpərvərlik ruhunda mahnılar bəstələyirdilər.

Əşrəf Abbasov, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Niyazi bir sıra mahnılar bəstələdilər və bu mahnılar cəbhələrdə əsgərlər qarşısında ifa olunurdu. Həmin illərdə görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin müharibəyə həsr etdiyi 7-ci simfoniyası Bakıda səslənir və bəstəkarlarımız bu simfoniyadan ruhlanaraq ardıcıl əsərlər yazırdılar. Onların əksəriyyəti Moskvada Şostakoviçin sinfində təhsil alırdılar. Qara Qarayevin I simfoniyası, Cövdət Hacıyev və Soltan Hacıbəyovun yazdığı simfoniyalar da bu qəbildəndir. Eyni zamanda müharibə illərində Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Nizami” operaları tamaşaya qoyuldu. Həmin dövrdə Üzeyir Hacıbəylinin “Vətən və cəbhə” kantatası Zaqafqaziya dekadasında böyük uğurla səsləndirilmişdi”.

 

Lalə Azəri

Mədəniyyət.- 2015.- 6 may.- S. 15.