Tarixin
yaddaşı silinmir
Mayın 5-də
faşizm üzərində Qələbənin 70 illiyi
münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyində “Tarixin yaddaşı silinmir”
adlı tədbir keçirildi. Tədbirdə Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi
tərəfindən hazırlanmış sərgi
nümayiş olundu.
Dövlət Teatr Muzeyinin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova tədbiri açaraq bildirdi ki, tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan bu dəhşətli müharibə o zaman Sovet İttifaqının tərkibində olan Azərbaycan xalqına da böyük itkilər gətirib. Azərbaycan xalqı bütün çətinliklərə sinə gərərək həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərib. Azərbaycandan cəbhəyə gedən 600 mindən çox insanın yarısı geri dönməyib, 170 min nəfər müxtəlif orden və medalla təltif edilib. Hər il 9 May - Qələbə Günü bu zəfərin qazanılmasında xüsusi payı olan Azərbaycan övladlarının xatirəsi, müharibənin od-alovundan çıxmış veteranlar ehtiramla yad edilir.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova fotosərgi barədə məlumat verdi. Bildirdi ki, sərgidə müharibə dövrünə aid olan və mərkəz tərəfindən bərpa edilən nadir muzey əşyalarının bərpadan əvvəl və sonrakı vəziyyətlərini göstərən fotolar yer alıb. Sərgidə Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin diplom işi olan rəsm, “Bacım Hürriyyətin şəkli” adlı rəsmi, cəbhədən göndərdiyi məktubu, iki dəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanova məxsus geyim nümunəsi, eləcə də həmin dövrdə Azərbaycan ictimai xadimlərinin, rəssamlarının, bəstəkarlarının müharibənin çətinliklərinə baxmayaraq fəaliyyətlərini davam etdirmələrindən bəhs edən eksponatlar nümayiş olunur.
Çıxışlardan sonra Dövlət Teatr Muzeyi tərəfindən hazırlanan Böyük Vətən müharibəsi mövzusunda videoçarx nümayiş olundu. Səbail rayon 3 saylı uşaq musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim edildi.
Tədbirdə Səbail Rayon Veteranlar Şurasının nümayəndələri, Bakı Maliyyə-İqtisad Kollecinin tələbələri, muzey əməkdaşları iştirak edirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 6 may.-
S. 13.