Əhməd Cavad -

şəxsi ağrı-əzabları min-min, murazına yetmiş milli arzu-əməlləri çin-çin...

 

Bu çox gənc müəllif Qara dənizi Türkün bayrağına baxdırıb çırpındıranda, yəqin, Xəzər də Azərbaycanın “Bir daha enməz” üçrənglisini seyr edirmiş. Bu “yepyeşil” xoca öz milli qələmi ilə bütün Türk aləminə arxa duran baş qardaşımızın - soy-kök “qaraçuxa”mızın şərəfini: -

 

“Olsun bizim bütün ellər

Qurban Türkün bayrağına!” -

 

deyə nidalayanda, təbii ki, öz sərhədlərimiz içərisindəki millətin qəlbini də hər vaxt, hər zaman: -

 

“Azərbaycan!.. Azərbaycan!..

Ey qəhrəman övladın şanlı Vətəni!” -

 

himni ilə çırpındırıb, düşmən üstünə həmlələyirdi...

1915-ci ilin Novruz bayramında iyirmi üç yaşlı bu cavan, ev-eşiyində heç bir bədbəxt hadisə olmaya-olmaya, yasa batır. Gül saçan bahara baxmır, nəfs ütən öynə-nahara bənd olmur, ətrafıyla bayramlaşmır. Görəsən, niyə? Evindən, çəpərindən o yanaya yad el kimi baxanların diliylə desək, “nə var-nə var”, həmin günlər rus və ermənilər işğal edib xarabazarlığa çevirdikləri Qarsda bu azəri qardaşın türk arkadaşlarını qılıncdan keçirmişdilər! Belələrinin arşınınca; “Bah, hardasa kimsə qılıncdan keçilibsə, kilimçi burda bayram keçirməməlidirmi?!” Bu tip əbədi laqeydlərin indiki təbirincə deyək ki; “...kişinin oğlu belə yasa batıb ki, elə biləsən, öz Xocalımızı, Şuşamızı topa tutublar!”

Hə, əziz qardaşlar və sayın kardeşlər! Bu cür düşüncəyə “türkün sözü”ycə nə deyəsən, “müsəlmanın sonrakı ağlı”yca nə qiymət verəsən? Buyurasan (!) ki, niyə bizim indiki günümüzə baxıb, dadımıza yetən yoxdur? Ərz edəsən ki, Türk qardaşlarımız - müasir Nuru əfəndilər, Ənvər paşalar niyə ayağa qalxmır (sonuncu ahu-zar, son vaxtlar səhnəyə az-az çıxarılan qəhrəmanlıq operamızdakı “Eşitsin xanlar, paşalar!” hayqırtısına oxşamadı, deyəsən)?!.

O vaxt o Qars qətliamının bir azərbaycanlı bayramını qara geyindirməsinin fərqinə vara bilməyənlərimiz, ümumiyyətlə, oralılarla buralılar arasındakı soy-kök eyniliyinin “fərq” ilə “fark” leksikasından o yana olmadığını hələ də anlamayanlarımız sonrakı istiqlal şairlərimizdən birinin də bir misrasını xatırlatmağı vacib edir: “Görüm ayılmasın - gec ayılanlar!..”

 

O günlər -

 

həmin o “Qars xəbər-xərabəti” zamanı tay-tuşları qız gözaltılamaqda, “Sizi deyib gəlmişəm” deyən məşhur dərginin tipləri yumurta döyüşdürməkdə, xoruz güləşdirməkdə, hamamda yatmaqda ikən, Əhməd “Vicdan mənə əmr edir ki; Belə gündə bayram etmə” yazırdı. Birinci Dünya müharibəsinin sonuna yaxın Türk ordusu Qafqaz cəbhəsində uğur qazanıb, Azərbaycanın qeyri-mobil əsgər birləşmələrilə Bakıya gələndə Əhməd Cavad onlara qoşulub, Yasamal dağındakı səngərlərdə düşmənə qarşı milli və cəsurluq əzmilə döyüşür. Elə həmin səngərlərin birində əlinə aldığı irfan “silah”ı - qılıncdan-süngüdən az iş görməyən qələmi ilə Türkiyənin mətin mehmetciklərini, Azərbaycanın “dönməz geri”lərini ruhlandırır:

 

Atıldı dağlardan zəfər topları,

Yürüdü irəli əsgər, Bismillah!

O Xan sarayında çiçəkli bir qız

Bəkliyor bizləri, zəfər, Bismillah!..

 

Gəncliyindən etibarən qoca-xoca düşüncələrlə yaşayan şair dincliyə-sakitliyə sakin ola bilmir, millətlə nəfəs alır, xalqın yolunda hər zillətə qatlaşırdı. Bu cavanın cananı Azərbaycan, ailəsi Türk dünyası idi. 1915-ci ildə Türkiyənin şərq vilayətlərindəki dəhşətli müharibə məhrumiyyətlərinə yardım edən “Azərbaycan xeyriyyə cəmiyyəti”nin əsas əlaqələndiricisi, rusların törətdikləri minbir əngəldən yol tapıb, hər bir əlaqə üçün gedib-gələn də - beyni-başı millətə sayğıda, insanlara qayğıda olan 23 yaşlı bu gənc idi. Ayaqları gah orda, gah burda, əlləri ya süngüdə, ya qələmdə olan bir gənc!..

İyirmi altı yaşında ikən - xeyli vaxtdı həmfikirlərilə birgə qan-qeyrətlə çalışdığı, qələmiylə öydüyü Vətəni istiqlala qovuşur. Deməli qarşıda onu bu millətin ümumşərqisini - “Himn”ini qoşmaq işi gözləyir. Ona qədər isə bir neçə işlərlə bərabər, Azərbaycan hökumətinin şəhid olmuş (əlbəttə, Bakı döyüşlərində!)Türkiyə mehmetciklərinin xatirəsinə qoyduğu abidənin təməlqoyma mərasimi üçün şeirlər yazmalı idi:

 

Qalx, qalx, sarmaşıqlı məzar altından!

Gəlmiş ziyarətə qızlar, gəlinlər.

Ey karvankeçidlər, yollar üstündə

Hər gələn yolçuya yol soran əsgər!

 

Qovduqların sənin yabançı canlar,

Qurtardı ölkəmi tökdüyün qanlar,

Bax, nasıl öpməkdə tozlar, dumanlar

Qərib məzarını - mənlə bərabər!..

 

Bir şair ki...

 

Həm döyüşçü, həm milli şahid və şəhid! Bu mənəvi titulları xeyli artırmaq da olar ki, biri də - o dövr üçün heç də asan olmayan tərcüməçiliyidir. İyirmi yaşında Gəncə ruhani seminariyasını (1912) bitirmiş bu mömin, bir il sonra mətbuatda şeiri, üç il keçcək nəşriyyatda ilk kitabı çıxmış bu şair “ilk gənclik” deyilən bir dövrdə dünya ədəbiyyatının ən qoca müəlliflərini dilimizə çevirmişdir: Fransua Rablenin “Qarqantua və Pantaqruel”, Uilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” kimi şedevrlərini! Bu qədər qısa (1892-1937) bir ömür ərzində o qədər mübarizələr aparmaq, ana südü cövhərilə nəqş edilmiş şeirlər, kitablar yazmaq, professor olmaq azmış kimi, hələ o qeyri-informasion dövrün “çulucırıq, çarıqlı ölkə”sində belə “super-əsər”ləri də tərcümə etmək?!...

 

“Nə qədər ki...”

 

Bu gün bizim o günlər haqda bildiklərimizin və bilmədiklərimizin hamısını yaxşı görüb-bilmiş şair: “Nə qədər ki, hakimlik var, məhkumluq var - mən varam!” - deyir və bu misra-notanın altından belə bir ərən-imza atırdı: “Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!..”

Bu böyük Azərbaycan oğlunu, azman Turan cəfakeşini turançılığın banisi hesab edənlər də var. Əlbəttə, əgər bu sözə cəm şəkilçisi (“lər”) artırılarsa, bu qənaət qəbulediləndir. Yəni, İsmayıl bəy Qaspıralı-Əli bəy Hüseynzadə-Əhməd bəy Ağaoğlu üçbucağını dördbucaq etmək şərtilə. Dördüncü “bucaq”ın bani özəlliyi isə onun həm də poetik gözəlliyindədir. Yəni onun çağdaşlarının, beş-on yaş böyük sələflərinin nəsri sətirləri yüzlərə, minlərə çatırdısa, bu təkrarsız döyüşçü-inqilabçı-siyasətçi şairin misraları milyonları sarırdı. “Çırpınırdın, Qara dəniz...” şeiriylə Türk dünyasının vəhdəti-əbədiyyət himnini, “Sən olasan gülüstan, Sənə hər an can qurban!..” misralarıyla ümumazərbaycan himnini, “Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!” bəyanatıyla milli məğrurluq aktı yaratmış bir yaradıcı tədqiqatşünaslığın boynuna yeni çaplı, yeni format-formullu bir banilik termini kəşf etmək borcu qoyur, zənnindəyəm.

Deyək ki, ötən yüzilliyin “37” nömrəli siyasi əzrayılının qurbanı olmuş Əhməd Cavad əsrin ikinci yarısından etibarən dirilməyə başladı. İlk səsi uzun illər Türkiyə radiolarından gələn Ə.Cavad dünyasının sonrakı səs-sədaları qeyrətli universitet müəllimləri, vicdanlı şair-yazıçı və publisistlərimizdən eşidildi. Yavaş-yavaş öyrəndik ki, “Partbiletim sol cibimdə - ürəyimin başındadır!” fason misralardan əvvəl -

 

“Dost elindən əsən yellər

Mənə şeir - salam söylər.

Olsun bizim bütün ellər -

Qurban Türkün bayrağına!”-

 

sayaq misralar yazan ata-baba-dədə şairlərimiz də varmış...

 

Tahir Abbaslı

Mədəniyyət.- 2015.- 6 may.- S. 13.