Mehmanxanalara dərəcə sertifikatı və lisenziyalar verilib

Mədəniyyət və Turizm Nazirliyi mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə bu müəssisələrin təsnifatını aparır. Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan «Hotel Stars Criteria 2010-2014»ə uyğun hazırlanmış «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə» AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

Aprel ayında nazirlik tərəfindən 5 mehmanxanaya dərəcə sertifikatları verilib: «Holiday İnn Baku» (4 ulduz), «New Baku Hotel» (4 ulduz), «Boulvard side» (4 ulduz), «Du Port» (3 ulduz), «Alstadt» mehmanxanası (2 ulduz).

Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 79-a çatıb.

Aprel ayında bir sıra mehmanxanalar lisenziya alıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərindəki «Du Port» mehmanxanası, «Old Street Hotel», «Qafqaz Baku City Hotel & Residences», habelə Neftçala rayonundakı «İsti su» istirahət mərkəzi, Şamaxı rayonundakı «Məlhəm» istirahət mərkəzi və «Samaxı Palace Platinum by Rixos» mehmanxanası, Xaçmaz rayonundakı «Təhsil», Masallı rayonundakı «Dəmirağac» istirahət mərkəzlərinə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) verilib.

Nazirlik həmçinin aprel ayında aşağıdakı şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib: «Good Travel», «Royal Hotels Group Bakı», «GM Travel», «Dünya Turizm», «Azər Ko Ltd», «East Gate Travel», «Fayton Travel Q.S».

Hazırda Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 324, turizm şirkətlərinin sayı isə 287-dir.

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 2015.- 6 may.- S. 9.