Mədəniyyət
və turizm naziri əfsanəvi balerina Maya Plisetskayanın vəfatı
ilə bağlı başsağlığı verib
Dünya şöhrətli balet ustası, Rusiya Böyük Teatrının solisti, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Maya Plisetskaya mayın 2-də vəfat etmişdir. Bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskiyə başsağlığı məktubu göndərmişdir. Məktubda deyilir: "Böyük rus balerinası, SSRİ Xalq artisti Maya Plisetskayanın ölüm xəbəri bizi qəlbən sarsıtdı. Maya Plisetskaya dünya balet sənətinin əfsanəsi, parlaq, təkrarolunmaz ulduzu idi. Onun doğma Böyük Teatrın səhnəsində yaratdığı Karmen, Odetta-Odilliya, Avrora, Kitri, Anna Karenina obrazları dünya baletinin Olimpində etalona çevrilmiş və sənətkarı milyonlarla pərəstişkarının sevimlisi etmişdi. Maya Plisetskayanın yüksək professionallığı, parlaq ustalığı, əvəzsiz artistizmi, insani keyfiyyətləri ona təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda da dərin hörmət və məhəbbət qazandırmışdı".
Məktubda qeyd olunur ki, Maya Plisetskaya Azərbaycan xalqının da böyük dostu idi: "Ölkəmizdə onun pərəstişkarlarının və dostlarının sayı az deyil. Balerinanın ölkəmizə sonuncu səfəri və ümummilli lider Heydər Əliyevlə görüşü bizim yaddaşlarımızda əbədi yaşayır. O, öz sənəti, humanistliyi və xeyirxah əməlləri ilə dünyamızı bəzəyirdi. Azərbaycan xalqının yaradıcı insanları Maya Plisetskayanın vəfatından dərin kədərini bildirir və əfsanəvi balerinanın yaxınlarına dərin hüznlə başsağlığı verirlər".
Qeyd edək ki, Maya Plisetskaya 90 yaşında
Almaniyada dünyasını dəyişib. O, 1925-ci ildə
Moskvada anadan olub. Böyük Teatrın səhnəsində 50
ildən artıq tamaşada əsas partiyalarda
çıxış edib, bir çox ölkələrin fəxri
ad və mükafatlarına layiq görülüb. Balerina
ömrünün son illərini Münxen şəhərində
yaşayıb.
Mədəniyyət.- 2015.- 6 may.-
S. 6.