Kinorejissor Nicat Feyzullayev dünyasını dəyişib

Azərbaycan mədəniyyətinə itki üz verib. 2015-ci il mayın 4-də tanınmış kinorejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı idarə heyətinin üzvü Nicat Feyzullayev 69 yaşında vəfat edib.

Nicat Feyzullayev 1945-ci il noyabrın 1-də Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində dünyaya gəlib. Zəngin həyat və yaradıcılıq yolu keçən rejissorun sənətə gəlişinin maraqlı tarixçəsi var. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alsa da, sonradan arzularının ardınca getməyə qərar verir. Yaradıcı mühitdə boya-başa çatmış gənc taleyini uşaqlıqdan maraq göstərdiyi kinematoqrafla bağlayır. 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda görkəmli kino xadimlərindən sənətin sirlərini öyrənir.

1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan N.Feyzullayev bir sıra bədii və sənədli filmlərin quruluşçu-rejissoru, ssenari müəllifi, rejissor assistenti olub. O, yaratdığı kino nümunələrində özünəməxsus üslubu ilə seçilən kino xadimlərimizdən idi. Rejissor "Küçələrə su səpmişəm", "Arvadım mənim, uşaqlarım mənim" bədii filmlərində sadə süjetlərdə mürəkkəb həyat həqiqətlərini tamaşaçıya çatdırmağı bacarıb. "Yaşa, qızıl balıq", "Anaya məktub", "Şirvanda izim qaldı", "Azərbaycan rəngkarlığının kraliçası" və s. qısametrajlı və sənədli filmlərdə orijinal rejissor yanaşması ilə diqqət çəkib. "Mozalan" kinojurnalına çəkdiyi süjetlərdə cəmiyyətin neqativlərinə münasibətdə əsl vətəndaş mövqeyi ilə seçilib.

Nicat Feyzullayevin xatirəsi onu tanıyanların, sənət dostlarının, kinosevərlərin qəlbində yaşayacaq.

Mədəniyyət və Turizm Nazirliyinin kollektivi Nicat Feyzullayevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 6.