Ulu öndərə həsr olunmuş dəyirmi masa və sərgi

 

Mayın 5-də Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı dəyirmi masa keçirildi.

 

İctimai birliyin sədri Çingiz Bayramov tədbiri açaraq müasir dövrdə azərbaycançılıq məfkurəsinin formalaşması və genişlənməsində ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu vurğuladı. Qeyd etdi ki, dahi siyasətçinin irsi bizim üçün örnək və istinad nöqtəsidir.

Millət vəkili, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ulu öndərin həyat və fəaliyyəti haqqında danışdı. Bildirdi ki, Heydər Əliyev hələ sovet dövründə Azərbaycanın mədəni və iqtisadi inkişafı üçün böyük işlər görüb: “Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnədək ölkəmiz ittifaq respublikaları arasında axırıncı sıralarda dayanırdı. Amma onun böyük səyi nəticəsində ölkəmiz sürətlə inkişaf edərək öncül yerlərdən birinə yüksəldi. Ölkədə mədəni, iqtisadi yüksəliş baş verdi”.

Qeyd olundu ki, müstəqillik dövründə Heydər Əliyev Azərbaycan xalqı qarşısında xidmətləri ilə tariximizin yeni səhifələrini yazdı. O, xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşdirərək müstəqil Azərbaycanı yeni inkişaf yoluna çıxardı.

 

* * *

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş daha bir tədbir mayın 5-də Xətai Sənət Mərkəzində keçirildi. “Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği” layihəsi çərçivəsində tədbir Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gerçəkləşdi.

İctimai birliyin sədri Çingiz Bayramov layihə çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Qeyd olundu ki, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində belə tədbirlərin böyük rolu var.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini İlqar İlyasov bildirdi ki, azərbaycançılıq məfkurəsinin formalaşması və təbliğində ulu öndər Heydər Əliyevin böyük xidmətləri var. Onun müdrik siyasəti nəticəsində ölkəmiz dünya arenasında öz layiqli yerini tutdu. Bu gün Azərbaycan dövləti gənc nəslin formalaşmasında da azərbaycançılıq məfkurəsini təməl prinsip kimi götürərək uğurla irəliyə addımlayır.

Sonda layihə çərçivəsində təşkil olunan gənc rəssamların rəsm sərgi-müsabiqəsinin qalibləri mükafatlandırıldı. Aysel Atakişiyeva birinci, Röya Əliyeva ikinci, Cavid Qurbanov və Leyla Nağızadə üçüncü yerlərə layiq görüldülər. Qaliblərə diplom və mükafatlar təqdim olundu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 4.