“Hüdudları aşaraq”

Azərbaycan beşinci dəfə Venesiya Biennalesində iştirak edir

 

Mayın 6-da 56-cı “Venesiya Biennalesi” beynəlxalq incəsənət sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

 

Dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunan Venesiya Biennalesinə bu il 89 ölkə öz milli pavilyonları ilə qatılıb.

Noyabrın 22-dək davam edəcək sərgidə Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarından birində - “Kampo Santo Stefano”dakı XIV əsrə aid “Lezze” sarayında yerləşir. Azərbaycan pavilyonunda təşkil olunan sərgi “Hüdudları aşaraq” adlanır. Bura gələn qonaqlara Azərbaycan milli musiqisinin müşayiəti ilə rəqs nömrələri təqdim olunur.

Sərginin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan rəssamlarının təmsil olunduğu “Hüdudları aşaraq” sərgisinin əhəmiyyətinə toxunub: “Pavilyondakı əsərlərdə XX əsrin ortalarında sovet rejiminin kölgəsində qalmış rəssamların ruhu əks olunur. Pavilyon bizi Azərbaycan tarixinin vacib məqamına gətirib çıxarır və həmin ərəfədə susdurulmuş və ya məhəl qoyulmamış rəssamlara sanki səs verir. Bu gün ilk dəfə biz həmin ərəfədə işlənilmiş bəzi möhtəşəm incəsənət işlərinin nümayiş olunduğunu görə bilərik. Ümid edirəm ki, bu sərgini dolaşanda siz bu rəssamların səslərini eşidəcəksiniz və razılaşacaqsınız ki, onların incəsənəti zamanın sınağından keçib”.

Venesiyada təşkil olunan “Vita Vitale” sərgisinin ideyasının təbiətin mühafizəsi ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev Fondunun vitse-prezidenti ekoloji problemlərin incəsənətin dili ilə çatdırılmasının əhəmiyyətindən danışıb, rəhbərlik etdiyi İDEA-nın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib.

Sərginin kuratoru Simon de Püri yeni layihə üzərində Heydər Əliyev Fondu ilə birgə işləməkdən şərəf duyduğunu deyib, ötən illərdə Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunmuş “Bakıya uçuş” sərgilərində iştirak edən Azərbaycan rəssamlarının əsərlərinin artıq dünya miqyasında tanındığını diqqətə çatdırıb. Bildirib ki, “Hüdudları aşaraq” sərgisi ötən əsrin 60-80-ci illərində Azərbaycanda fəaliyyət göstərmiş, lakin unudulmuş rəssamların yenidən kəşf olunmasına böyük təkan verir.

Artıq beşinci dəfə Venesiya Biennalesinə qatılan Azərbaycanın pavilyonundakı “Hüdudları aşaraq” sərgisində 7 rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunur.

Sonra Venesiya Biennalesi çərçivəsində “Vita Vitale” beynəlxalq sərgisinin də açılışı olub. Heydər Əliyev Fondunun və İDEA-nın birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir.

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 16.