“Gəlin”...
(hekayə)
İki silsilə dağın arasında - gecələr qıj-qıj qıjıldayıb, gündüzlər tala-tala ağarışan dəli çayın tikan məftilli tərəfində bir kənd yaşayırdı. Lap qədimlərdən “çörəkli”, “qonaq-qaralı”, “qaçaq-qoçaqlı”, axır vaxtlar isə “palaza bürünüb, elnən sürünən” kimi tanınan qədim bir kənd...
İyirmi beş il əvvəl çox-çox uzaqlarda gur-gur guruldayıb susmuş müharibənin səs-küyləri bu kənddən hələ də kəsilməmişdi. O davayadək gəlin köçmüşlərin dodaqlarından, gərdəklərə girər-girməz ərlərini gedər-gəlməzə yola salmışların yanaqlarından, yetimlikdən ev qurub evlənə, cer-cehiz yığıb ovlana bilməyən ərən-ərgənlərin sir-sifətlərindən dalğalanırdı o sədalar. Hələ də yolları gözlənilən oğulların əsgər nəvə-nəticələrinə əlcək-corab toxunanda, köhnə yorğan-döşək içi çırpılanda, kənd-kəsəkdə yas düşəndə səslənirdi o sızıltılar...
O sədalardan biri də Məhər kişinin evində idi. Amma tamam səssiz-səmirsiz...
Ovaxtdan bu evdə, bu qapıda bir gülüş güllənməmişdi. Diri vamda bir söz, bir söhbət zillənməmişdi. Bir qonşu haraylanıb, bir xoş yığnaq olaylanıb, bir qoç kəsilməmişdi. Arvadın çuxura düşmüş gözləri il uzunu nəm olardı, kişinin bəbəkləri qəm. Bu kişinin hərdənbir mər-məhlədə rastlaşdığı uşaqlarla oğul-noğul söhbətləşmələri, qarısının qonum-qonşuya bostan nübarı, sağınsız evlərə ağartı aparması olmasaydı, deyərdin bəs, bu kənddə belə bir ocaq yanmır. Sanki bu obanın heç vaxt oyanılmayası yuxusuydu bu ailə. Hələ belə bir söz də gəzirdi ki, onların araları dəyib. Danışırdılar ki, axır vaxtlar kişi evə yığışmır, gününü kolxoz bağında - öz əllərilə əkdiyi Çinarın yanında keçirir. Ahıl-ağbirçəklər isə başqa gümanda idi; ya qıçındakı qəlpə dəbərib kişini havalandırıb, ya da fağırların mehribançılığı kiminsə gözünü tökür, - əlbət, cadu basdırıblar o Çinarın dibində...
Gün günortadan keçmişdi, yazın da elə saz çağıydı ki, deyərdin bəs, bu yar-yaşıllığı nə sarı payızlar saralda, nə qarı qışlar yağıb ağarda bilər. Amma bütün bunlar, bu saat kəndarası cığırdan çıxıb bağ yoluna düşcək, dünyanın qəmindən qopub, dəmini haqlamağa qaçanları xatırladan Məhər kişinin gözündə bir heç idi...
O bu yolu hər gün gedib-gəlirdi. Amma belə çevik, belə yeyin yeridiyi olmamışdı. Kənardan baxsaydı, sol qıçını çəkdiyini özü də sezə bilməzdi. Hələ bu gün onun o bağdakılardan birinə - ətrafdakı ağaclara boy verməyən tənha Çinara baxa bilməməsi! Hər gün ora çatanadək tez-tez göz qaldırıb süzdükcə süzdüyü o zalımdan, bu səhər eşqinə düşdüyü bir “qəbahətə” görə, nəzərlərini yayındırması...
Məhər kişi işin belə dolaşmasının bir günahını da bu gün onu Qələbə şənliyinə çəkib aparmış kənd cavanlarında görürdü. O cavanlar bu səhər Məhər kişini dilə tutmuş, bərk üz vurmuşdular. Bu Günü qazananlardan biri də sənsən, - demişdilər - Gərək belə məclislərin başında sən oturasan.
O məclisdəkilərin biri susmamış o biri dillənmişdi. Feldşer Ədil nəzərlərini süfrədəki çörək tikəsinə zilləyib qəhər-qırıq səslə demişdi:
- Sənin cəbhədən qayıtdığın gün indiki kimi yadımdadı, Məhər baba. Qırx üçüncü ilin iyirmi bir dekabr gecəsi. Ac-yalavac gecələrimizin ən uzunu. Balaca qardaşımı yuxuya vermək üçün dünyanın bütün sözlərini deyib qurtarmış nənəm, qəfildən anama pıçıldadı ki, yazıq Məhər qayıdıb - qılçasında da bir zəhrimar gətirib. Bunu eşitcək, qardaşım bir az da bərkdən ağladı. Hökm elədi ki, bu dəyqə dur get ondan mənə də gətir!..
O məclisdə, sol qolu səngərdə vurulmuş Salman müəllim də danışmışdı. Sağ əlinin üç barmağı ilə sıxmaladığı badəyə baxa-baxa, cəbhədən qayıtmamış yaşıdları, dostları ilə bağlı fikir-xəyalını o məclisin uzun sürən sükutuna boşaltmışdı. Demişdi, o gündən-bu günə nəzərlərim sinfimdəki boş yerlərə dikiləndə hisslərim qovurulur, qardaşlar! Tanış sifətlər, oxşar soylar görürəm o boş partalarda... Bu, Alxanın balasıdı, - deyirəm ürəyimdə. -O, Fərmanın oğludu, bu utancaq qara qız Məhərrəmindi. Günlərin bir günü isə lap ağ elədim. O “uşaqların” ən qoçaq-qıpçağına üz tutub, “dur, sən də danış bugünkü dərsimizi, qaraqaş bala! - deyə nidalandım. Sonra ruhumu bir az da sıxcalayıb, onun cavabını da eşidə bildim: “Mən... necə danışım, Salman əmi?..” “Müəllim” yox a, “əmi”!.. Dedim, danış də, balası. De ki, biri varmış, biri yoxmuş, bu kənddə mənim Adıböyük adında atam da varmış. Yaşı çatsa da, cəbhəyə aparmayıbmışlar. Çünki bu kəndin ovaxtkı sovet sədri onun qonşu kənddən mal oğurluğuna gəlmiş yeddi nəfər çomaqlı kişini kəllə-yumruqla necə vurub yerə sərdiyini öz gözlərilə görübmüş. Və camaata qarşı bir elə əzazil olan o zalım, ürəyində qərar veribmiş ki, belə bir oğulu havayı gülləyə qurban göndərmək olmaz! Amma müharibənin qurtarmasına bir həftə, Gülxanım “nənəm”in onu “dava bitcək, əlbəəl nişanlayıb evləndirəcəyinə” bir ay, mənim atam olacağına isə bir il qalmış getməli olur və... geri qayıtmır... Qayıtsaymış, o biri qardaşları kimi, onun da yeddi oğlu olarmış. O oğullardan biri də mən olarmışam. Bu sinifdəki partalarda mənim də yerim olarmış, jurnaldakı adlar sırasına mənim də adım yazılarmış...
...Məhər kişi bir də onda ayıldı ki, bağın girəcəyinə yetib. Bir vaxtlar dəli kəllərin belə keçə bilmədiyi qalın qaratikan çəpər də, “Çinar ili” Arazdöndü adasından qırıb gətirdiyi və səltənəti bir səliqə ilə göyrüş payalarına çitədiyi qapalaq da indi neçə yerdən süzülmüş, özü kimi qocalıyıb vağanımışdı.
O, qapalağı yana çəkib içəri keçdi. Əlləri ətəyində, başı sinəsində, bir azdan tutacağı “eldəndışarı, dilçaşırı” işin mayasından sıxıla-sıxıla Çinar səmtə irəlilədi. Ağacla üzbəüz dayanıb, yan-yörəsinə baxına-baxına, ürəyində dil çaldı: “Hər vaxtın xeyir...”
Bağda bülbül səsindən çiçək ləçəklənir, yerdəki yaşıllıq-göylüyün qatılığından səma göylüyü görünmürdü. Amma bunların hamısı buradakı bir ağac ətrafında dolanan Məhər kişidən yüz ağac uzaq idi...
Bu ağac burda əkiləndə də 9 May günü idi...
O gün Məhər kişi iki xəbər eşidib-oxumuşdu. Birincini, camaatı mal-qara mağalına yığıb: “Yaşasın yer üzünü faşizm taunundan xilas edən Sovet ordusu!” deyən kənd soveti sədrinin dilindən və... qida mayıflığı üzündən dərslərə gücü çatmayan, sinifdə qala-qala, tay-tuşunun “qalbala” çağırdığı bir məktəblinin anbar divarına kömürlə yazdığı “Ay can ay can Qara məllim dava kutardı hurraaa”dan.
...İkinci xəbəri isə şəxsən Məhər kişiyə bir kağız gətirmişdi. Həmin o çölü ağ, içi qara, sözü boz, səsi gur-gur kağız Məhər kişinin yaxşı eşidən qulaqlarına bağırmışdı ki, iki il əvvəl öz əlinlə yola saldığın qollu-budaqlı oğlunun əvəzinə mən qayıtmışam!..
Həmin gün Məhər kişi qapı-bacada yalan-bulan hərlənib-fırlanmış, bircə balasını andıran ayın-oyunlara baxdıqca təzədən başlayan arvadına, səsə axışıb gələn və hərəsi daha çox öz gedər-gəlməzini ağlayan qonşu zənənlərə gözünün ucuyla da baxmamışdı. Bir az da ona görə ki, o, ağır ağrıların bağır səslərlə car çəkilib, göz yaşları ilə yuyulmasına bəd baxırdı. Elə buna görə də, bedana tuta söykəli beli götürüb, o ili nədənsə yazı da qara gəlmiş bağçaya keçmişdi. Tumurcuqları indicə-indicə çırtdaşan ağacları kür-küsənti ilə süzə-süzə aşağı başa irəliləmiş və elə iyirmi beş il sonrakı bu halətin səbəbkarı olan bir çinar tingini çıxarıb, havalı bir yeriş-yüyrüşlə gətirib, gözətçisi olduğu bu Almalıbağda əkmişdi...
Üzünü ağacın gövdəsinə dayadı: “Nə soyuqsan... - pıçıldadı. - Buz kimisən. Salman müəllim ləngitdi məni bu gün. Uşaqlıqda quzu otardığınız Salman müəllim. Hər dəfə rastlaşanda, hönkürəcəyindən ehtiyatlanıb bir kəlmə kəsməyən Salman müəllim! - Dəqiqəbaşı ölüb-dirilən Məhər kişi, axır ki, sözünün evinə keçdi. -İncimə... özün də qulağın məndə olsun. Xəbərsənmi, bu gün sənin iyirmi beş yaşın tamam olur. Ərgənlik yaşın...”
Bu qədər ağrı-acılı sözlərdən sonra bu ağacın dil açıb dillənməyəcəyinə inanmağı gəlməyən Məhər kişi dəlisov bir hərəkətlə üzünü gövdədən ayırdı və bu qapqara sükutdan üşənib, lap astadan pıçıldadı: “Nooldun, a bala... Söz dedim, axı... - O, qəfil çevrikib ağaca kürəkləndi. - Tifağı atılmış ürəyimi didib-parçalayır axı, bu sirr! Heç kəsə açıb deyə bilmirəm axı, sən mənim balamsan!.. Axı mən bədbəxt necə açım bu bağlımı, a bala?.. Neynim, bir işdi də tutmuşam, o vaxt. Yalnız başına gələnlərin başa düşəcəyi bir iş...”
Bu kəlmələrin gəlimindən gediminədək yaxasında gəzdirdiyi əlləri boşaldı, qolları yanına düşdü. Ağacdan aralanıb, dörd bir yana göz gəzdirdi. Dünya bomboş idi. Göydə dolmuş buludların, yerdə dəbərməz ağacların da qüvvət verdiyi qara sükut az qala bu bivaris atanın qatilinə çevriləcəkdi ki, səslənib onu qabaqladı: Tay-tuşlarıyın hamısı oğul-uşaq yiyəsidi... Yox, qoymaram sən belə qalasan. Qoymaram! Baxarsan...
Bu dəm Məhər kişi ağlı kəsəndən bəri yol vermədiyi bir işin də fərqinə vardı; yanaqlarından yaş süzülürdü. “Hə, a bala, gəlinim kim olsun, bəs?!. Cümşüdün böyük qızındaydı gözün... İndi altı uşağı var onun. Fağır qız neyləyəydi? Adamı nə qədər gözləllər?! Yurdumu kor qoyan o kağıza inanmırmış. Axır, arvadı göndərdim üstünə. Dedim, get, o uşağın başına ağıl qoy...”
O, axırıncı sözləri, elə bil, kəndin üzünə deyirdi. Az qala yüyürə-yüyürə yaxınlaşdığı obasındakı ərdəmli kişilərin alnına, ağırtaxta arvadların, həyalı qız-gəlinlərin sifətlərinə deyirdi...
Və bu da onlardan birinin doqqazı. Məhər kişi ev yiyəsinin qapısını döymədən, onu səsləyib-salamlamadan həyətə keçdi, bağçadakı bir-birindən diri tingləri süzdü və ən yaraşıqlısı üstündə göz saxlayıb dedi:
- A Cümşüd, bu pöhrəni aparmağa gəlmişəm...
Bu dilək, kəndin ən ağır Allah bəndəsindən salam-məlik eşitməyən Cümşüd kişinin təəccübünü birə-beş elədi:
- Nəyinə lazımmış bu şaftalı pöhrəsi, a Məhər? -dedi. - Özü də belə... salam-kalamsız...
- Gərəyimdi ki gəlmişəm də, Cümşüd!..
Bu dəfə bu köhnə dostunu heç cür ala bilməyən pöhrə yiyəsi yerdən bir budaq qırığı götürüb, belin ağzındakı nəm torpağı qaşıtdaya-qaşıtdaya fikrə getdi. Xəfifcə gülümsünüb, cavanlıq zarafatlarına keçmək istərkən, gözü gözünə sataşdı və dərhal da özünü yığışdırdı:
- Yaxşı, qardaş, olmazmı ki, biz də bilək, görək, bu nə sevdadır sən düşmüsən? Acığına gəlməsin ey, camaat peyvənd ting axtaranda sənin qapına qaçır, sənsə gəlib mənimkini nişanlamısan!..
Biraddım-zoraddım yaxınlaşıb, umu dolu gözlərini onun matdım bəbəklərinə zilləyən Məhər kişi:
- Sən ki mənim soyumu-kökümü yaxşı tanıyırsan, a Cümşüd, - dedi - heç mən çiy iş tutarammı, sən sənin Allahın?! Hə, nə deyirsən? Razılıq verirsən, ya yox?..
Cümşüd kişi də, deyəsən, işin bişini duydu. Əvvəlcə gözü, ardınca sözü ilə:
- Apar, apar, qardaş, - dedi. - Barlı-bərəkətli olsun...
Hələ də hər kəsdən gizli hesab etdiyi bu elçilik işini bir göz qırpımında başa vuran Məhər kişi köhnə dostu ilə təzə qohum kimi sağollaşdı və yarpağı təzəcə ditdəmiş şaftalı pöhrəsini qolları üstünə alıb, darvaza sarı yüyrəndi. Artıq bu işdən duyuq düşmüş Cümşüd kişi isə, gözlərini yumub, bu quda yerişli, qayınata sevincli qocanın arxasınca yüz il baxıb, xəyalınca min il düşündü...
Bu bir-iki saat ərzində Məhər kişi Almalıbağdakı Bəy Çinarın doqquz addımlığında oda-ocaq timsallı bir çala qazıb, Gəlin-pöhrəni torpağa əkmiş, “...qoy tək qalsınlar” pıçıldayıb, bağdan çıxmış, səhərdən bəri evində tənha oturub, madar oğlunun anım gününü təkcənə qarşılamaqda olan qarısına sükut ortağı olmağa tələsirdi...
* * *
...Sonralar səliqə-sahmana salınıb, alaqapısı alnına “1941-45 Xiyabanı” yazılmış o bağda beş il öncə istirahət edən doxsan yaşlı Salman müəllim hönkür-hönkür ağlamış və ertəsi gün yatağında keçinmişdi. Nədən ki, həmin o 9 May günü “ekskursiya” adıyla o bağa gətirilən məktəblilərdən ikisi - on-on iki yaşlarında bir oğlanla bir qız bir-birinə yaman bərk söz demişdilər. Onlar Qarabağda - eyni gün, eyni an və eyni səngərdə şəhid olmuş iki dostun balaları idi. Sinifdə olduğu kimi, burda da atalı-analı uşaqlara yovuşa bilmirdilər. Qızın gözlərindəki dərd qoşa idi; yenicə ailə qurduğu ərinin ölümünə dözə bilməyən anası da lap təzəlikcə dünyasını dəyişmişdi. Həmin gün o qız o oğlana demişdi:
- Vural, ay Vural, nənəm demişkən, o barsız-bəhərsiz çinarı nə bərk-bərk qucaqlamısan, atandı?..
Oğlan da, elə həmin səs, həmin təhər-tövrlə - solğun yanaqlarından ta daranmamış saçlarınadək yetim görsənən qıza demişdi:
- Maral, ay Maral, bəs sən niyə o xala-şaftalını elə qucaqlamısan, anandı?..
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 8 may.- S. 12.