Müharibə,
teatr və Qələbə
Müharibənin
fəsadları uzun illər bəşəriyyəti öz dəhşətində
saxlaya bilir. Çünki tökülən qanlar, məhv olan
həyat həm də mənəviyyata, estetik zövqə,
insanların mədəni yaşamına da zərbə vurur.
Tarixin ən qanlı səhifələrini təşkil edən
II Dünya müharibəsi bu savaşa cəlb olunmuş
ölkələrin və xalqların o dövrdəki incəsənətinə
də təsirsiz ötüşmədi. Bu yazıda 1941-1945-ci
illər müharibəsi zamanı Azərbaycan teatrının
tarixinə nəzər salmaq istərdik.
Sözügedən dövrlə bağlı görkəmli teatrşünas, Azərbaycan EA-nın müxbir üzvü Cəfər Cəfərovun “Azərbaycan teatrı” kitabında maraqlı faktlar, mülahizələr var. Müəllif yazır ki, müharibə dövründə, digər incəsənət sahələri kimi, teatr sənətinin də qarşısında duran başlıca vəzifələrdən biri qəhrəmanlıq və vətənpərvərlik məzmunlu repertuarın formalaşdırılması idi. Müəllif qeyd edir ki, teatrların müharibədən əvvəlki repertuarı tamaşalarla zəngin idi: “Xalqın azadlıq uğrunda mübarizə hərəkatına həsr olunan “Vaqif”, “Xanlar”, “Qaçaq Nəbi” tamaşaları respublikanın, demək olar ki, bütün teatrlarında göstərilirdi. Müharibənin başlamasından bir qədər sonra, 1941-ci il noyabrın 6-da xalq-qəhrəmanlıq tamaşalarının siyahısına yeni bir əsər də əlavə olundu: Səməd Vurğunun “Fərhad və Şirin”i”. Akademik Dram Teatrında səhnələşdirilən tamaşa sonralar Dövlət mükafatına layiq görüldü.
Xalq-qəhrəmanlıq tamaşaları və müasir mövzulu səhnə əsərləri müharibə mövzusu ilə bağlı, yeni, orijinal pyeslər tamaşaya hazırlamaq üçün vaxt qazanmaqda teatra kömək etdi. Orijinal pyeslərin hələlik olmadığı şəraitdə teatrlar müharibə haqqında tərcümə əsərlərinə müraciət etdilər. Eyni zamanda öz müəlliflərimizin dramaturgiya nümunələri yaranırdı. 1942-ci ildə M.Təhmasibin “Aslan yatağı”, Z.Xəlilin “İntiqam”, Mehdi Hüseynin “Nizami”, M.İbrahimovun “Məhəbbət” pyesləri meydana çıxdı. Müharibənin sonrakı illərində Rəsul Rzanın “Vəfa” (1943), İ.Əfəndiyev və M.Hüseynin “İntizar” (1944), Z.Xəlilin “Qatır Məmməd” (1945) və M.S.Ordubadinin “Dumanlı Təbriz” (1945) əsərləri də teatrlarda tamaşaya qoyulmuşdu. 1945-ci ildə Naxçıvan teatrı keçmiş teatr rəssamı, sonra isə Böyük Vətən müharibəsinin iştirakçısı N.Nağıyevin “Polad” pyesini tamaşaya qoymuşdu.
Alim yazır ki, bunlar mövzu, üslub və janr etibarilə müxtəlif pyeslər idi; bəziləri bilavasitə müharibə hadisələrini, digər qismi arxada, əmək cəbhəsində çalışanların həyatını təsvir edir, bəziləri isə tamaşaçını xalqın tarixi-qəhrəmanlıq keçmişinə aparırdı. Lakin onların hamısını eyni qüvvətli vətənpərvərlik ruhu birləşdirirdi... Qələbənin nəyin bahasına əldə ediləcəyini onlar hələ təsəvvürə gətirmirdilər. Odur ki, bu pyeslərdəki vuruş, iztirab, ölüm və qan səhnələri kifayət qədər mənəvi-əxlaqi gərginliklə, əsl dramatizmlə, bir sözlə, sərt cəbhə həqiqəti şəklində təsvir oluna bilmirdi. Dramatik süjetdəki müəyyən sxematizm, hərb səhnələrinin asan və yüngül təsviri, düşmən surətlərinin birtərəfli və səthi verilməsi buradan irəli gəlirdi. Doğrudur, daha sonrakı pyeslər - “İntizar” və “Vəfa” hərbi mövzuda yazılmış ilk pyeslərdən müəyyən üstünlükləri ilə fərqlənirdi. Lakin bu əsərlər də psixoloji mürəkkəbləşdirmələrə meyl etmək, dramatik gərginliyi süni yolla artırmaq meyli kimi zəifliklərdən azad deyildi...”
Bununla belə, müharibə dövrünün əsas tamaşaları aktuallıq kəsb edərək, teatrların yaradıcılıq həyatında keyfiyyət dəyişikliklərini əks etdirirdi. Bu tamaşalar sovet adamını mənəvi cəhətdən silahlandırır, onlarda vətənpərvərlik və milli qürur hissini tərbiyə edir, mənfur düşmən üzərində qələbəyə inamı artırırdı. C.Cəfərov müharibəyə həsr edilmiş tamaşalarda qəhrəmanlıq mövzusunun əvvəllərdə olduğundan daha konkret və əyani şəkildə işləndiyini qeyd edir: “Əgər ilk xalq-qəhrəmanlıq tamaşalarında, eləcə də daha sonrakı dövrün tamaşaları olan “Fərhad və Şirin”, “Nizami” və “Qatır Məmməd”də qəhrəmanlıq ideyasını özündə daşıyanlar ayrı-ayrı fərdlər idisə, müasir mövzuda meydana çıxan tamaşalar sovet gerçəkliyində qəhrəmanlığın kəsb etdiyi xüsusiyyəti - onun kütləviliyini göstərirdi. Lakin məsələ yalnız bunda deyildi. Əvvəlki tamaşalarda qəhrəmanlığın bədii ifadəsi prosesində xarakterə bu və ya digər dərəcədə müstəsnalıq keyfiyyəti aşılayan romantik boyalar üstünlük təşkil edirdi”.
Təsadüfi deyil ki, bu tamaşalardakı müsbət qəhrəmanların səhnə təcəssümü öz həyatiliyi və səmimiyyəti ilə seçilirdi. Humanizm bütünlükdə sovet teatr sənətinin mayasını təşkil edən bir keyfiyyət idi. Bu mənada Azərbaycan teatrının həmin mövzuda milli, rus və dünya klassik dramaturgiyası əsərlərinə marağı tamamilə qanunauyğun idi.
1945-ci ildə özü ilə min bir bəlalar, ağrı və əzablar gətirən müharibə bitdi və dinc quruculuq dövrü başlandı. Həmişə təzə “zaman və sənət” problemi teatrların diqqətini xalq təsərrüfatının bərpası və inkişafı dövründə sovet adamlarının qarşısına çıxan yeni tarixi vəzifələrin üzərində topladı və artıq sənətin qarşısında yeni tələblər yaranmağa başladı. Alim yazır ki, Azərbaycan teatrları müharibə dövrünü tarixi mövzuya həsr olunmuş iki əsərlə - “Dumanlı Təbriz” və 1945-ci ilin mayında Bakıda və Gəncədə səhnəyə qoyulan “Qatır Məmməd” tamaşası ilə başa vurdular. Üslub baxımından bir-birinə çox yaxın olan hər iki əsər xalq-qəhrəmanlıq xarakterində monumental tamaşalar yaratmaq sahəsində teatrların ənənəsini davam etdirirdi. Müasir mövzu repertuarı isə zəif idi. Bədii cəhətdən tamaşaların tələbatına cavab verməyən, ideya baxımından qüsurlu tamaşalar meydana çıxdı. Belə qüsurlar Sabit Rəhman (“Aşnalar”, 1945) və Səməd Vurğun (“İnsan”, 1945) kimi tanınmış müəlliflərin tamaşalarında özünü göstərirdi.
Dövrün teatrını qəhrəman, döyüşən teatr kimi qələmə verən teatrşünasların təbirincə desək, Böyük Vətən müharibəsi Azərbaycan insanının qələbə əzmini sürətləndirməklə, gücləndirməklə yanaşı, onun sənət, teatr eşqini də alovlandırdı...
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 8 may.- S. 11.