“Oyuğ”un uğur marafonu

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları yenidən həmyaşıdlarını sevindiriblər. “Oyuq”çular mayın 7-də ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü, eləcə də Gül bayramı münasibətilə tamaşa-konsert təşkil ediblər. Paytaxtın lisey və orta məktəblərin şagirdləri əvvəlcə “Şahın xudpəsənd oğlu” tamaşasına baxıblar. Sonra konsert proqramı və rəqslər nümayiş olunub.

Studiyanın pedaqoqu Səidə Haqverdiyevanın sözlərinə görə, üç ildir fəaliyyət göstərən qrup mütəmadi konsert proqramı və tamaşalarla çıxışlar edir. Növbəti tədbir 28 May - Respublika Gününə həsr olunacaq. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə isə pantomim tamaşa-konsert hazırlanır: “Bundan əlavə, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Arşın mal alan” operettasını pantomima elementlərinin köməyi ilə təqdim edəcəyik. Operettadan bir neçə ariya və duet müzikl formasında hazırlanacaq. İnanıram ki, balaca dostları onların bu sürprizini də bəyənəcəklər”.

Onu da qeyd edək ki, “Oyuq” teatr-studiyası bugünlərdə Milli Suverenlik və Uşaqlar Günü münasibətilə Türkiyədə keçirilən ənənəvi festivalda iştirak edib. Studiyanın iki balaca üzvü Bolqarıstan və Belarusda keçiriləcək uşaq musiqi və teatr festivallarına dəvət alıb.

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 11.

 

Həmidə Nizamiqızı