“Bakı 2015”in qonaqları üçün regionlara da turlar təşkil ediləcək

 

Bələdçi xidmətinə Turizm və Menecment Universitetinin tələbələri də qoşulacaqlar

 

Mədəniyyət və Turizm Nazirliyi Avropa Oyunlarının keçiriləcəyi müddətdə yerli turizm şirkətlərinə ölkənin müxtəlif bölgələrinə turlar təşkil etməyi tövsiyə edib.

 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, artıq turizm şirkətləri bu turları təşkil etməyə hazırdır. Turlar həm Bakı və şəhər ətrafını, həm də paytaxta yaxın regionları əhatə edəcək. Şöbə müdiri qonaqların turist bələdçiləri ilə təminatında heç bir problem yaranmayacağını da qeyd etdi: “Avropa Oyunlarına gələn qonaqlara xidmət göstərmək üçün Bakı şəhərində kifayət qədər bələdçi var. Mədəniyyət və Turizm Nazirliyi yalnız Oyunların keçiriləcəyi müddət üçün deyil, hər zaman turizm şirkətlərinə bələdçi kartları olan bələdçilərlə əməkdaşlıq etməyi tövsiyə edir. Bələdçilər Azərbaycan Turizm və Menecment Universitetindəki bələdçi kurslarında iştirak edərək bələdçi kartları əldə edirlər. Kartın olması bələdçinin fəaliyyəti üçün artıq bir icazədir».

«Millennium Tourism & Congress» şirkətinin baş direktoru Ruslan Quliyevin sözlərinə görə, Avropa Oyunlarının keçiriləcəyi müddət üçün yeni turların təqdim olunmasına ehtiyac yoxdur. Odur ki, qonaqlara hazırda istifadə edilən turpaketlər təqdim olunacaq. Bu turlar Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını - şimal istiqamətində Quba, Qusar, Xaçmaz, cənub istiqamətində Lənkəran, Masallı və İpək Yolu üzərində yerləşən Şamaxı, İsmayıllı, Qəbələ və Şəkini əhatə edəcək. Turların qiymətləri isə təqdim olunan xidmətlərin çeşidindən, səfərin müddətindən asılıdır. Bir nəfər üçün birgünlük turun qiyməti orta hesabla 20-50 manat arasında dəyişir: «Oyunların keçiriləcəyi müddət üçün turların qiymətləri hazırkı qiymətlərdən fərqlənməyəcək. Təbii ki, biz də süni qiymət artımına yol verilməsində maraqlı deyilik. Bizim birinci məqsədimiz bu Oyunlardan yararlanaraq Azərbaycanın turizm potensialını qonaqlara təqdim etməkdir. Mədəniyyət və Turizm Nazirliyinin tövsiyələrinə uyğun olaraq, hər bir şirkət Avropa Oyunlarına hazırlıq çərçivəsində öz xidmətlərinin təşkilində, kadrlarının hazırlıq səviyyəsinin yüksəldilməsində aktiv iştirak edir. Tarixi-mədəni, əyləncəli və s. turların təşkili üçün hazırlıqlar görülüb».

Şirkət rəhbəri onu da qeyd etdi ki, turistlərin sifarişlərini vaxtında yerinə yetirmək məqsədilə operativ xidmət fəaliyyətə başlayıb. Həftənin bütün günlərində, hətta iş saatından sonra sifarişin qəbul edilməsi mümkün olacaq. Qonaqlara bələdçilikdə isə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri də şirkətlərə kömək edəcək. Artıq 500-ə yaxın tələbə bu məqsədlə qeydiyyatdan keçib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.-  8 may.- S. 10.