“Qızıl Kəlmə” ədəbi mükafatı təqdim edildi

 

Mayın 7-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatının təqdimat mərasimi keçirildi.

 

Əvvəlcə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli çıxış edərək mükafatın tarixi haqqında məlumat verdi. Bildirildi ki, mükafat 2008-ci ildə təsis olunub, 2009-cu ildə ilk qaliblər müəyyən edilib. Əsasnaməyə uyğun olaraq iki ildən bir keçirilən müsabiqə Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsi olaraq, yaradıcı insanların əməyini stumullaşdırmaq, müasir qələm sahiblərini geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərləri yaratmağa təşviq etmək məqsədi daşıyır.

Sayca dördüncü olan mükafata 5 nominasiya, nəsr, poeziya, ədəbi tənqid və publisistika, orijinaldan bədii tərcümə və uşaq ədəbiyyatı üzrə 61 əsər təqdim edilib.

Əsərlər nazirliyin rəhbərliyi ilə nüfuzlu qələm sahibləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Çingiz Əlioğlu, Nizaməddin Şəmsizadə, Telman Vəlixanlı, Vaqif Bəhmənli, Rəşad Məcid, Vaqif Yusifli və Elnarə Akimovadan ibarət 11 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bu il beş əsas mükafatla yanaşı daha iki əsəri fərqləndirən “Şans” mükafatının verilməsi də məqsədəuyğun sayılıb. Ümumilikdə 11 əsər mükafata layiq görülüb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, “Qızıl Kəlmə” mükafatının nominasiyaları o sahələri daha çox əhatə etməlidir ki, ədəbiyyatın həmin sahələrində daha geniş tədqiqata ehtiyac var. Oxucu tələbatı, seçilən əsərlərin sonradan Azərbaycan ədəbiyyatında təsiri nəzərə alınmalıdır. Burada bizim üçün önəmli olan odur ki, ədəbiyyatın bütün istiqamətləri təmsil olunsun və yazarlar arasında maraq yaransın. Bu da yeni-yeni sənət əsərlərinin meydana gəlməsinə təkan yaradır.

Nazir qeyd etdi ki, son dövrdə ədəbi tənqid, araşdırma, mədəni irs nümunələrinin tədqiqi sahəsində az yazılar yer alır. Dramaturgiya sahəsində də yeni əsərlər yaradılmalı, müasir dövr bu əsərlərdə öz əksini tapmalıdır. Bu gün ədəbiyyat sahəsində böyük bir proses yaşanır. Prezidentin sərəncamı ilə latın qrafikasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri çap olunur. Eyni zamanda Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatında öz yerini tutmalıdır: “Ona görə bu məsələlər haqqında ciddi düşünməliyik. Kitaba maraq azalır desələr də, məncə, bu, yanlış fikirdir. Sözsüz ki, gerçəklik odur ki, kitabxanaya gedib kitab oxuyanların sayı azdır. Amma rəqəmsal variantda dünya ədəbiyyatı nümunələrini, bədii əsərləri gün ərzində yüz minlərlə insan oxuyur. Böyük ədəbiyyatsız dünyanı təsəvvür etmək olmaz”.

Bildirildi ki, bu gün Azərbaycan kitabı ən nüfuzlu kitab sərgilərində nümayiş olunur: “Müasir Azərbaycan ədəbiyyatı ilə yanaşı, keçmişimizi, dəyərli filosofların əsərlərini də təqdim edərək, sübut etməliyik ki, Azərbaycan xalqının tarixi, fəlsəfəsi var və bəşəriyyət olduqca var olacaq. Biz qədim və nadir kitablarımızı, əsərləri rəqəmsal daşıyıcılara köçürüb gələcək nəsillərə çatdırmalıyıq. Bu, mürəkkəb iş olsa da, çox gərəkli addımdır. Bu gün mükafata təqdim edilən əsərlər də gələcək nəsil üçün gərəkli əsərlərdir. Mükafata layiq görülən bütün müəllifləri təbrik edir, onlara yeni yaradıcılıq axtarışları arzulayıram”.

Sonra “Qızıl Kəlmə” ədəbi mükafatının qalib müəllifləri və əsərləri elan edildi:

Nəsr nominasiyası: Natiq Məmmədli (“Körpüdə ümid” romanı) və Şəmil Sadiq (“Odərlər” romanı).

Poeziya: Əhməd Qəşəmoğlu (“Sonsuzluğun ahəngi” şeirlər kitabı) və Ramiz Məmmədzadə (“Ümid” şeirlər kitabı).

Ədəbi tənqid və publisistika üzrə: Azər Turan (“Əli bəy Hüseynzadə”) və Bədirxan Əhmədov (“XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələləri və problemləri”).

Bədii tərcümə: Şıxəli Əliyev (Nəcib Məhfuzun “Fivin mübarizəsi” romanı) və Kazım Səlimov (Stiven Kinqin “Yazı sənəti” kitabı).

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası: Qəşəm İsabəyli (“Leyləyin intiqamı”) və Sevinc Nuruqızı (“Qədim Bakıya səyahət” kitabı).

“Şans” mükafatı: Fuad Babanlı (“Qırovdan sonra”) və Rəşid Faxralı (“Ömrümün üç nöqtəsi”).

Mükafatlandırılanlar yaradıcılıqlarına verilən qiymətə görə Mədəniyyət və Turizm Nazirliyinə, münsif heyətinə öz təşəkkürlərini bildirdilər.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 8.