Müəllimə ehtiramın Heydər Əliyev örnəyi

 

Dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin vətən və millət qarşısında xidmətlərindən, uğurlu siyasətindən, müstəqil dövlət quruculuğuna verdiyi misilsiz töhfələrdən nə qədər bəhs etsək azdır. Mən bu yazıda ulu öndərin Naxçıvanda orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olan, ədəbiyyatşünas alim, görkəmli maarif xadimi, “İstiqlal” ordenli, respublikanın Əməkdar müəllimi Lətif Hüseynzadəyə olan münasibəti haqqında söhbət açmaq istərdim.

 

Heydər Əliyevin sadə insanlara münasibəti qibtə ediləcək qədər örnək idi. O, hakimiyyətdə olduğu bütün dövrlərdə hara səfər edirdisə, tanıdığı zəhmət adamları ilə görüşür, hal-əhval tutur və onlarla ünsiyyətə can atırdı. Naxçıvanda dövlət qulluğunda işləyərkən onun hər gəlişini səbirsizliklə gözləyər, hər çıxışına diqqətlə qulaq asardım. Görkəmli siyasi xadimin öz müəlliminə olan münasibətinin şahidi olduğum bir neçə məqamını oxucularla bölüşəcəyəm.

I məqam. 1996-cı il oktyabrın 26-da Naxçıvan şəhərində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin təntənəli açılış mərasimi keçirilirdi. Əlində əsa olan bir qoca böyük izdihamı yararaq məqbərənin qarşısına yaxınlaşırdı. Elə bu zaman Prezident Heydər Əliyev pillələri enib, onunla səmimi görüşdü, hal-əhval tutdu, stul gətirdərək onu əyləşdirdi, sonra tarixi çıxışını davam etdirdi.

II məqam. 13 oktyabr 1999-cu il tarixdə Naxçıvanda “Kazım Qarabəkir paşa məscidi”nin açılış mərasimi keçirilirdi. Geniş nitqi söyləyən Prezident Heydər Əliyev birdən dayanır, çöhrəsinə təbəssüm qonur, sanki ötən günləri xatırlayır. Üzünü mərasim iştirakçılarına tutaraq deyir: “Burada mənim gənc vaxtımda, 13-16 yaşlarımda, orta məktəbi bitirdiyim illərdə mənə dərs verən, ana dili, türk dili, Azərbaycan dili dərsi verən müəllimim oturubdur - Lətif Hüseynzadə. Dünən təntənəli mərasimdə öz müəllimlərimi yada salırdım. 60 il, bəlkə də 65 il bundan öncə mənə dərs deyən müəllimlərimdən birinci - əziz müəllimim Lətif Hüseynzadənin adını çəkdim. O, dünən mərasimdə yox idi. Amma onu yad etdiyimi televiziya ilə eşidib bu gün buraya gəlmişdir. Mən burada onunla görüşdüm. Çox məmnunam, çox sevinirəm ki, indiyə qədər yaşayır, öz fəaliyyətini davam etdirir və böyük işlər görür”.

Daha sonra Heydər Əliyev öz nitqində belə deyir: “Xatirimdədir, 1982-ci ildə - o vaxt Azərbaycanın başçısı idim, - məni Moskvaya dəvət edib Siyasi Büronun üzvü və baş nazirin birinci müavini vəzifəsinə təyin etdilər. Mən beş il orada çalışandan sonra məcburi istefaya getdim. Moskvada üç il ağır şəraitdə yaşayandan sonra Bakıya, oradan da Naxçıvana gəldim. Burada bacım yaşayırdı, onun kiçik evində yerləşdim. Məni sayan adamlar gəlib görüşür, kiçik bir həyətdə məni ziyarət edirdilər. Mənim müəllimim Lətif Hüseynzadə gəldi. O qədər sevindim ki! Çünki mən ondan 39-cu ildə ayrılmışdım, bu isə 90-cı il idi. Oturduq çox söhbət etdik. Mən onun o vaxt dediyi sözləri sizə bildirmək istəyirəm. Dedi ki, əzizim Heydər, sən çalış ki, erməni düşmənlərimizin burada qarşısını al. Naxçıvana təcavüzə icazə vermə. Çünki 18-ci ildə onlar Naxçıvana hücum etdilər, əgər türk ordusu buraya gəlməsəydi, Kazım Qarabəkir paşanın ordusu Naxçıvana gəlməsəydi, hamımızı qıracaqdılar. Bu mənim gözümün qabağında olan hadisədir. Yəni 1990-cı ildə Lətif müəllim, Lətif Hüseynzadə 1918-ci ili yadına saldı və o illərin şahidi olaraq mənə bir ağsaqqal, müəllim kimi tövsiyələrini verdi”.

Onu da qeyd edək ki, yazıçı-jurnalist Güllü Məmmədova “Qarabəkir əfsanəsi” adlı sənədli tarixi romanında 1918-20-ci illərdə Naxçıvanda baş verən ictimai-siyasi hadisələrdən bəhs edir. Naxçıvanda yaşayan ziyalıların erməni daşnaklarına qarşı mübarizəsindən söz açan müəllif o vaxt gənc tələbə olan Lətif Hüseynzadənin də fəaliyyətini qeyd edir və kitabın ərsəyə gəlməsində onun xatirələrindən də istifadə etdiyini vurğulayır.

III məqam. 18 iyun 2002-ci il. Naxçıvanda görkəmli realist rəssam Bəhruz Kəngərlinin muzeyinin açılış mərasimində geniş nitq söyləyən Prezident Heydər Əliyev yekunda belə deyir: “Bəli, bu gün demək olar ki, Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindən biridir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının böyük istedada malik insanları olubdur. Yeri gəlmişkən, bu bina haqqında bir neçə kəlmə demək istəyirəm. Çünki mən bu binada oxumuşam, təhsil almışam. Mən burada orta təhsil alandan sonra Bakıya gedib Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşam. Mən həmişə Naxçıvanda oxuduğum dövrü xatırlayıram, bu dövr mənim yadımdan heç vaxt çıxmayacaqdır. Ona görə də müəllimlərimin hamısı yadımdadır. Mən birinci gün sevdiyim müəllim Lətif Hüseynzadə ilə görüşdüm. Elə bil ki, dünən idi. O, Azərbaycan dili dərsi keçirdi, Azərbaycan ədəbiyyatı dərsi keçirdi. Məndən bəzən soruşurlar, axı Siz təhsilinizin əsas hissəsini rus dilində almısınız, işlərinizin hamısı, demək olar ki, o dövrün tələblərinə görə rus dilində gedibdir. Bəs nə cür olubdur ki, Azərbaycan dilini bəzi azərbaycanlılar kimi unutmamısınız? - Onlar heç əvvəl də bilməyiblər ki, unutsunlar. Belələri xüsusilə Bakıda çoxdur. Amma o illər Lətif müəllimin, təkcə Lətif müəllimin deyil, başqa müəllimlərimizin də bizə verdiyi dərslər, şəxsən mənə verdiyi dərslər və tövsiyələr bu günə qədər yadımdadır və bütün həyatımda həmişə mənə kömək edibdir”.

Bəs ulu öndərin böyük məhəbbətlə xatırladığı, ehtiram göstərdiyi Lətif Hüseynzadə kim olub? Lətif Talıb oğlu Hüseynzadə 1903-cü il aprelin 24-də Naxçıvan şəhərində anadan olub. İlk təhsilini şəhərdəki “Xeyriyyə” və “Rüşdiyyə” adlanan dini mədrəsələrdə alıb. 1922-1925-ci illərdə Naxçıvan Müəllimlər Seminariyasında oxuyub. 1925-ci ildə paytaxta gələrək Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil alıb. İlk əmək fəaliyyətinə İrəvan Türk Müəllimlər Seminariyasında başlayan pedaqoq 1930-1936-cı illərdə burada dərs deyib. 1936-cı ildən 1940-cı ilədək Naxçıvan Pedaqoji Texnikumunda müəllim və dərs hissə müdiri işləyib. Daha sonra C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunda müəllim, kafedra müdiri və direktor vəzifələrində çalışıb.

Lətif Hüseynzadə Azərbaycan Elmlər Akademiyası Naxçıvan Elmi Mərkəzində elmi işçi, daha sonra direktor, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji İnstitutunda dil-ədəbiyyat metodikası şöbəsinin müdiri, İrəvan Dövlət Pedaqoji İnstitutunda və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda dosent vəzifəsində çalışıb. O, pedaqoji fəaliyyətlə yanaşı, elmi araşdırmalar da aparıb, Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair əsərlər yazıb. Mütəmadi olaraq dövri mətbuatda məqalələr çap etdirib.

“Molla Nəsrəddin” ədəbi məktəbinin istedadlı davamçılarından olan satirik şair Əliqulu Qəmküsarın həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyası müdafiə edən Lətif Hüseynzadə orta əsrlər divan ədəbiyyatını da araşdırıb. XV əsrdə yaşamış Qaraqoyunlu hökmdarı Müzəfərəddin Cahanşahın “Həqiqi” təxəllüsü ilə Azərbaycan və fars dillərində yazdığı “Divan”ını aşkara çıxararaq nəşr etdirib.

Lətif Hüseynzadə ötən əsrin əvvəllərində erməni-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvanda törətdikləri qırğınların şahidi kimi tarixi əhəmiyyətli xatirələrini qələmə alıb. Alimin bu xatirələri “Araz şahiddir” adı ilə ölkəmizdə (2002) və Türkiyədə (2008) nəşr olunub.

2002-ci ildə Prezident Heydər Əliyev müəllimi Lətif Hüseynzadənin 100 illiyinin keçirilməsi haqqında muxtar respublika Ali Məclisinə göstəriş verib və onu Azərbaycanın ali mükafatı - “İstiqlal” ordeni ilə təltif edib. 2007-ci il may ayının 9-da “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsində Lətif Hüseynzadə yubileyində ümummilli liderin onu təbrik etdiyini deyirdi: “Heydər Əliyevin özü Bakıdan mənim 100 illiyimi təbrik etdi. Mənə “İstiqlal” ordeni verdi. Bu, təkcə mənə deyil, bütün müəllimlərə, pedaqoji əməyə verilən yüksək qiymət idi. Onun mənə göndərdiyi təbrik məktubu təkcə, şagirdin müəlliminə minnətdarlıq duyğularının ifadəsi deyildi. Dövlət başçısı olan şagirdimdən, zəmanənin ən böyük tarixi simaları ilə bir sırada duran siyasət nəhəngi yetirməmdən bu sözləri eşitmək, əlbəttə, mənim üçün böyük iftixar idi. Heydər Əliyev böyük siyasətçi və müdrik dövlət başçısı idi. O, öz ağlı, kamalı ilə bütün dünyanı fəth etdi. Azərbaycan xalqını bütün dünyaya tanıtdı. Onun, Vətənimiz, xalqımız qarşısındakı xidmətləri tarixdə analoqu olmayan, misli görünməyən xidmətlərdir. Ona görə də mən bir müəllim kimi çox istərdim ki, həmkarlarım - yaşlı və cavan müəllimlər - öz şagirdlərini Heydər Əliyev nümunəsində tərbiyə etsinlər. Heydər Əliyevin irsini dərindən öyrənib gənc nəslə də öyrətsinlər...”

“Heydər Əliyev kimi bir şəxsin müəllimi olduğum üçün özümü xoşbəxt sanıram” - deyən Lətif Hüseynzadə 2008-ci ildə, 105 yaşında vəfat edib.

 

Zəkiyyə Hacıyeva,

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş elmi işçisi

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 7.