Onun satirası xalqa məhəbbətdən yaranmışdı

 

Mayın 6-da Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Əzim Əzimzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə görkəmli rəssamın 135 illik yubileyinə həsr edilən tədbir keçirildi.

 

Tədbiri Ə.Əzimzadənin ev-muzeyinin direktoru İradə Əzimzadə açaraq sənətkarın irsindən bəhs etdi. Bildirdi ki, bu gün rəssamların yeni nəsli onun ənənələrindən bəhrələnirlər. Ə.Əzimzadə elə bir sənətkardır ki, yaradıcılığını sönməz məşələ bənzətmək olar.

Xalq rəssamı Arif Hüseynov bildirdi ki, Ə.Əzimzadə vətənpərvər sənətkar idi, bütün varlığı ilə xalqına bağlı olub. Onun başqa xalqlardan geri qalmasını, miskin olmasını istəməyib. Karikaturaları ilə hər bir soydaşına “Daha bəsdir, biz də qəflət yuxusundan oyanmalıyıq, geri qalmamalıyıq, yumruq kimi bir hədəfə vurmalıyıq” deyib...

Xalq rəssamı Ağəli İbrahimov qeyd etdi ki, Ə.Əzimzadənin rəssamlıq sahəsində ilk ciddi addımları “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi karikaturalar ilə başlayıb. “Məzəli”, “Tuti”, “Zənbur”, “Babayi-Əmir” adlı jurnallarda da satirik rəsmlərlə çıxış edib. Məişət janrı, xalqın adət və ənənəsində mövcud olan mənfiliklərin tənqidi rəssamı düşündürən başlıca mövzulardan olub. Görkəmli sənətkarın ənənələri bu gün də yaşayır və gənc rəssamlar tərəfindən öyrənilir.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) üzvü İan Piart çıxışında qeyd etdi ki, Ə.Əzimzadənin satirası Azərbaycan xalqına sevgidən, məhəbbətdən yaranıb: “Onun ali təhsili olmayıb. O, öz üzərində işləyə-işləyə yüksəlib və məktəb yaradıb. Bu məni heyrətləndirdi”.

Əzim Əzimzadə adına İncəsənət Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov, Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar incəsənət xadimi Bayram Hacızadə, rəssam Telman Babayev çıxış edərək rəssamın zəngin yaradıcılıq məziyyətlərindən söhbət açdılar.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 6.