Georgi Şaroyev adına məktəbin yubiley konserti

Mayın 4-də Azərbaycan Dövlət Filarmoniyasında Bakı şəhər Georgi Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Şagirdlərin ifasını Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijoru Xalq artisti, professor Rauf Abdullayev) müşayiət edib.

 

Konsertin əvvəlində Bəstəkarlar İttifaqının katibi, BMA-nın professoru Zemfira Qafarova çıxış edərək məktəbin tarixindən danışıb. Bildirib ki, 1934-1935-ci tədris ilində Bakı Dairəvi Zabitlər evinin nəzdində fəaliyyətə başlayan məktəb 1961-ci ildən onbirillik təhsil üzrə fəaliyyətini davam etdirib. 1987-ci ildən Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Professor G.Şaroyev məktəbdə məşhur musiqiçiləri və pedaqoqları ətrafına toplayaraq istedadlı şagirdlər yetirib. 1969-cu ildə G.Şaroyev vəfat etdikdən sonra məktəbə onun adı verilib.

Məktəbdə 20-dən çox ixtisas tədris olunur. 400-dək şagirdin təhsili ilə 100-dən çox müəllim məşğul olur. Şagirdlər arasında onlarla respublika və beynəlxalq müsabiqələr laureatları və 4 nəfər Prezident təqaüdçüsü var. Bildirildi ki, konsertdə iştirak edən şagirdlər də respublika və beynəlxalq müsabiqələr laureatlarıdır.

Sonra maestro Rauf Abdullayevin rəhbərlik etdiyi orkestrin müşayiəti ilə şagirdlər maraqlı proqramla çıxış edərək dinləyicilərin könlünü oxşayıblar. Osman Mustafazadə (skripka, müəllimi Zəhra Quliyeva), Kamal Şükürov (tar, Qüdrət Məmmədov), Maqsud Musazadə (fortepiano, Rəşidə Məmmədzadə), Gülnaz Eldarlı (fortepiano, İrina Qrinik), Nəriman Əmiraslanov (fortepiano, Siala Sinamdzqvarişvili), Suada Hacızadə (fortepiano, Siala Sinamdzqvarişvili) və Atabala Manafzadənin (fortepiano, Kamilla Əmirova) çıxışları alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 5.