Mədəniyyət
və Turizm Nazirliyində xarici QHT rəhbərləri ilə
görüş
“Şuşaya azadlıq” kampaniyasının tərəfdaşları ölkəmizdə səfərdədir
Mayın 6-da Mədəniyyət
və Turizm Nazirliyində 20 xarici ölkəni təmsil edən
30-a yaxın qeyri-hökumət təşkilatının (QHT)
rəhbərləri ilə görüş keçirildi.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli görüşün məqsədi ilə bağlı məlumat verərək bildirdi ki, qurum Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şuşaya azadlıq” adlı beynəlxalq kampaniya həyata keçirir. Kampaniyanın məqsədi işğal altında qalan mədəni irsimiz, tarixi yurd yerlərimiz haqqında həqiqətləri çatdırmaqdır. Bu məqsədlə 20 ölkədən QHT rəhbərləri Azərbaycana dəvət edilib və onların iştirakı ilə müxtəlif görüşlər keçirilir.
«Şuşaya azadlıq» beynəlxalq kampaniyasının tərəfdaşları ilə Mədəniyyət və Turizm Nazirliyində görüşün təşkil olunmasında da məqsəd onların Azərbaycanın işğal altında olan torpaqlarındakı tarix-mədəniyyət abidələri ilə bağlı daha çox məlumat almasını təmin etməkdir.
Görüşdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov bildirdi ki, Şuşaya azadlıq mövzusu hər bir Azərbaycan vətəndaşı üçün xüsusi həssas mövzudur. Xarici QHT nümayəndələrinə belə bir kampaniyaya qoşulduqlarına görə təşəkkür edən Rafiq Bayramov nazirliyin hər zaman mədəniyyətlə bağlı layihələrə dəstək verdiyini diqqətə çatdırdı. Qeyd edildi ki, Azərbaycanda 3-cü sektorun fəaliyyətinə dövlət səviyyəsində qayğı göstərilir, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması da buna örnəkdir.
Sonra Azərbaycanın turizm potensialı, mədəniyyəti, mətbəxi, turizm-istirahət mərkəzləri, o cümlədən “Şahdağ” və “Tufandağ” kompleksləri haqqında videomaterial nümayiş etdirildi.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov qonaqlara Azərbaycanın turizm imkanlarından danışdı, ölkəyə gəlmək istəyən xarici vətəndaşlar üçün tətbiq edilən elektron viza qaydaları haqqında məlumat verdi. Onun sözlərinə görə, 2014-cü ildə elektron viza ilə 30 mindən çox insan Azərbaycana səfər edib. Şöbə müdiri xarici QHT nümayəndələrinin iyun ayında keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı suallarını da cavablandırdı.
Sonda qonaqlara Azərbaycanın turizm imkanlarını əks etdirən reklam-çap məhsulları təqdim edildi.
«Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik»
Moldova Demokratik Gənclər Təşkilatının sədri Roybu Dmitriy «Şuşaya azadlıq» beynəlxalq kampaniyası ilə bağlı fikirlərini qəzetimizlə bölüşdü: “Bizim əsas məqsədimiz bütün ölkələrin ərazi bütövlüyü prinsipini dəstəkləyən beynəlxalq konvensiyalara əməl olunmasıdır. Bilirik ki, Ermənistan bu sənədlərin heç birinə məhəl qoymadan 20 ildən artıqdır Azərbaycan torpaqlarını işğalda saxlayır. Kampaniyaya qoşulan hər bir qeyri-hökumət təşkilatı öz ölkəsində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında tarix və mədəniyyət abidələrini məhv etməsi barədə təbliğat aparacaq. Müxtəlif beynəlxalq konvensiyalarda göstərilir ki, hətta müharibə dövründə belə abidələrə toxunulmamalıdır. Amma təəssüflər olsun ki, ermənilər buna hörmət etmirlər. Erməni diasporu hazırda çox güclüdür. Onlar bu güclərindən istifadə edib öz əməllərinin üstünü ört-basdır etməyə çalışırlar. Biz də çalışacağıq ki, öz fəaliyyətimizlə onların bu yalanlarını ifşa edək, Azərbaycanın haqlı mövqeyini təbliğ edək».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2015.- 8 may.-
S. 4.