“Çövkən
- qədim atüstü Qarabağ
oyunu”
Məqalə müsabiqəsinin qalibləri mükafatlandırıldı
2014-cü ilin sentyabr ayında Mədəniyyət və Turizm Nazirliyi xalqımızın köklü dəyərlərinin ayrılmaz hissəsi olan, Azərbaycan mədəniyyətini və mənəviyyatını əks etdirən milli xalq oyunumuz çövkən haqqında qələmə alınan yazıları dəyərləndirmək, bu oyunu təbliğ etmək, qələm sahiblərini bu istiqamətdə yazmağa həvəsləndirmək məqsədilə "Çövkən - qədim atüstü Qarabağ oyunu" mövzusunda məqalə müsabiqəsi elan etmişdi. Qaliblər üçün pul mükafatı və diplom nəzərdə tutulmuşdu.
Mayın 7-də Milli Kitabxanada müsabiqənin qalibləri mükafatlandırıldı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni nəslə tariximizi, keçmişimizi, milli adət-ənənələrimizi lazımi şəkildə çatdırmaq üçün aktual mövzularda tədqiqatların, məqalələrin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, bu xüsusda ən çətin məsələlərdən biri xaricdə təbliğat üçün kifayət qədər güclü ədəbiyyatın çatışmazlığıdır: “Ölkəmizin tarixi-mədəni irsi haqqında hələ yetərincə yazılı nümunələr yoxdur. Bu problemlər hamımızı düşündürməlidir. Tariximizi layiqincə təbliğ edib yaşatmalıyıq. Tarixi abidələrimizi, xalq yaradıcılığı nümunələrimizi UNESCO-ya təqdim edərkən ekspertlər tədqiqatlara başlayırlar və bu zaman yetərincə araşdırma və məlumatların olmadığını görürük. Bu səbəbdən belə müsabiqələrin keçirilməsi tariximizi zənginləşdirir”.
Sonra müsabiqə qalibləri mükafatlandırıldı. Müsabiqəyə 20 yazı təqdim olunub. Üç yazı mükafata layiq görülüb: I yer - Nadir Rəhimli (“Qarabağda top çövkən”), II yer - Mehdi Mükərrəmoğlu (“Qarabağın çövkən oyunu UNESKO-nun qeyri-maddi mədəni irs siyahısında”), III yer - Şakir Məmmədli (“Çövkən oyununun əlamətləri qayaüstü rəsmlər və xalçalarda”).
Qaliblər müsabiqənin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər.
Lalə
Mədəniyyət.- 2015.- 8 may.- S. 4.