Böyük müharibənin yaddaşı

İstiqlal Muzeyində sərgi açılıb

 

Mayın 7-də Azərbaycan İstiqlal Muzeyində II Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunmuş “Yaddaş körpüsü” adlı tədbir keçirildi. Tədbirdə Veteranlar Şurasının, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edirdilər.

Muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək 1941-1945-ci illər müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq və rəşadət tarixindən danışdı. Bildirdi ki, müharibədə faşizm üzərində qələbənin qazanılmasında Bakı nefti əsas amillərdən biri olub.

Veteranlar adından çıxış edən Əlikişi Cümşüdlü müharibə dövründə keçdiyi ağır döyüş illərindən danışdı. O, müharibənin dəhşət saçan anlarını xatırlayaraq gənc nəslə vətən uğrunda, torpaqlarımızın azad olunması yolunda döyüşə hazır olmalarını tövsiyə etdi.

Sonra sərgiyə baxış keçirildi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş sərgidə muzeyin fondunda saxlanılan plakat kolleksiyası və 1941-1945-ci illər müharibəsini əks etdirən müxtəlif əşyalar, sənədlər nümayiş olunur.

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 3.