Uşaqlar
üçün “Dərs”
“Azərbaycanfilm” kinostudiyası uzun fasilədən sonra uşaqlar üçün yeni ekran əsərini təqdim edib
“İstəyirik ki, bütün məktəb yaşlı övladlarımız bu filmi izləsinlər. Filmə baxan hər bir yeniyetmə, hər bir şagird özünə yaxın olan obrazları tapacaq”.
Mayın 7-də
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında uşaqlar üçün çəkilmiş
“Dərs” bədii filminin təqdimatı keçirildi.
Təqdimatdan öncə filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov uzun illər fasilədən sonra uşaqlar üçün çəkilmiş filmin məktəb həyatından, yeniyetmələrin münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs etdiyini vurğuladı.
Filmin rejissoru Rafiq Əliyev bildirdi ki, ekran əsərində çəkilən 24 uşaq Bakının 200-dək məktəbində 6,7 və 8-ci sinif şagirdləri arasından seçilib: “Uşaqlarla filmdə işləmək bir az çətin məsələdir. Amma bizim uşaqlar çox istedadlı olduqları üçün üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər. Filmdə az sayda professional aktyor rol alıb. Çəkilişlər üç aya yaxın davam edib. Film isə ümumilikdə bir ilə tamamlanıb”.
Rafiq Əliyev bildirdi ki, filmdə bir sıra debütlər olub. Ekran əsəri rejissor Cavid Təvəkkülün bədii filmdə debütüdür. Rol alan aktyorların da bir çoxu ilk dəfə filmə çəkilib.
Filmdə əsas rolları ifa edən uşaqlar çəkilişlərin maraqlı olduğunu qeyd etdilər. Aktyor olmaq arzusunu dilə gətirənlər də oldu.
* * *
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Dərs” filminin Azərbaycan kinosu tarixində yeni bir hadisəyə çevriləcəyinə ümidvar olduğunu bildirdi: “Filmdə müasir Azərbaycan yeniyetmələrinin formalaşması, onların daxili dünyası və tərbiyə edilməsi kimi məsələlərə toxunulur. Hesab edirəm ki, bu filmdə insan həyatının çox maraqlı mərhələsindən danışılır. Müxtəlif xarakterli uşaqlar öz daxili keyfiyyətləri ilə özünü təsdiq etmək, cəmiyyət arasında özünə yer tapmaq, liderlik xüsusiyyətlərini nümayiş etdirməyə çalışırlar”.
Nazir bildirdi ki, yay tətilləri zamanı Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi də planlaşdırılır: “İstəyirik ki, bütün məktəb yaşlı övladlarımız bu filmi izləsinlər. Filmə baxan hər bir yeniyetmə, hər bir şagird özünə yaxın olan obrazları tapacaq. Uşaqlarımız filmin qəhrəmanlarına bənzəməyə çalışacaq. Hətta bəzi obrazlara tənqidi yanaşacaqlar, onları qəbul etməyəcəklər. Bu da normal haldır. Amma inanıram ki, bu film əsl vətəndaşa, əsl dostluğa xas olan xüsusiyyətləri təbliğ etməklə gələcək nəslin təlim-tərbiyəsində öz sözünü deyəcək”.
Sonra filmin yaradıcı heyəti səhnəyə çıxdı. Quruluşçu rejissor Rafiq Əliyev çəkiliş prosesinin ekran əsərində rol alan uşaqlar üçün bir məktəb olduğunu dedi: “Uşaqlara kamera qarşısında necə dayanmağı, necə danışmağı öyrətdik. Deyərdim ki, onlar qısa müddət ərzində bir kino məktəbi keçdilər. İnanıram ki, film yaxşı alınıb. Amma son qiyməti siz tamaşaçılar verəcəksiniz”.
Rafiq Əliyev filmin ərsəyə gəlməsinə göstərdiyi hərtərəfli dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Sonra film nümayiş olundu. Qeyd edək ki, filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və Bakı məktəbliləri çəkiliblər.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 8 may.-
S. 2.