“Azərbaycana
xoş gəlmisiniz!”
Mayın 10-da Heydər Əliyev Sarayında “Azərbaycana xoş gəlmisiniz!” (“Welcome to Azerbayjan!”) adlı konsert keçirilib. Gənclər və İdman Nazirliyi, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşan konsert ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub.
Konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” gənclər kamera orkestri çıxış edib. Orkestrin ifasında Aqşin Əlizadənin "Cəngi", Qara Qarayevin "Adajio və rəqs", Antonio Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay”, Niyazinin “Arzu” və “Qaytağı”, Astor Piatsollanın “Fuqa-misterio”, Fərhad Bədəlbəylinin “Dəniz”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından “Əsgərin mahnısı”, Motsartın “Divertisment” III hissə, Jorj Bizenin “Karmen” operasından “Xabanera”, Sevil Əliyevanın “Ana”, Ernesto de Kurtisin “Sorrentoya qayıt”, Vasif Adıgözəlovun “Qərənfil”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Yohann Ştrausun "Polka-pizzicato", Asəf Zeynallının “Ölkəm” əsərləri və xalq mahnısı “Qaragilə” səsləndirilib.
Gecənin solistləri xalq artistləri Murad Adıgözəlzadə, Yeganə Axundova, Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Tünzalə Ağayeva, Sahib Paşazadə, beynəlxalq müsabiqə laureatları Güllü Muradova, Ceyla Seyidova, Aytac Şıxəlizadə və Emil Bağırov olub.
Konsert boyu monitorda ölkəmizin mədəniyyətini,
incəsənətini, tarixi yerlərini əks etdirən
videoçarxlar nümayiş etdirilib.
Mədəniyyət.- 2015.- 13 may.-
S. 16.