“Nə eləmişəmsə,
o bir gözə borcluyam”
Çoxları
bilmir ki, dörd məşhur rəssamımız bütün
həyatları boyu bir gözlə görüblər, bununla
belə, Azərbaycan rəssamlığının gözəl
örnəklərini yaradıblar.
Onlar respublikanın xalq rəssamları Böyükağa Mirzəzadə, Mikayıl Abdullayev, Əməkdar rəssam Əyyub Məmmədov və tanınmış rəssam Əbdülxalıq Rzaquliyevdir. İndi onların heç biri yaşamda yoxdur. Vaxtilə mən onlardan ikisi - B.Mirzəzadə və M.Abdullayevlə görüşüb bu mövzuda söhbət eləmişəm.
Xalq rəssamı Böyükağa Mirzəzadə (1921-2007) danışırdı ki, o, təsadüf nəticəsində rəssam olub. Yeddi yaşında ikən sağ gözü tutulan rəssam bütün ömrü boyu sol gözünün ümidinə qalıb. Çoxuşaqlı ailədə böyüdüyündən yaşayışları pis olub, ona görə də balaca Böyükağanın məktəb yaşı yetişəndə onu dərsə aparmaq belə yada düşməyib. Çıxılmaz durumda qaldığından ilk dəfə məktəbə təkbaşına getməli olub. Məktəbdə ondan soyadını soruşublar, bilməyib. Məcbur olub babasının adını soruşublar. O da «Mirzağa» deyə cavab verib. Bununla da balaca Böyükağanın soyadı dəyişib olur Mirzağazadə. Əslində isə rəssamın soyadı Salamov idi. Ağlı söz kəsəndə isə rəssam öz soyadını «Mirzəzadə» yazdırır.
Onun sənətə gəlişi də çox maraqlıdır. Yeddinci sinfi bitirdikdən sonra sənədlərini Tibb Texnikumuna vermək istəyib. Ancaq məhəllələrindəki Muxtar adlı bir tələbə rəssamın təkidilə Rəssamlıq Məktəbinə üz tutur.
Bu xatirəni rəssam özü sağlığında mənə danışıb: «O vaxta kimi bir dənə də olsun şəkil çəkməmişdim. Rəssamlıq nə olduğunu bilmirdim. Muxtar mənə dedi ki, gəl, Rəssamlıq Məktəbinə gedək. Mən də getdim, görüm, nə olacaq? Qabaqca özümçün bir az kağız, tuş, karandaş aldım. İlk dəfə aldığım tuşqabının şəklini çəkdim. Sonra qəbul imtahanına getdim. Orada məndən başqa bir nəfər də “Mirzəzadə” soyadlı oğlan var idi. İşlərimiz dəyişik düşməsin deyə, soyadlarımızın qarşısına A və B yazmışdılar. İmtahan qurtarandan sonra məktəbə getdim. Gördüm ki, «B.Mirzəzadə» qəbul olunanlar arasındadır”.
Rəssamlıq Məktəbinə girəndə karandaş tuta bilməyən Böyükağa Mirzəzadə sonradan özünə çox tələbkar yanaşıb, gecə-gündüz üzərində işləyib, çalışıb. Moskvada təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb, milli rəssamlarımızın yetişməsində böyük iş görüb.
* * *
Azərbaycan boyakarlığında öz yolu, yöntəmi olmuş Əməkdar rəssam Əyyub Məmmədov (1921-1994) da uşaqlıqdan bir gözünü itirib. 1936-1941-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub. Tələbəlik illərindən ciddi yaradıcılığa başlayan Ə.Məmmədov rəssamlığın bütün janrlarında gözəl əsərlər yaradıb. Üstəlik, bir gözlə rəssam könüllü olaraq II Dünya müharibəsinə yollanıb.
Savaşdan dönən Ə.Məmmədov 1946-cı ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna daxil olur. Altı il təhsildən sonra vətənə qayıdır, Rəssamlıq Məktəbində dərs deyir, uzun illər məktəbin direktoru olur.
Rəssamın əsərlərindəki zəngin rəng çalarları hamını özünə cəlb etməkdədir. Bir gözlə mürəkkəb, çoxfiqurlu əsərlər yaratmaq hər rəssamın işi deyil. Ə.Məmmədovun «Çoban Qədir Bağırovun portreti» əsəri sovet rəssamlarının ABŞ-da düzənlənən sərgisində yüksək dəyərləndirilmişdi.
* * *
Hamının yaxşı tanıdığı, mərhum Xalq rəssamı Mikayıl Abdullayevin (1921-2002) gözlə bağlı problemi hələ lap uşaqlıqdan başlayıb.
Sağlığında rəssam başına gələn olayı mənə belə danışıb: «Bir yaşım olanda yuxudan ayılmışam, anamı səsləyib ayağa durmuşam. Yerimək istəyəndə ayağım yerdəki xalçanın saçağına ilişib, xalçanın üzərindəki yeddilik lampanın üzərinə yıxılmışam. Əllərim, gözlərim yanıb. Bir ildən yuxarı hər iki gözüm görməyib. Həkimlərə aparıblar, heç bir faydası olmayıb. Qonşumuz Ağa Seyidməhəmməd Xorasana ziyarətə gedirmiş, anam da evdə olan dəyərli daş-qaşlarını gətirib ona verir ki, al bunları, orada ağadan mənim əvəzimdən övladımın gözlərini istə. Günlərin bir günü mən dillənmişəm: «O nədir orada parıldayır?» Evdə bir sevinc yaşanıb ki. Hamı sevinib, ağlayıb...
Uşaqlıqdan şəkil çəkməyə başlamışam. Anamın ara-sıra şəkil çəkməyi var idi. O, çəkərdi, mən də ona baxıb həvəslənərdim. Rəssamlıq Məktəbinə sənəd verəndə sağlamlıq haqqında kağız istədilər. Mən də həkim baxışından keçdim. Soruşdular ki, hansı məktəbə gedirsən? Dedim, Rəssamlıq Məktəbinə. Gözümdəki çatışmazlığı görüb «neqoden» yazdılar. Evə gəldim, qardaşım dedi ki, işləri korlamısan. Sonra başa saldı ki, «ne»ni poz, «qoden» qalsın. Mən də bir tikə çörək götürüb «ne» hissəsini pozdum, sənədlərimi məktəbə verib qəbul olundum. Beləliklə, mənim həmişə bir gözüm görüb. Nə eləmişəmsə, ona borcluyam».
Ömrünün son illərində də yaradıcılıqdan qalmayan böyük sənətkar 12 faiz görmə bacarığının olduğunu bildirirdi və onu da yetərli sayırdı: «Rəssama daha çox daxili göz gərəkdir»,- deyərdi.
* * *
Gözdən əlil başqa bir rəssamımız Əbdülxalıq Rzaquliyev olub. Onun istedadlı bir rəssam olmasını çağdaşları yaxşı xatırlayırlar. O, işlədiyi mövzu ilə bağlı hər şey verməyə çalışırdı və bunu bacarırdı. Bu baxımdan Babəkə həsr olunmuş «Xalq qəhrəmanı» əsəri çox dəyərlidir. Əsərdə çoxlu obrazlar var və onların hər biri sanki diridir və bu dirilik əsərin dinamikliyini artıran başlıca cəhətdir. Eləcə də Əbdülxalıqın üç müəlliflə birgə işlədiyi «Dövlətə pambıq təhvili» əsəri də onun ən gözəl işlərindəndir.
Bildirək ki, adlarını çəkdiyimiz görkəmli rəssamlarımızın yaradıcılığı ilə yaxından tanış olmaq istəyənlər Azərbaycan Milli İncəsənət Muzeyinə baş çəkə bilərlər.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 13 may.-
S. 13.