Sənətkar imzasının işığı

Ələsgər Ələkbərov - 105

 

Çəkdiyi dostluq şarjlarında fitri rəssamlıq istedadı aydın görünür. Bəstələri isə bəstəkarlıq məharətinin parlaq nümunəsidir. Lakin o nə peşəkar rəssam, nə də bəstəkar olur, taleyini aktyorluğa bağlayır. Beləliklə, Əbilov klubunun səhnəsindən başlanan yol sənət dünyasının ən uca zirvələrinə qədər uzanır. Aktyor sənəti həyatının ən böyük mənasına çevrilir.

 

İstər səhnə, istərsə də kino tariximizin böyük bir dövrü Ələsgər Ələkbərovun adı ilə sıx bağlıdır. Bir əsri adlayan sənətkar imzası bu gün də işığını qoruyur, yaratdığı obrazlarda yaşayır və sevilir!.. Fitri istedadı, zəngin aktyor texnikası, coşqun temperamenti, amiranə səsi, obrazın həyatı ilə yaşaya bilmək qüdrəti aktyor sənətkarlığını səciyyələndirən mühüm xüsusiyyətlərdir. O, ata rollarının təkrarsız ifaçısı kimi də tanınır. Yaratdığı obrazlarda ata məhəbbəti, ata böyüklüyü, ata tərbiyəsi həmişə ön plana çəkilir.

Teatr və kino sənətinin inkişafında xidmətlərinə görə 1938-ci ildə respublikanın Əməkdar artisti, 1939-cu ildə Xalq artisti adına layiq görülür. 1961-ci ildə isə SSRİ Xalq artisti fəxri adı ilə təltif olunur.

Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakıda müflisləşmiş tacir ailəsində dünaya gəlib. Ailədəki narazılığa baxmayaraq 17 yaşlı Ələsgər Bakı Teatr Texnikumuna daxil olur. Təhsil illərində Abbas Mirzə Şərifzadədən, Cəfər Cabbarlıdan sənət dərsləri alır. 1929-cu ildə "Vulkan üzərində ev" filmində Həsən obrazı tələbə-aktyorun ekran debütü, gələcək uğurlarının təməli olur!..

1930-cu ildə kinorejissor Mikayıl Mikayılov eyniadlı ssenarisi əsasında lentə aldığı "Lətif" filminə onu kolxoz sədri roluna dəvət edir. O zaman filmin baş qəhrəmanını oynayan 10 yaşlı Lətif Səfərovun gələcəkdə rejissor olacağı, "Leyli və Məcnun" filmində Ələsgər Ələkbərovu Şeyx Əmiri roluna çəkəcəyi heç kimin ağlına belə gəlmir.

Bakı Teatr Texnikumunu bitirəndən sonra Ələsgər Ələkbərov Bakı İşçi Teatrının səhnəsində artıq peşəkar aktyor kimi ilk səhnə addımlarını atır. Bu illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurur. Az sonra qısqanclıq zəminində ayrılaraq ikinci dəfə evlənir.

Səhnədə yaradıcılıq uğurları birmənalı qarşılanmır. Müxtəlif subyektiv rəylərdə guya "ştampa, süni pafosa qapılmaq"da, "psixoloji və məntiqi cəhətdən özünü doğrultmayan qeyri-təbii vəziyyətlərə" görə suçlanır.

Ə.Ələkbərovun səhnə obrazları canlı, həyati xüsusiyyətləri ilə diqqət çəkir. Bakı İşçi Teatrında əsasən komik rolların ifaçısı kimi tanınır. "Ölülər"də Hacı Baxşəli aktyorun ifasında həmişə sürəkli tamaşaçı alqışları ilə qarşılanır. Hacı Həsən ağanın yanına qaça-qaça gəlməsini, tövşüyə-tövşüyə Kərbəlayı Fətullahın dirilmə xəbərini soruşmasını özünəməxsus məharətlə, şarja yol vermədən oynayır. Hacı Baxşəlinin fanatizmi, mövhumata inamı Ə.Ələkbərovun təqdimində tünd satirik boyalarla əksini tapır. Eşitdiyi xəbərə münasibətində, ağlamasında, inamında və təəccübündə aktyor ansamblında fərqli üslubu ilə seçilir.

1933-cü ildən taleyini Azərbaycan Dövlət Dram Teatrına bağlayan aktyor fərqli xarakterli rollar ifa edir. "Od gəlini"ni əsərində Aqşin obrazı ilə yeni yaradıcılıq ampluasını təsdiqləyir. C.Cabbarlı Ələsgər Ələkbərovu quruluş verəcəyi "Almaz" filmində Fuad roluna çəkməyi nəzərdə tutur. Gözlənilmədən vəfat edən C.Cabbarlının sənət arzusunu Ağarza Quliyev həyata keçirir. Ə.Ələkbərovun səssiz filmlərdə yaratdığı obrazlar onu istedadlı kino aktyoru kimi də tamaşaçılara sevdirir.

1939-cu ildə kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmində Aşıq Göydəmir Ələsgər Ələkbərovun səsli kinoda ilk roludur. Obrazda təbii, realist ifadə boyaları üstünlük təşkil edir.

"Fətəli xan" filmi (1947) Ələsgər Ələkbərovun ekran yaradıcılığında xüsusi yer tutur. Yaratdığı baş qəhrəmanın xarakterindən irəli gələn romantik ruh aktyorun sənət palitrasında realist boyalarla üzvi şəkildə birləşir. Fətəli xan zəngin mənəvi dünyası ilə - Vətənin bütövlüyünü hər şeydən üstün tutan sərkərdə və müdrik rəhbər kimi aktyorun təqdimində canlanır. Tarixi hadisələr zəminində Fətəli xanın müqəddəs amal naminə apardığı işıqlı mübarizə ifadəli oyun tərzində əksini tapır.

"Qara daşlar"da (1956) Ələsgər Ələkbərov görkəmli rejissor Adil İsgəndərovla tərəf-müqabil olur. Baxış zamanı bu səhnələri kinostudiyanın bədii şura üzvləri kəskin tənqidlə qarşılayır. Şura üzvləri aktyorlarda "teatrallıq" ünsürləri axtarmağa çalışır. Əslində, iki nəhəng aktyorun oyunu milli kinomuzun ən qiymətli epizodlarıdır desək, yanılmarıq.

Teatr tamaşalarından "Vaqif"də Vaqif, "Fərhad və Şirin"də Fərhad, "Aydın"da Aydın, "Romeo və Cülyetta"da Tibalt, "Kral Lir"də Kral Lir, "Otello"da Otello aktyorun səhnə fəaliyyətinin yeni sənət nailiyyətləri olur.

Ə.Ələkbərovun Vaqifi son dərəcə nadir sənət hadisələrindən biri kimi teatr tariximizə həkk olunub. Ə.Ələkbərov bu obrazla aktyor yaradıcılığında ən parlaq uğurlarından birini qazanır. Canlı əfsanəyə dönərək yenilməz səhnə qüdrətini, nəhayətsiz yaradıcılıq potensialını nümayiş etdirir.

Onun xüsusi məharətlə canlandırdığı Otello teatr tənqidi tərəfindən yüksək dəyərləndirilir. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında aktyorun çıxışı sürəkli alqışlarla qarşılanır. Mərkəzi mətbuat səhifələrində Ə.Ələkbərov bu obrazla Şekspir teatr məktəbinin ən görkəmli aktyorları ilə bərabər tutulur.

1958-ci ildə kinorejissor Həbib İsmayılov "Ögey ana" filmində Ələsgər Ələkbərovu kolxoz sədri Hüseyn dayı roluna çəkir. Bu obraz ikinci dərəcəli olmasına baxmayaraq, parlaq aktyor oyunu ilə yadda qalır. Ələsgər Ələkbərov Hüseyn dayını el ağsaqqalı kimi məharətlə canlandırır. Kinorejissor növbəti filmində - "Böyük dayaq"da onu baş qəhrəman roluna dəvət edir. Aktyor bu obrazı təkcə kolxoz sədri deyil, müdrik ailə başçısı, qayğıkeş ata kimi də yaratmağa müvəffəq olur. Oynadığı obrazın iç dünyasına xüsusi önəm verən Ə.Ələkbərov onun xarakterik xüsusiyyətlərini ön plana çəkir. Rüstəm kişinin yüksək təşkilatçılığı, təsərrüfatı dərindən bilməsi, dostluqda sədaqəti, ailədəki zabitəsi ilə tamaşaçıların qəlbində silinməz iz buraxır.

Kinorejissor Ağarza Quliyevin "Səhər"ində (1960) o, Rəhim bəyin mürəkkəb xarakterinə sənətkar həssaslığı ilə yanaşır. Obrazın riyakarlığını, təkəbbürünü, saxtakarlığını ifadəli oyununda daha qabarıq verir. Görkəmli aktyor Rəhim bəyin eyni zamanda qayğıkeş ata olmasını, övladının sabahı, xoşbəxtliyi naminə yaşadığı nigarançılığı da inandırıcı şəkildə göstərir.

“Böyük dayaq” filmində Rüstəm kişinin oğlu Qaraşa (Həsən Məmmədov) sillə vurduğu səhnə ilə bağlı müxtəlif söz-söhbətlər dolaşır. Və o "ata şapalağı"nı "ustad şapalağı" adlandıranlar da var...

Həsən Məmmədov söhbətlərində o səhnə ilə bağlı deyirdi ki, əvvəlcə sillə sərt olmadığı üçün rejissor Həbib İsmayılov səhnəni bəyənməyib. Rejissor Ələsgər müəllimə "Oğlunu ailə xəyanəti üçün lazımınca cəzalandırmalısan" deyib. “Növbəti dublda ustadın tərs silləsiylə gözümdən od sıçramağı bir oldu", - deyirdi Həsən Məmmədov.

Rüstəm kişi Ələsgər Ələkbərovun ekran yaradıcılığının son səhifəsidir. Filmin çəkilişlərindən az sonra görkəmli sənətkar gözlərini bu dünya işığına əbədi yumur...

Ömrünün son illərində yaradılan süni sənət intriqaları, əsası olmayan dedi-qodular nəticəsində Ələsgər Ələkbərovla Adil İsgəndərovun münasibətlərində sərinlik yaranmışdı. Teatrdan uzaqlaşdırılan Adil İsgəndərov Ələsgər Ələkbərovun dəfn mərasiminə gəlir və 20 ildən artıq çiyin-çiyinə çalışdığı sənət dostu haqqında "onun kimi aktyor bir də səhnəyə gəlməyəcək" deyir...

Ələsgər Ələkbərovun əsrə üstün gələn sənətkar imzası səhnə və ekran qəhrəmanlarının gözündəki əbədi, sönməz işığın timsalında əbədi yanacaq...

 

Hatəm Əsgərov,

Bakı şəhər Suraxanı rayon “8 Mart" adına Mədəniyyət evinin bədii rəhbəri

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 12.