Mədəniyyət sahəsində elektron məlumat sistemi

Tərkibi, təşkili və idarə olunması qaydaları təsdiq edilib

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli, 102 nömrəli qərarı ilə “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması qaydaları” təsdiq edilib. Qərara əsasən mədəniyyət sahəsində elektron məlumat sisteminin təşkili ilə bağlı proqram təminatı və mərkəzi serverin texniki təchizatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət monitorinqinin aparılması, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır. Elektron məlumat sistemini (informasiya resursunu) mədəniyyət sahəsindəki məlumat bazalarının sistemli formada birləşdirilməsini, bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə və təhlükəsizliyinin təmin edilməsini, sistem üzrə axtarışların aparılmasını, digər funksional əməliyyatların həyata keçirilməsini təmin edən xüsusi proqram kompleksi təşkil edəcək. Mədəniyyət sahəsinə dair məlumat bazası elektron məlumat sisteminin mərkəzi serverində yerləşəcək.

Dövlət orqanları, hüquqi və fiziki şəxslər elektron məlumat sistemindən məlumat almaq üçün bilavasitə elektron məlumat sisteminin inzibatçısına sorğu vasitəsilə müraciət edəcəklər. Daxil olan sorğu inzibatçı tərəfindən öyrənilərək 7 iş günü müddətində onun icrası təmin ediləcək.

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 10.