Müasir Azərbaycan dövlətinin banisi

 

Mayın 8-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə «Müasir Azərbaycan dövlətinin banisi» mövzusunda tədbir keçirilib.

Universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirib, qlobal proseslərin istiqamətverici subyekti kimi tanınıb: «Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi, təcrübəsi misilsiz mənəvi xəzinədir və zaman-zaman öyrənilməlidir».

ATMU-nun İctimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi, dosent İbrahim Əliyev «Azərbaycanın dövlət müstəqilliyinin bərpası və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri» adlı məruzəsində ulu öndərin strateji əhəmiyyətli layihələrin reallaşmasında müstəsna xidmətlərindən danışıb.

Turizm biznesi kafedrasının müdiri, tarix elmləri namizədi, dosent Bahadur Bilalovun «Azərbaycanda turizmin inkişafında Heydər Əliyevin müstəsna xidmətləri» mövzusunda etdiyi təqdimat-məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd olunub ki, ümummilli lider ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. Məhz bu səbəbdən də hakimiyyətə qayıdışından az sonra - 4 noyabr 1993-cü il tarixində onun göstərişi ilə Nazirlər Kabineti «Respublikada xarici turizmin inkişafı və tənzimlənməsi tədbirləri haqqında» sənəd qəbul etdi. Sonrakı illərdə «Turizm haqqında» qanun qəbul edildi, bu sahənin dövlət tənzimi üçün Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı (2001). 2002-ci ildə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə ilk beynəlxalq turizm sərgisi təşkil olundu, Heydər Əliyevin sərəncamı ilə «2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı» qəbul edildi.

Tədbirdə ATMU-nun kafedra müdirləri - iqtisad elmləri namizədi Mais Köçərli, pedaqoji elmlər namizədi, dosent Seyidəli Məmmədli, sənətşünalıq elmləri namizədi dosent Günay Qafarova və başqalarının məruzələri dinlənilib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 9.