"Axınla aşağı" filmi mükafata layiq görülüb

 

Rejissor Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi 30 aprel-7 may tarixlərində ABŞ-ın Los-Anceles şəhərində keçirilən “SEEfest” kinofestivalında “Ən yaxşı tammetrajlı debüt film” mükafatına layiq görülüb. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib.

Amerika Kino Akademiyasının dəstəyi ilə keçirilən, Cənubi və Şərqi Avropa ölkələrin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edən festivalın proqramlarında bu il ümumilikdə 23 ölkədən ekran əsərləri yer alıb. Filmin nümayişində və mükafatın təqdim olunma mərasimində quruluşçu rejissor Asif Rüstəmov iştirak edib.

Qeyd edək ki, "Axınla aşağı" bədii filminin dünya premyerası Karlovı Varı beynəlxalq festivalı (Çexiya) çərçivəsində “East of the West” müsabiqə proqramında gerçəkləşib. Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur. Rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 8.