Qarabağ həsrəti - reallıqdan ekrana

 

Şuşanın işğalının ildönümündə iki qısametrajlı film təqdim olundu

 

Mayın 8-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Qara bağ” və “İnikas” qısametrajlı bədii filmlərinin təqdimat mərasimi keçirildi.

 

Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə təqdimatın qədim Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının ildönümünə təsadüf etdiyini xatırlatdı: “Azərbaycanfilm” kinostudiyası Qarabağ mövzusuna dəfələrlə müraciət edib, bu mövzuda müxtəlif ekran əsərləri çəkilib. Bu gün təqdim olunacaq filmlərin rejissorları Amil Məmiyev və Ayşad Səfərəliyev Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetinin kurslarını bitiriblər. Bu filmlər də hər iki gəncin diplom işləridir”.

Gənc rejissorlar Amil Məmiyev və Ayşad Səfərəliyev çıxış edərək filmləri haqqında fikirlərini bölüşdülər, ekran işlərinin ərsəyə gəlməsində onlara dəstək göstərənlərə və yaradıcı heyətə təşəkkürlərini bildirdilər.

Sonra gənc rejissorlar Amil Məmiyevin “Qara bağ” və Ayşad Səfərəliyevin “İnikas” qısametrajlı bədii filmləri nümayiş olundu.

Qeyd edək ki, dram janrında olan “Qara bağ” filminin adı tarixi problemimizi metaforik dillə tamaşaçıya çatdırır. “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır. Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr bu düyünlər vasitəsilə filmin ümumi kontekstinə köçürülüb. Filmdə məcburi köçkünlərin hazırkı yaşayışı, Qarabağ həsrəti bir sıra simvollarda əksini tapır. Ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfər və başqaları çəkiliblər.

“İnikas” filmi SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir.

Filmin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və başaqları oynayırlar.

Qeyd edək ki, “İnikas” filmi IV “Qırğızıstan - qısametrajlı filmlər ölkəsi” beynəlxalq festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 6.