Tarixi Qələbəyə əvəzsiz töhfələr

 

“Azərbaycan xalqı parlaq, şərəfli keçmişini unutmur və yaşadır”

Mayın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə həsr edilmiş təntənəli tədbir keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan tədbirdə müharibə veteranları, müharibə dövründə arxa cəbhədə rəşadət göstərmiş əmək veteranları, müvafiq qurumların və ictimaiyyətin nümayəndələri iştirak edirdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdən öncə filarmoniyanın foyesində veteranlarla səmimi şəkildə görüşdü.

Mərasimdə çıxış edən Əbülfəs Qarayev bildirdi ki, Qələbə bayramı xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Vurğulandı ki, faşizm üzərində qələbənin 70 illik yubileyi bütün dünyada qeyd edilir. Bu müharibə bəşər tarixinə ən dəhşətli müharibə kimi daxil olub, 50 milyondan çox insanın həyatına son qoyub.

Bildirildi ki, II Dünya müharibəsində alman faşizmi və yapon militarizmi üzərində çalınan qələbəyə Azərbaycan xalqının verdiyi töhfələr də əvəzsizdir. Müharibədə Azərbaycanın mərd, cəsur övladları digər xalqların nümayəndələri ilə çiyin-çiyinə misilsiz qəhrəmanlıq nümunələri göstəriblər. Qələbədə Bakı nefti müstəsna rol oynayıb. Çox əlamətdardır ki, Azərbaycan xalqı parlaq, şərəfli keçmişini unutmur və yaşadır.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyev Böyük Vətən müharibəsi veteranlarına daim böyük diqqət və qayğı ilə yanaşardı. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı Qələbənin 70 illiyi ilə bağlı sərəncam imzalayıb. Bu gün Azərbaycanın bütün bölgələrində və ən ucqar yaşayış məntəqələrində bu bayram qeyd edilir. Əfsuslar olsun ki, bu gün Azərbaycan ordusu müharibə dövrünü yaşayır. Bu müharibədə də 20 min əsgərimiz şəhid olub. Onlar heç vaxt unudulmayacaq. İtirilmiş torpaqlarımız müzəffər ordumuzun qüdrəti ilə azad ediləcək.

 

 

 

 

Nazir bildirdi ki, müharibə zamanı ədəbiyyat və mədəniyyət xadimlərimiz daim cəbhədə döyüşçülərin yanında olublar. Onların qarşısında çıxış edərək qələbəyə inam yaradıblar. Müharibə mövzusunda onlarla bəstəkarımız vətənpərvərlik ruhlu mahnılar bəstələyib. Rəssamlarımız müharibə qəhrəmanlarımızın portretini çəkib. Şairlərimiz, yazıçılarımız şeir, povest, hekayə və romanları ilə xalqı qələbəyə ruhlandırıblar. Azərbaycan xalqı öz qəhrəman övladları ilə həmişə fəxr edib.

Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Qələbənin 70 illiyi münasibətilə maraqlı konsert proqramı ilə çıxış etdi. Konsertdə görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin “Zəfər himni”, “Milli marş”, “Şəfqət bacısı”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Dmitri Şostokoviçin “Leninqrad simfoniyası”, Qara Qarayevin “Bayrağımızdır”, David Tuxmanovun “Qələbə günü” və digər bəstəkarların əsərləri səsləndirildi.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən veteranlara mükafatlar təqdim olundu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 3.