Azərbaycan təsviri sənətində idman motivləri

 

İyun ayında paytaxtımızda keçiriləcək ilk Avropa Oyunları sadəcə böyük idman hadisəsi deyil, eyni zamanda mədəniyyətimizin, tarix və sənət irsimizin, turizm imkanlarımızın, ümumilikdə ölkəmizin çoxsaylı qonaqlara təqdimatı baxımdan mühüm bir imkandır. Avropa Oyunları mövzu və motiv olaraq müxtəlif incəsənət əsərlərində, o cümlədən təsviri sənət nümunələrində də əksini tapır, bununla bağlı sərgi və müsabiqələr keçirilir.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan təsviri sənətində idman mövzusuna dair maraqlı əl işləri var. Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova bizimlə söhbətində bu barədə maraqlı məlumatları diqqətə çatdırdı.

Mütəxəssis qeyd edir ki, Azərbaycan təsviri sənətində idman tematikası ötən əsrin əvvəllərindən başlayaraq peşəkar tərzdə əksini tapıb. Ümumilikdə isə hələ Qədim Yunanıstanda yaranan Olimpiya oyunları, orta əsrlərdə Şərqdə təşəkkül tapan çövkən oyunları, şikar zamanı yürüş və idman yarışlarından fraqmentlər freskalar, keramika və çini əşyalar üzərində, miniatürlərdə, heykəltəraşlıq kompozisiyalarında əks olunub. İdman müəyyən inkişaf dövrü keçərək ruhun rahatlığı olmaqla yanaşı, təsviri sənətdə fiziki tərbiyənin estetik inikasına çevrilib.

Azərbaycan incəsənətində idmanın bir sıra növləri fərqli şəkildə fırçaya alınıb. XX əsrin birinci yarısından etibarən idman mövzusunda tək-tək və silsilə rəsmlər meydana gəlib. Ələkbər Rzaquliyev, Xalidə Səfərova, Həsənağa Mustafayev, Hafiz Məmmədov, Altay Hacıyev, Sara Manafova, Mahmud Tağıyev, Toğrul Nərimanbəyov və digərləri emosional palitra zənginliyi, kompozisiya həllində olan forma və üslub fərqliliyi ilə bu mövzulara müraciət ediblər.

İdman qadın rəssamlarımızın da sevimli mövzusu olub. Xalq rəssamı Xalidə Səfərovanın kətan üzərində yağlı boya ilə çəkdiyi “Çövkən” tablolarında Azərbaycan miniatürlərində rast gəldiyimiz süjetləri xatırladan üslub izlənilir. Sözsüz ki, burada yalnız ümumi mənzərə gözə çarpsa da, hərəkətlər, insan təsvirləri, əsərlərdəki ümumi elementlərin axıcılığı tamamilə fərqlənir. Kətan üzərində yağlı boya ilə çəkilən “Çövkənçilər” əsərində isə oyunçu gənclər arasında dialoq səhnəsi canlanır. Onların simasında xoş əhval-ruhiyyə sezilir. Əsər sanki filmdən bir fraqmenti xatırladan səhnə quruluşuna bənzəyir. Rənglər, dekorasiya bu səhnəni daha təsirli edir. Rəssamın şux rəngli sulu boya ilə “Qayıqlar” (1960), “Dənizdə” (1960), yağlı boya ilə işlədiyi “Velosiped yürüşü” (1963), “Yaxtalar” (1964), “Məşqə” (1966), “Yarışçı” (1967), “Yelkənlər” və s. əsərlər böyük həcmi, obrazların dinamik, təsirli təqdimatı ilə seçilir. Marina janrında işlədiyi “Yaxt-klub” (1961) əsərində rəssam şux rəng palitrasından istifadə edib. Tabloda rəng ahəngi süjet xəttinin üzə çıxmasına mane olmur. Əksinə, rəssamın dəniz mənzərəsi yaratmaq bacarığı daha qabarıq şəkildə üzə çıxır.

Sara Manafovanın “Olimpiya uçuşu” əsəri kətan üzərində yağlı boya ilə ərsəyə gəlib. Əsər öz dövrünün aktual hadisəsinə həsr edilib. Əlində məşəl tutan atlet qızlar səmada öz bacarıqlarını nümayiş etdirirlər. Müxtəlif dövlətlərin bayraqları üzərində dalğalanan məşəl və lentlər bu əsərin bədii məzmununu bir qədər də dərinləşdirir.

Ələkbər Rzaquliyevin “Güləş” (1965) qrafik əsəri kağız üzərində qara linoqravüra ilə ərsəyə gəlib. Kilim üzərində yerdə oturan insanlar milli geyimdədirlər. Onların hamısı idman (azarkeşləri) həvəskarlarıdır. Başlarında motal papaq, əyinlərində arxalıq olan insanlar bizim milli koloriti əks etdirir. Pəhləvanları nağara, tütək və zurna ifaçıları müşayiət edir.

Sonda qeyd edək ki, ölkəmizdə idmanın qədim tarixi arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri, qədim yazılı abidələr, ədəbi-tarixi mənbələrlə sübut olunur. Güləş, oxatma, qılıncoynatma, nizə atma, atçapma, çövkən və s. idman oyunları təsviri sənətdə də əksini taparaq müasir dövrədək gəlib çatıb.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 16.