“Yaxşı sənətkar
hər yerdə özünü sübut edəcək”
Xalq rəssamı Fazil Nəcəfov: “Bu gün gənclərdə baxış nöqtəsi dəyişib. Buna baxmayaraq, öyrənməyə can atanlar az deyil”
İnsan
ömründən çox-çox uzun və ədəbi olan
daş ömrü. Tarixin daş yaddaşı, əsrlərin
şahidi. Bu daşlarda tarixi yaşadanlar, daşı mədəniyyətin
bir səhifəsinə çevirməyi bacaranlar isə
daşların “dili”ni bilən insanlardır...
Xalq rəssamı,
heykəltəraş Fazil Nəcəfovla
görüşümüz zamanı bir daha sehrli daş
dünyası ilə tanış olmaq imkanı qazandıq. Rəssamın
emalatxanasındakı nümunələrin hər biri sanki bu
qiymətli dünyanın fərqli məqamlarının
mühafizəçiləridir. Susqun və eyni zamanda müəllifin
fikir dünyasını özündə gizlədən
daşlar. Hərəsinin öz mənası, öz
yükü var. Susqun görünsələr də, heykəllərin
hər biri sənətkar dühasının bir
parçasıdır. Fazil Nəcəfov bildirir ki, daşlarla
işləmək nə qədər çətindirsə, bir
o qədər də maraqlıdır. Eyni zamanda bu iş uzun
zaman tələb edir.
Əslində biz
80 yaşlı sənətkarla ad günü ərəfəsində
görüşməli idik. Amma səfərləri, sərgiləri
görüşümüzü bu günlərə gətirib
çıxardı...
- Düzü, mən ad günü keçirməyi heç xoşlamıram. Adi heykəltəraş-rəssamam. İctimai xadim deyiləm ki, bunu səs-küylü şəkildə qeyd edim. Mənim təfəkkürümdə ad gününü qeyd etməyin yeri yoxdur. Ömür kərpic-kərpic tökülür - bunu şadyanalıqla qeyd etmək yersizdir. Bu hislər mənə pis təsir edir. Ona görə də yubiley ərəfəsində sadəcə işlərimlə, səfərə, sərgiyə hazırlıqla məşğul oldum. Çox sağ olsunlar ki, Mədəniyyət və Turizm Nazirliyi məni təbrik etdi.
- Yəqin növbəti səfərə hazırlaşırsınız?
- Bəli. Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə ölkəmiz 56-cı Venesiya Biennalesində təmsil olunur. Məhz bu səbəbdən uzun müddət idi işləyirdim. Heykəllərin bir qisminin surətini, bir qisminin isə orijinallarını İtaliyaya yola saldıq. Ümumilikdə 8 əsərim biennaledə nümayiş olunacaq. Azərbaycan artıq beşinci dəfə Venesiya Biennalesində iştirak edir. Milli pavilyonumuzdakı “Hüdudları aşaraq” adlı sərgidə mənimlə yanaşı, 6 rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri də yer alıb.
- Bildiyimizə görə, son işlərinizdən biri bəstəkar Qara Qarayevin heykəlidir...
- Qara Qarayev Azərbaycanın böyük sənətkarıdır. Bu sifarişi alanda yüzlərlə eskiz işlədim. Amma belə olan halda seçim etmək də çətin olur. Bəzən gecələr də yuxudan oyanıb eskizlərə əlavələr edirdim. Bəstəkarın oğlu, professor Fərəc Qarayev eskizlərin hamısını bəyənmişdi. Sonda hazırkı variant üzərində dayandıq. Bilirsiniz ki, bu iş arxitektorla birlikdə görülür, ona görə də işin mükəmməl alınmasına çalışmaq lazımdır. Heykəl dörd ilə, böyük həyəcan və məsuliyyətlə başa gəldi. Fikir ayrılığımız olsa da, heykəli təqdim edə bildik.
- Pedaqoji fəaliyyətlə də məşğul olursunuz?
- Bəlkə də desəm, düzgün başa düşülməz. Amma yazılmamış bir qanun var. Yaxşı idmançı, yaxşı sənətkar hər yerdə özünü sübut edəcək. O insan görür ki, özünü təsdiq edə bilmir, bu zaman gedir məşqçi, yaxud müəllim kimi fəaliyyət göstərir. Hələ ki, tam yaradıcılıqla məşğulam.
- Niyə məhz heykəltəraş olmaq qərarına gəldiniz?
- Uşaq vaxtı dostum pionerlər evində rəssamlıq dərnəyinə gedirdi. Məktəbdə sinfə lazım olan bütün rəsmləri özüm çəkirdim. Buna görə onunla birlikdə dərnəyə yazıldım. Amma bir sirr açım, musiqiyə də həvəsim daha böyük idi. Bir dəfə yay vaxtı evdən gizlincə konservatoriyaya getdim. Özü də küçələrlə gedərkən diqqətlə yola baxırdım ki, geri dönəndə yolu itirməyim. Konservatoriyanın binasına daxil oldum. Təmir gedirdi, otaqların hansındansa piano səsi gəlirdi. Divarlarda bəstəkarların rəsmləri asılmışdı və bütün bunlar məni heyran edirdi. Musiqiyə marağım indi də qalıb. Özümü yaxşı hiss etməyəndə məni vəziyyətdən çıxaran bir neçə bəstəkar var. Emalatxanaya gəlirəm və mütləq onların musiqilərini dinləyirəm. Motsartın, Bethoven, Baxın əsərləri məni sakitləşdirir, özümü rahat və azad hiss edirəm. Fikrət Əmirovun, Qara Qarayevin əsərlərini, Rəşid Behbudovun ifalarını da dinləyirəm.
- Uşaqlıq dövrünüz II Dünya müharibəsi illərinə təsadüf edib. O illəri necə xatırlayırsınız?
- Hər hansı bir hadisəyə böyüklərin yanaşması bir cür, uşaqların yanaşması isə tamam fərqli olur. Həmin illərdəki aclığı heç vaxt heç bir xalqa arzu etmirəm. Bəlkə də o illərdə blokadadakı Leninqradda (Sankt-Peterburq) vəziyyət daha da ağır olub. Amma Bakı da həmin illərdə böyük çətinliklər yaşayan şəhərlərdən biri idi. Keçmiş Mirzə Fətəli və Poluxin küçələrinin arasında yaşayırdıq. Axşamlar şəhər qaranlığa bürünürdü. Almanların kəşfiyyat təyyarələri şəhərin üzərində görünürdü. Dəmir qanunlar hökm sürürdü. Səhər açılanda küçələrdə arıq, cılız dilənçilərin gülab, neft satanların səsi eşidilirdi. Bütün bu çətinliklərə baxmayaraq, hamı bir-birini tanıyırdı, oğurluq olmazdı. İnsanlar mehriban idilər. 300 qram turş və yapışqan qara çörək verirdilər. Səhər tezdən gedib növbə tutardıq. Uşaqların çoxu dərsdən qayıdandan sonra çörəyi ağızlarında çeynəyərdilər, udmazdılar ki, acmasınlar. Atam bizi küçəyə qoymazdı. Qapıda dayanıb oynayan uşaqlara tamaşa edərdim. Bununla yanaşı, digər tərəfi də görmüşəm. Həyətimizdə məmur yaşayırdı. Bir qızları var idi. Onlara maşınlarla yemək gəlirdi. Qonşular da bunu görürdülər. Aclıq vaxtı bu, insanlara pis təsir edirdi. Bütün bunlar sonradan mənim üçün həyat dərsi oldu.
- Övladlarınızdan sənətinizi davam etdirən varmı?
- Bir qızım heykəltəraşdır. Kürəkənlərimdən biri rəssam, digəri də heykəltəraşdır. Hətta nəvəm də bu il heykəltəraşlıq ixtisasını bitirdi. Amma onu deyim ki, bizim dövrdə aldığımız təhsil və biliklərlə indiki arasında böyük fərq var. Ona görə də mən evdə sənət müzakirələri gedərkən gənclərlə mübahisə etmirəm. İstənilən halda bizim məktəb hərtərəfli və daha güclü olub. Sənətlə məşğul olanın biliyi hərtərəfli olmalıdır. Dünyada baş verənlərdən xəbərdar olmalıdır. Buna görə də uşaqlara deyirəm ki, çox oxuyun, çox öyrənin. Əzim Əzimzadə rəssamlıq məktəbi də hər zaman güclü olub. O dövrdə biz Moskvada imtahan verəndə hamı Bakı məktəbinə rəqib kimi baxırdı. Bu gün gənclərdə baxış nöqtəsi dəyişib. Buna baxmayaraq, yenə də öyrənməyə can atanlar az deyil.
- Dünənin və bugünün sənətində hansı fərqləri görürsünüz?
- Dünənin sənətini görmək asandır. Amma bu gün sənəti elə asanlaşdırıblar ki, o sənətdən gələcəyə nə qalacaq, tarix nəyi yaşadacaq bunu zaman göstərəcək. İstərdim ki, sənətə qeyri-ciddi yanaşmasınlar. Konseptual sənət başqadır. Sənətdə tutduğun mövqeyin səbəbini yeni nəsillərə anlatmalısan. Bir neçə il əvvəl bir amerikalı emalatxanama gəlmişdi. Amerikada olduğum üçün onların sənəti haqqında məlumatım var idi. Əsərlərə baxdı və yeni bir iş axtardığını dedi.
- Hazırda hansı əsərlər üzərində işləyirsiniz?
- Bəzi yaradıcılıq nümunələrim var. Gil tez quruduğundan, yayda işləmək olmur. Ona görə də yəqin ki, həmin işləri qış aylarında tamamlayacağam.
* * *
1935-ci ildə Bakıda dünyaya göz açan Fazil Nəcəfov 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Bu sənət məbədində Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltəraşlığın sirlərini öyrənib. 1961-ci ildə V.İ.Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 60-cı illərdən sərgilərdə iştirak edən rəssamın “İzahat” adlı heykəl kompozisiyası, daha sonra isə “Neftçi” əsəri ictimaiyyətin diqqətini cəlb edib.
İllər keçdikcə bir-birindən maraqlı heykəltəraşlıq əsərlərindən ibarət zəngin irsi yaranıb.
Heykəltəraşın emalatxanasında gördüyüm “Qara ay“, “Korlar“, “Mələk“, “Həyatın mərtəbələri“, “Zamanın sədası“, “Söhbət“, “İstirahət edən qoca“, “Minillik insan“, “İbadət“, “Əkizlər“, “Fontan“ kimi nümunələr insanı sənət haqqında düşüncələrə dalmağa sövq edir. Bədii təxəyyüldən doğan sərbəst, cəsarətli formalar, orijinal ideyalı bu yığcam həcmli nümunələrdə müəllif insan hislərini qabarıq nümayiş etdirir. Bu heykəllərin hər birində insan taleyi var. Müəllif həyata daim yaradıcı münasibət bəsləyir. Məhz bu səbəbdən əsərləri zamanın tələbləri ilə səsləşməklə yanaşı, həm də gələcəyə hesablanıb. Emalatxanada heykəltəraşlıq örnəkləri ilə yanaşı, az da olsa, rəsm əsərləri də var. Burada da müəllifin özünəməxsus üslubu hiss olunmaqdadır. 80 yaşında da şövqlə yonub-yaradan Fazil Nəcəfovu yubileyi münasibətilə təbrik edərək sənət məkanından ayrılırıq.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 15 may.- S.
13.