Mədəniyyət və Turizm Nazirliyi QHT-lərlə işləməkdə maraqlıdır

Ölkəmizin mədəniyyətinin, turizm imkanlarının təbliğinə yönəlmiş layihələrə dəstək veriləcək

 

Xəbər verdiyimiz kimi, bugünlərdə Mədəniyyət və Turizm Nazirliyində 20 xarici ölkəni təmsil edən qeyri-hökumət təşkilatları (QHT) rəhbərləri ilə görüş keçirildi.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi «Şuşaya azadlıq» beynəlxalq kampaniyası ilə bağlı ölkəmizdə səfərdə olan qonaqlar görüş zamanı Azərbaycanın işğal altında olan torpaqlarındakı tarix-mədəniyyət abidələri ilə bağlı layihələr həyata keçirməkdə maraqlı olduqlarını diqqətə çatdırdılar. Mədəniyyət və Turizm Nazirliyinin bu məsələyə münasibəti necədir?

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Rəşad Əliyev qəzetimizə açıqlamasında Qarabağdakı tarixi abidələr, mədəniyyət nümunələri ilə bağlı təqdim olunacaq layihələrin əhəmiyyətini vurğuladı. Onun sözlərinə görə, nazirlik bu istiqamətdə layihələrdə xarici QHT-lərlə əməkdaşlıq etməyə hər zaman hazırdır.

Həmsöhbətim nazirliyin strukturunda QHT-lərlə iş sektorunun bu ilin yanvarında yaradıldığını diqqətə çatdırdı: “Sektorun əsas işi mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əlaqə yaradıb onların təqdim etdiyi layihələrə dəstək verməkdən ibarətdir. Bunun üçün il ərzində iki müsabiqənin keçirilməsi nəzərdə tutulur. Bunlardan biri Mədəniyyət və Turizm Nazirliyinin nəzərdə tutduğu tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakı ilə bağlıdır. Müsabiqəyə təqdim edilən layihələr müvafiq komissiya tərəfindən qiymətləndirilir. Qalib layihələr maliyyələşdirilir və qeyri-hökumət təşkilatları həmin layihələri həyata keçirir.

Digər müsabiqə birbaşa qeyri-hökumət təşkilatlarının özləri tərəfindən təqdim edilən layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Hazırda bu müsabiqə elan edilib”.

Rəşad Əliyev qeyd etdi ki, nazirlik həm yerli, həm də beynəlxalq QHT-lərin Azərbaycanın mədəniyyətinin və turizm imkanlarının təbliğinə yönəlmiş layihələrinə dəstək verməyə hazırdır. Sektor müdiri xüsusilə yerli QHT-lərin layihələrinin vacibliyinə diqqət çəkdi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin birinci müsabiqəsi zamanı 87 layihə təqdim olunub, 7 layihə komissiya tərəfindən seçilib maliyyələşdirilib. Bu zaman əsasən abidələr, milli geyimlər, iyunda Azərbaycanda keçiriləcək Avropa Oyunları, aşıq sənətinin inkişafı və kino ilə bağlı layihələrə üstünlük verilib: «Bu layihələrin icrasına may ayından start verilib. Xüsusilə Avropa Oyunları ilə bağlı layihələr çərçivəsində çoxlu işlər görülür. Oyunlar ərəfəsində və müddətində ölkəmizə gələn qonaqlara milli geyimlərimizin təqdim edilməsi də layihələr çərçivəsində görüləsi işlər sırasındadır».

Nazirlik rəsmisi növbəti müsabiqə zamanı turizm mövzusunda layihələrə də xüsusi önəm veriləcəyini qeyd etdi.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 11.