“Şairin dünyada bir eşqi olmur...”

 

“Həmişə söz mənə kömək eləyir. Hərdən də mən sözə kömək eləyirəm... Görəsən, oxucu bunu duyurmu?” - deyir istedadlı şair, tərcüməçi Vaqif Bəhmənli. Bəli, sözə həssas, zövqlü oxucular bu halları duyur və qiymətləndirirlər. Vaqif Bəhmənli söz sənətinə zərgər dəqiqliyi ilə yanaşır, onu ölçüyəgəlməz qüvvə hesab edir. Bunu yuxarıda verdiyimiz fikri - “həmişə” və “hərdən” kəlmələri çox aydın ifadə edir.

Uca sözün təsir qüvvəsi şairi təvazökarlıq həddini adlamağa imkan verməsə də, ürəyinin şəklini “şaxtadan partlamış nara” bənzədən, hətta küləyin rəsmini yaratmaq iqtidarında olan müəllifin poetik imkanlarını qiymətləndirməmək mümkün deyil.

Vaqif Bəhmənlinin 2013-cü ildə işıq üzü görən “İşartı. Yeriyərkən dediyim şeirlər” kitabında yaradıcılığının ilk çağlarından başlayaraq qələmə aldığı lakonik poeziya nümunələri yer alıb. Kitabla tanış olanda görürük ki, o, şeirin uzunluğunu, yaxud qısalığını əsas meyar olaraq qəbul etmir, əksinə, sözün “Qızıl orta”sını tapır, az sözlə dərin fəlsəfi düşüncələri ifadə edir. Təbiət, insan və onların müxtəlif halları şairin poetik sığalına çox üzüyola yatır. Müəllif könül dünyasından boylanan bu bədii duyğuları “işartı” kimi qələmə versə də, təqdim olunan şeirlər oxucu qəlbinə işıq, hərarət bəxş etmək gücündədir...

Şair bu şeirləri “sirli bir günə açılan sabah”a bənzədir, onları ağrıdığı zaman çəkdiyi “ah”la müqayisə edir:

 

Yeriyərkən dediyim şeirlər

sirli bir günə açılan sabah kimidir.

Yeriyərkən dediyim şeirlər

Ağrıyarkən çəkdiyim ah kimidir!

 

Vaqif Bəhmənli şeirin yaranışını özünəməxsus bir dillə ifadə edir:

 

Heç nədən,

heç nədən yaranır şeir!

Alçalmayan,

alçaltmayan

vurmayan,

vurulmayan,

əzilməyən,

əzməyən...

Haqsızlıq qabağında

qılınc kimi

dik duran...

heç nədən,

heç nədən yaranır şeir!

 

Şair sözdə duruluq axtarır. Bilir ki, söz yalnız duruluğa layiqdir. Axı o, “Bir uca taxtdan yaranır, göydəki Allahdan yaranır...”

Ədəbiyyatı ali yaddaşın ifadəsi hesab edirlər. Vaqif Bəhmənlinin şeirlərində də ali yaddaşın yüksək sənətkarlıqla ifadəsi əksini tapıb. Hər misrası, hər bəndi sirli duyğuların açarıdır. Şair bu sirləri qəlbinin gözü ilə açır. Əslində, şairlərin başqa imkanları da yoxdur. Vaqif Bəhmənli qayaların köksündə yaranan çatda, ağacların əyilməsində, hətta həndəsi paralel xətlərdə həyati mənalar tapır və oxucunu düşüncələrə qərq edir:

 

Niyə qayaların köksü çat olmuş,

Zaman məğrurluğu daşda sınayır.

Adicə küləkdən ikiqat olmuş

Ağacda yaltağın ruhu yaşayır.

Xoşbəxtliyin şəkli? Ən asan cavab,

Götür həndəsəni varaqla bir an;

Paralel xətlərə bax və özün tap,

Hansıdı xoşbəxtlik, hansıdı insan?..

 

Vaqif Bəhmənli şeriyyət dünyasına qədəm qoyandan yeni məna, yeni deyim-duyum sorağında olub, tapdalanmış yolla getməyi özünə rəva bilməyib. Şairin “Bahar - Payız arası”, “Dünya ayaq üstədir”, “Bar ver ümid ağacım”, “Yolum üstə bitən gül”, “Ömürdən uzun gecə”, “Dörd divar”, “Uzaqda bir işıq”, “Artırma”, “Belə yaxşıdır”, “Beş damla” və s. kitablarında yer alan şeirləri müasir Azərbaycan poeziyasının kamil örnəkləri sırasındadır.

Şair çiyinlərini elə çətin bir yükün altına verib ki, nə saymaqla, nə də düşünməklə dərk olunub qurtarasıdır. Özünün də yazdığı kimi,

 

Şairin dünyada bir eşqi olmur,

Payız eşqini say, yaz eşqini say.

Baxıb sonalamaq, ya seçki olmur,

Atəş eşqini say, buz eşqini say.

 

Mayın 23-də Vaqif Bəhmənlinin 60 yaşı tamam olur. “Sözün içində ömür sürən”, mənalar aləmi ilə baş-başa bu yaşa gəlib çatan şairə Tanrıdan möhkəm cansağlığı, söz ömrü arzulayırıq.

 

Fariz Yunisli

 

Mədəniyyət.-  2015.- 15 may.- S. 11.