İki dahi, iki şəxsiyyət

 

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarətə gələn hər kəsin gözləri önündə ilk öncə Üzeyir bəyin mərmər büstü, onunla yanaşı ulu öndərimiz Heydər Əliyevin böyük portreti və Üzeyir Hacıbəyli haqqında dediyi mənalı, mündəricəli sözləri canlanır: “Üzeyir Hacıbəyli fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”.

 

1995-ci ildə - Üzeyir Hacıbəylinin 110 illik yubileyi gecəsində deyilən bu sözlər əslində bəstəkarımızın həyat və yaradıcı fəaliyyətinin miqyasını, zənginliyini, rəngarəngliyini, möhtəşəmliyini özündə əks etdirmişdir. Bir çox musiqişünaslar, alimlər, bəstəkarlar, ədiblər Ü.Hacıbəylinin yaradıcılığı haqqında dəyərli sözlər demiş, məqalələr yazmış, kitablar nəşr etdirmişlər. Lakin ulu öndərimizin çıxışı tam fərqli olaraq, heç kimin dilə gətirmədiyi, qələmə almadığı elmi fikirlərlə, incə mənalarla, təhlil ilə süslənmişdir. Yadımdadır, yubiley gecəsindən hələ neçə gün keçdikdən sonra belə bəzi sənət dostlarımızla ulu öndərin çıxışını xatırlayır, mənəvi həzz alırdıq.

Bu çıxış həm də Azərbaycanın ulu rəhbərinin, görkəmli siyasi xadimin, böyük vətəndaşın Üzeyir Hacıbəyliyə verdiyi yüksək dəyər idi. Əslində Heydər Əliyevin xalqımızın digər görkəmli elm, ədəbiyyat, incəsənət xadimlərinə verdiyi qiymət həmişə yüksək olmuşdur. Lakin yubiley gecəsindəki çıxışda ulu öndərin dahi bəstəkarın xatirəsinə münasibətində xüsusi məhəbbət, ehtiram, müdrik səmimiyyət, fəxr duyulur. O çıxışın məftunedici cazibəsi də məhz bunda idi. Əlbəttə, dahi Heydər Əliyevin adı Üzeyir Hacıbəylinin ev-muzeyində həmişə - muzeyin fəaliyyətə başladığı ilk gündən - iftixar hissi ilə yad olunur. Axı bizim muzeyin yaranması, qurulması, fəaliyyətə başlaması da məhz ulu öndərimizin böyük, əhatəli, yaradıcı fəaliyyəti ilə bağlı olmuşdur.

Hələ 1949-cu ilin fevralında Ü.Hacıbəylinin vəfatından 3 ay keçdikdən sonra Azərbaycan hökuməti dahi bəstəkarın xatirəsini əbədiləşdirmək barədə qərar vermişdi. Lakin illər ötür, dövr dəyişir, qərar isə həyata keçirilmirdi. Azərbaycanda siyasi rəhbərlər dəyişsə də, dahi bəstəkarın xatirəsini əbədiləşdirəcək ev-muzeyin yaradılması heç cür mümkün olmurdu. 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gələn Heydər Əliyevin dəmir iradəsi, əzmi, bütün sahələri əhatə edə bilmək bacarığı, nəhayət, bu qərarın gerçəkləşməsinə təkan verdi. Ulu öndərin ölkəmizdə elm və mədəniyyətin inkişafına yetirdiyi diqqət, mədəniyyətin güzgüsü olan muzeylərin də fəaliyyəti və inkişafı üçün böyük zəmin yaratdı. Ölkəmizdə neçə-neçə yeni muzeylər yarandı, bərpa edildi, yenidən quruldu. Yeni yaranan hər bir mədəniyyət ocağı xalqın sevincinə, ruh yüksəkliyinə səbəb olurdu.

Bu baxımdan 1975-ci il noyabrın 20-də Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışı Bakı əhalisi arasında əsl bayram əhval-ruhiyyəsi yaratdı. Üzeyir Hacıbəylinin Bakıda, Moskvada və s. şəhərlərdə qeyd olunan 90 illik yubiley təntənələrinin davamı kimi açılışı da, Heydər Əliyev başda olmaqla respublikamızın görkəmli elm, incəsənət xadimlərinin iştirakı ilə baş tutdu.

Bakının qədim məhəllələrindən olan Kesxoveli (indiki Şamil Əzizbəyov) küçəsi o günə kimi belə izdihamın, belə təntənənin şahidi olmamışdı. Sadə insanlar, məhəllə sakinləri böyük rəhbərin iştirakı ilə keçən tədbirə qoşularaq dahi Üzeyir Hacıbəylinin ev-muzeyinin açılış mərasimini izləyirdilər. Rəsmi hissə başa çatdıqdan sonra muzeyin ziyarət anları yetişdi. Biz bu gün də fəxrlə qeyd edirik ki, Üzeyir Hacıbəylinin ev-muzeyinin yaradıcısı olmaqla ilk ziyarətçisi də Heydər Əliyevin özü olmuşdur. Yaxşı ki, o anları özündə əks etdirən kinoxronika, fotolar vardır. Muzeydə hər şeyə həssaslıqla, diqqətlə, məhəbbətlə baxan Heydər Əliyev sonra muzeyin alt mərtəbəsindəki salonda olmuş, nikbin bir ruhla söyləmişdir:

“Muzey çox gözəldir. Lakin bu muzey böyük Üzeyir Hacıbəylinin dühası ilə müqayisədə çox darısqaldır. Tezliklə qonşu həyətlərin hesabına bu muzeyi genişləndirmək, ətrafda park salmaq, buranı şəhərin musiqili mərkəzlərindən birinə çevirmək lazımdır...” Elə muzeydə bəzi göstərişlər verən ulu öndər Üzeyir Hacıbəylinin 100 illiyinə ciddi hazırlaşmağı tövsiyə etdi.

Ulu öndərin sözləri öz bəhrəsini vermiş oldu. Bir neçə ildən sonra qonşu həyətin sakinlərinə Bakının gözəl guşələrində yeni işıqlı mənzillər qismət oldu, boşalmış ərazi isə muzeyin ixtiyarına verildi.

Heydər Əliyevin muzeylərə qayğısı, görkəmli şəxsiyyətlərin ev-muzeylərinin yaradılmasında marağı bütövlükdə xalqımızın mədəniyyətini, nailiyyətlərini, toplum halda təcəssüm etdirmək, bütün dünyaya kimliyimizi, varlığımızı bariz nümayiş etdirmək idi. Çünki hər bir xalqın böyüklüyü, onun mədəniyyəti, elmi, incəsənəti ilə, həm də dahi şəxsiyyətləri ilə ölçülür.

Xalqının böyük oğullarını, görkəmli simalarını uca tutmaq, dəyərləndirmək - əslində Heydər Əliyevin özünün böyüklüyü, ucalığı idi. Bu bir sirr deyil ki, heç də hər siyasi rəhbər öz ölkəsinin tarixinə, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə səmimi diqqət, qayğı göstərə bilmir. Bu keyfiyyətlər ancaq xalqını, torpağını sevən, millətinin xoşbəxtliyini, uğurlarını, inkişafını ən ali məqsəd bilən, uzaqgörən böyük rəhbərlərə məxsusdur.

Bu gün bizim qəlbimiz qürur və iftixar hissilə döyünür. Çünki hamımız dahi Heydər Əliyevin müasiri kimi onu görmüşük, eşitmişik, sevmişik, onun gördüyü nəhəng quruculuq işlərinin şahidi olmuşuq. Bu quruculuq işləri bu gün də davam edir. Ulu öndərin bu müqəddəs amalını yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev cənabları öz əməlləri ilə, tükənməz enerjisi ilə bu yolu layiqincə davam etdirir. Bunu gündəlik həyatımızda, eləcə də ictimai fəaliyyətimizdə belə hiss etdirir.

2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi ərəfəsində, Prezident İlham Əliyevin sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəstəkarın ev-muzeyi əsaslı təmir edildi, muzeydə yenidənqurma və bərpa işləri aparıldı, muzey yeni avadanlıqla təchiz olundu. Əslində bütün bunlar ulu öndərin nurlu əməllərinin uğurla davam etdirilməsini göstərən bariz nümunələrdən biridir. Bu nümunələr isə minlərcədir.

Bu ilin sentyabrın 18-də Üzeyir Hacıbəylinin 130 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq. Bu günlər xalqımızın iftixarı, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edirik. Əslində tariximizin qızıl səhifələrində qərar tutmuş iki dahi şəxsiyyətin yolları bu gün də kəsişir, bu gün də adları qoşa çəkilir. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Üzeyir Hacıbəylinin şəxsiyyətinə və yaradıcılığına yüksək dəyər verməsi hər bir azərbaycanlının qəlbində ən gözəl hissləri təlatümə gətirir. “Üzeyir dünyası” layihəsi çərçivəsində görülən nəhəng işlər təqdir olunur, alqışlanır. Dahi bəstəkarın heç vaxt nəşr olunmayan əsərlərinin nəşri, onun həyat və yaradıcılığına həsr olunmuş yeni kitabların işıq üzü görməsi, dünyaya səs salan Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalları Heydər Əliyev Fondunun Üzeyir bəyin xatirəsinə ən gözəl töhfələridir.

İllər keçəcək, dövrlər dəyişəcək. Lakin Azərbaycan xalqının qəlbində, tarixində, mədəniyyətində əbədi qərar tutan dahi şəxsiyyətlər kəhkəşanında həm Üzeyir Hacıbəylinin, həm də ulu öndərimiz Heydər Əliyevin işıqlı xatirələri, böyük əməlləri günəş kimi daim parlayacaq, nur saçacaqdır.

 

Sərdar Fərəcov,

Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar, Əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 7.